Islam nədir?
Islamın yaranması.
İslam dininin ən gözəl və ən doğru tərifini Məhəmməd peyğəmbər (s.ə.s) Cəbrayılın (Allahın əmrlərini peyğəmbərlərə çatdıran ən böyük mələk, Ona salam olsun) “İslam nədir?” sualına verdiyi cavabda bildirmişdir ki; “İslam – özünə heç bir varlığı (heç nəyi) şərik qoşmayaraq Allaha qulluq etmək ( təslim olmaq, itaət etmək), namaz qılmaq, fərz olan zəkatı vermək, ramazan orucunu tutmaqdır.
İslam dini Məhəmməd peyğəmbərin (s.ə.s) Allah tərəfindən elçi olaraq göndərilməsindən sonra təşəkkül tapmağa, tanınmağa və yayılıb möhkəmlənməyə başladı. Çünki, Allah Təala Məhəmməd peyğəmbərdən (s.ə.s) də əvvəl, insan nəslini yaradandan bu dünya həyatında xoşbəxt, səadət içərisində olmaq, rahat yaşamaq üçün insanlara onları yaxşılığa dəvət edən peyğəmbərlər göndərmişdir. Məhəmməd peyğəmbər (s.ə.s) məhz bu peyğəmbərlərin sonuncusu, islam dininin son və kamil formasını tamamlayan bir peyğəmbər oldu. Digər peyğəmbərlər müəyyən bir xalqa, bir qəbiləyə, bir nəsilə, bir tayfaya, bir rəiyyətə göndərilmişdirsə, Məhəmməd peyğəmbər (s.ə.s) dünyanın sonuna qədər gələcək bütün xalqlara və millətlərə peyğəmbər olaraq göndərildi. O, islam dininin ən tam, kamil formasını qiyamətə qədər gələcək insanlara çatdırdı. Artıq Qiyamət gününə qədər yer üzərindən insanlara peyğəmbər göndərilməyəcək, bütün insanlıq yalnız onu tanımaqla səadətə çatacaq.Allah Təala yaratdıqlarının ən xeyirlisini insanlığa, Onun risalətinə ən çox ehtiyac olduğu bir vaxtda göndərdi. Kitab əhli dinlərini dəyişdirib təhrif etdikdən sonra, dinə şiddətlə ehtiyac duyduqları bir vaxtda göndərdi. Bəşəriyyət şirkin və cahilliyin qaranlığında boğulmuşdu. Allah qulu Məhəmmədi (s.ə.s) bütün insanlara peyğəmbər olaraq göndərdi. Allah Təala buyurur:“- (Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!”[1]Məhəmməd peyğəmbər (s.ə.s) onları müxtəlif ilahlara ibadət edən gördü. Bəziləri ağaclara ibadət edir, bəziləri daşlara, Günəşə, Aya, ulduzlara, mələklərə, cinlərə, Məryəmin oğlu İsaya, qəbirlərə və vəlilərə ibadət edirdi. Allahdan başqa onlara dua edir, onlardan kömək istəyirdilər. Bəlaların və sıxıntıların dəf edilməsi üçün onlara sığınırdılar. Yaxşılıq və fayda əldə etmək üçün onlara yönəlir, onlar üçün qurban kəsib nəzir verirdilər. Onları; dualarını Allaha yüksəldən, Allaha yaxınlaşdıran vasitələr kimi qəbul edirdilər.Onları aralarındakı anlaşmazlığın həllində kahinlərə, sehrbazlara, cadugərlərə gedən gördü. Fahişəliyi və haramları yayır, qonşularla pis davranır və qohumluq əlaqələrini kəsirdilər. Halala, harama baxmadan mal əldə edirdilər.Faiz və ticarət onlar üçün bir idi. Allahın rəsulu (s.ə.s) isə insanları Allahdan başqa ibadət edilməyə layiq ilah olmadığına, Məhəmmədin (s.ə.s) onun rəsulu olduğuna şəhadət etməyə dəvət etmək üçün gəldi. Duada, qurbanda, nəzirdə, kömək istəmədə, sığınmada, fayda istəmədə, pisliyi dəf etmədə, təvafda, səcdədə və bu kimi digər müxtəlif ibadət növlərində Allahı təkləmək kimi bu şəhadətin əhatə etdiyi hər şeyi onunla birlikdə gətirdi. Allah Təala buyurur:“- Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!”[2] və belə buyurur:“- (Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!”[3]Başqa bir ayədə Allah Təala buyurur:“- (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!”[4]İbn Cərir, İbn Abbasın (r.a) belə dediyini rəvayət edir: “Əbu Talib xəstələndikdə aralarında Əbu Cəhilin də olduğu Qureyşin nüfuzlu insanları onun yanına getdilər. “ Qardaşının oğlu ilahlarımıza söyür, belə-belə edir, belə sözlər deyir. Onun yanına birini göndər və bundan uzaqlaşdır ki, ondan və ilahından əl çəkək” dedilər. Əbu Talib Allahın rəsuluna belə dedi: “Ey qardaşımın oğlu! Qövmünə nə olub ki, səndən şikayət edir, onların ilahlarına söydüyünü iddia edirlər”. Allahın rəsulu (s.ə.s) belə buyurdu: “Ey əmi! Mən onlardan tək bir kəlimə demələrini istəyirəm. O sözü desələr ərəblər onlara boyun əyər, bu söz ilə əcəmlər (qeyri ərəblər) onlara cizyə verər”. Əbu Cəhil: “On dəfə deyərik” dedi. Allahın rəsulu (s.ə.s): “ La ilaha illallah / Allahdan başqa ilah yoxdur deyin” buyurdu. Bundan sonra qışqıraraq və paltarlarını silkələyərək qalxdılar: “İlahları bir ilahmı etdi? Doğrusu bu təəccüblü bir işdir” dedilər”.Onlar bu sözün mənasını, onun insanı həm ibadətində, həm sosial əlaqələrində, həm əxlaqında, ümumiyyətlə bütün həyatında islamın gətirdiyi yeni bir şəkildə olacağını bilirdilər. Allah Təalanın bu sözü buna işarə edir:“162 - De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! 163 - Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”[5]Bu məna müşriklərin deməkdən qaçdığı Lə ilaha illallah (Allahdan başqa ilah yoxdur) haqq sözdür. Allahın rəsulu (s.ə.s) insanların hamısını bu uca mənaya dəvət etdi. Bütün bəşəriyyət tarixinin ən uca vəzifəsi olan bu uca vəzifəni yerinə yetirdi. İnsanı ən uca məqamlara yüksəldən və axirətdə bitib tökənməyən əbədi xoşbəxtçiliyə qovuşduran doğru bir dinə çağırdı. Bir qrup mömin onun dəvətinə cavab verdi. Müşriklər onlara atəşlə yandırma, qızğın quma basdırma kimi şiddətli işgəncələr verdilər. Üç qrup insan Allah rəsulunun (s.ə.s) dəvətinə cavab vermədi: Həqiqəti bildikləri halda kibirli olduqları üçün inkar edənlər, qısqanclıqdan yananlar və cahil nadanlar. Bu üç qrup Allah yolundan uzaqlaşdırmaq üçün sınamadıqları yol və vasitə qoymadılar. Allah Təala buyurur:“- Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.”[6]Miladi tarixlə 610-cu ildə özünə vəhy gələn Məhəmməd peyğəmbər (s.ə.s), gətirdiyi yeni dəvətin Məkkədəki dini və ictimai adət-ənənələri sarsması səbəbilə ilk əvvəl gizli təbliğ etdi və üç il müddətində yaxın qohum-əqrabalarını dinə dəvət etməklə kifayətləndi. Dördüncü ildən etibarən müəyyən bir saya və güvənmə halına çatan ilk müsəlman camaat özünü tanıtdıqdan sonra Məkkəli müşriklərin şiddətli hücum və işgəncələrinə məruz qaldı. Bunu müşahidə edən Məhəmməd peyğəmbər (s.ə.s) istəyən müsəlmanların Həbəşistana hicrət etməsinə icazə verdi (615-616- cı illər). Məkkədə qalan müsəlmanlar müşriklərin təzyiq və hücumları ilə bərabər üç il, 617-620- ci illər cəmiyyətdən təcrid edilmiş bir şəkildə həm sosial, həm də ekonomik baykot və mühasirə altında yaşadı. İslamın Məkkədə təbliğinə və möhkəmlənməsinə imkan olmadığını görən Allah rəsulu (s.ə.s) Mədinəlilərlə etdiyi birinci və ikinci Aqabə beyətlərindən sonra özlərinə himayə vəd edən Yəsribə (Mədinəyə) hicrət etmələri üçün səhabələrinə icazə verdi. Daha sonra da özü Əbu Bəkrlə birlikdə Mədinəyə hicrət etdi və islam tarixində yeni bir dövr başlandı. Bu dövr hicrət dövrü olaraq tanınır.Lüğətdə “tərk etmək, ayrılmaq, əlaqəsini kəsmək” mənasına gələn həcr (hicran) məsdərindən isim olan “hicrət – insanın hər hansısa bir şeydən bədənlə, dillə və qəlblə ayrılıb uzaqlaşması” deməkdir. Amma bu kəlimə daha çox “bir yerin tərk edilərək başqa bir yerə köç edilməsi” kimi istifadə olunur. Bununla yanaşı bu söz ümumi mənada qeyri müsəlman ölkəsindən islam ölkəsinə köçməyi, xüsusi olaraq isə Məhəmməd peyğəmbərin (s.ə.s) və Məkkəli müsəlmanların Mədinəyə köçməsini ifadə edir. Mədinəyə köçən müsəlmanlara mühacir, Allah rəsuluna (s.ə.s) və mühacirlərə kömək edən Mədinəli müsəlmanlara da ənsar adı verilmişdir. Qurani Kərimdə hicrət kəliməsi olmamaqla bərabər otuz bir yerdə həcr kökündən gələn müxtəlif sözlər keçir. Bunlar istifadəsinə görə “Quranı tərk etmək” [7], “bir insandan və ya qrupdan ayrılmaq”[8], “xoşagəlməz işləri tərk etmək”[9] və öz mənasına uyğun olaraq “Allah xatirinə başqa bir yerə köçmək”[10], mənalarına gəlir. Hicrət edən insan olaraq da mühacir, cəm formada isə mühacirin, mühacirat sözləri istifadə olunur.[11]
[1] Qurani Kərim (Tərcümə Vasif Məmmədəliyev və Ziya Bünyadovundur) , əl-Əraf (Sədd) surəsi, 158-ci ayə[2] Qurani Kərim , əl-Cinn (Cinlər) surəsi, 18-ci ayə[3] Qurani Kərim , əl-Ənam (Davar) surəsi, 151-ci ayə[4] Qurani Kərim , əl-Ənam (Davar) surəsi, 145-ci ayə[5] Qurani Kərim , əl-Ənam (Davar) surəsi, 162, 163-cü ayələr[6] Qurani Kərim , əs-Saff (Səf) surəsi, 8-ci ayə[7] Qurani Kərim, əl-Furqan (Fərqləndirmə) surəsi, 30- cu ayə “ - Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək”.[8] Qurani Kərim, ən-Nisa (Qadınlar) surəsi, 34-cü ayə “ - Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!Məryəm surəsi, 46-cı ayə “ - (Atası Azər İbrahimə) dedi: “Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər (onlara qarşı pis hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm (yaxud səni təhqir edib acı sözlər deyəcəyəm). Bir müddət məndən uzaq ol (gözlərim səni görməsin)!”[9] Qurani Kərim, əl-Muddəssir (Bürünüb sarınan) surəsi, 5-ci ayə, “ - (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)”[10] Qurani Kərim, əl- Bəqərə surəsi, 218-ci ayə, “- Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir!”Ali İmran surəsi, 195-ci ayə, “- Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!”ən-Nisa (Qadınlar) surəsi, 89-cu ayə, “- Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda (Məkkədən) hicrət etməyənə qədər onlardan (özünüzə) dost tutmayın! Əgər onlardan (tövhiddən və hicrət etməkdən) üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!” 97-ci ayə, “- Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: “Siz (hicrət zamanı) nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif (aciz) kəslər idik.” (Mələklər də onlara: ) “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!”ət-Tovbə (Tövbə) surəsi, 20-ci ayə, “- İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır).”[11] Qurani Kərim, ən-Nisa (Qadınlar) surəsi, 100-cü ayə, “- Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!”ət-Tovbə (Tövbə) surəsi, 100-cü ayə, “- (İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!” – 117-ci ayə, “- Allah (müsəlmanlardan) bir qismini ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və cihaddan) dömək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu (onları bağışladı). Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir.”ən-Nur (Nur) surəsi, 22-ci ayə, “- Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!”əl-Mumtəhinə (İmtahana çəkilən qadın) surəsi, 10-cu ayə, “- Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib möminlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”
Müsəlmanlara və Məhəmməd peyğəmbəri (s.ə.s) qoruyan Haşimoğullarına qarşı tədbiq olunan üç illik baykotun ardından Əbu Talibin ölümü müşriklərə fürsət verdi və məhz Məhəmməd peyğəmbər (s.ə.s) də bir çox həqarətə və sataşmağa hədəf oldu. Belə bir şəraitdə islamı təbliğ edə bilməyəcəyini başa düşən Allah rəsulu (s.ə.s) Taifə gedərək başqa bir yerdə dəvətini sınasa da çox sərt bir narazılıqla qarşılaşdı və Məkkəyə qayıtmaq məcburiyyətində qaldı. Taiflilər və digər qəbilələr Allah rəsulunu (s.ə.s) rədd etsə də Mədinədən gələnlərin daha ilk görüşmədə islama girmələri və hər cür sıxıntı və təhlükələri gözə alaraq şəhərin qapılarını ona açmalarının, yəni Mədinənin hicrət yeri olmasının səbəb və hikməti üzərində durmaq lazımdır. İslam dininin təşəkkül tapmağa başladığı dövrlərdə Mədinədə olan Evs və Həzrəc qəbilələri arasında çox qədimlərə dayanan şiddətli bir düşmənçilik var idi. 120 il boyu bir-biri ilə tez-tez döyüşən bu iki qəbilə arasında olan son döyüş hicrətdən beş və ya altı il əvvəl Buas adlanan yerdə cərəyan etmiş və hər iki tərəfdən çox sayda insanlar ölmüşdü. Həm Buas, həm də daha əvvəl olan döyüşlər bir çox ocağın sönməsinə yol açdığı üçün Həzrəc və Evs islamı tanıdıqda bu yeni din sayəsində aralarındakı düşmənçiliyin qalxacağını ümid etmişdi.Mədinədəki müsəlmanlar Məhəmməd peyğəmbərin (s.ə.s) Məkkədən ayrılacağını öyrənmiş, amma gecikdiyini gördükdə əndişələnməyə başlamışdılar. Bundan ötrü hər səhər Məkkə yolu üzərindəki Harra mövqeyinə çıxıb gün yüksələnə qədər gözləyir, hərarət artdıqda isə ümidlərini kəsərək evlərinə qayıdırdılar. 8 Rəbiələvvəl (20 Sentyabr 622) Bazar ertəsi günü də belə etmiş və geri qayıtmışdılar. Ancaq qısa bir müddətdən sonra üçqatlı bir evin damına çıxan bir yəhudi qızı, üfüqdə Mədinəyə doğru gələn bir qafilə gördükdə bunların gözlənən qonaq olduğunu başa düşdü və qışqıraraq vəziyyəti elan etdi.[1]Məkkədə əziyyət daha da artdı. İslam dinini boğmağa yönələn hərəkətlər şiddətləndi. Müşriklər Allah rəsulunu (s.ə.s) öldürmək üçün Məkkədə gizlicə yığışıb plan qurdular. Bundan sonra Cəbrayıl Allah rəsulunun (s.ə.s) yanına gəlib buyurdu: “Allah sənə Mədinəyə hicrət etməyin üçün icazə verdi. Səni öldürməmələri üçün bu gecə yatağında yatma.” Müşriklər bir vuruşla onu öldürmək üçün qapısının önündə gözlədilər. Allahın rəsulu (s.ə.s) Yasin surəsinin ilk ayələrini oxuyaraq yanlarından keçdi və başlarının üstünə torpaq atdı. Allah Təala onların güzlərini bağladı və onlar Rəsulullahı (s.ə.s) görmədilər. Mürgüləməyə başladılar. Peyğəmbərimiz (s.ə.s) dostu ilə bərabər Sevr mağarasında üç gün gizləndi. Qureyşlilər onları hər yerdə axtardı və mağaranın önünə qədər izlərini təqib etdilər. Dostu Əbubəkr (Allah ondan razı olsun): “ Ey Allahın rəsulu! Onlardan biri ayağımıza baxsa bizi görəcək” deyincə Allahın rəsulu (s.ə.s): “Üçüncüsü Allah olan iki kişiyə nə olacağını zənn edirsən?” dedi. Allah rəsulunun (s.ə.s) hicrəti müsəlmanlar üçün bir qələbə idi. Beləliklə Allah Məkkədə islamı yox etməyi planlayan və Allahın rəsulunu (s.ə.s) öldürə biləcəklərini zənn edən müşriklərin hiylələrini və oyunlarını pozdu. Allah Təala belə buyurur: “- (Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!”–dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!”[2]Qurani-Kərim, Məhəmməd peyğəmbərdən (s.ə.s) əvvəlki dövrlərdə də peyğəmbərlərin və onlara inanan insanların kafirlərə görə hicrət etməyə məcbur olduqlarından və bunların inancları uğrunda yurdlarını tərk edib başqa yerlərə getmələrindən bəhs edir. İbrahim peyğəmbər (ona və ailəsinə salam olsun) qövmünün özünü odda yandırma təşəbbüsünün ardınca “- Bunda sonra Lut (hamıdan əvvəl İbrahimə) iman gətirdi (onun peyğəmbərliyini təsdiq etdi). (İbrahim) dedi: “Mən (qövmümü tərk edib) Rəbbimin əmr etdiyi yerə (Kufənin Kusa kəndindən Hərrana, oradan da Fələstinə) hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!”[3] demiş və əvvəl Fələstinə, sonra Misirə, daha sonra da Kənan diyarına yerləşmişdi. İbrahim peyğəmbərlə (ə.s) bərabər Fələstinə qədər bu hicrətə qatılan Lut peyğəmbər (ə.s) peyğəmbərlik vəzifəsini yerinə yetirərkən kafirlərin azğınlıq və əxlaqsızlıqları qarşısında Allah Təaladan aldığı əmrlə bir gecə vaxtı inananlarla bərabər yurdundan çıxmış, geri qayıdıb baxmadan istənilən yerə getmişdi: “- (Lut) dedi: “Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim (alınmaz bir qalaya və ya güclü bir qəbiləyə pənah apara biləydim)!” - (Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?”[4]“- Gecənin bir vaxtı (sonuna yaxın) ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın (çünki kafirlərə veriləcək dəhşətli əzabı gördükdə halınız pis olar). Sizə əmr olunan yerə gedin!”[5] - (Şüeyb) tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü əyanları: “Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” – dedilər. (Şüeyb) belə cavab verdi: “(Dininizə) nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcəksiniz)?[6] Beləliklə qövmünün böyükləri Şueyb peyğəmbəri və ona inananları hicrətə məcbur etmişdilər. Musa peyğəmbər (ə.s) Allahın əmri ilə gecə vaxtı Misirdən yola çıxardığı İsrailoğullarını köçürməyi bacarmış, arxalarınca düşən Firon və ordusu isə dənizdə boğulmuşdu. “- İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarılarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!” – dedi.”[7] “ - (İzzət və cəlalıma) and olsun ki, Biz Musaya belə vəhy etdik: “Qullarımla gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru bir yol aç. (Fironun) sizə yetişməsindən qorxma, (suya qərq olmaqdan da) əndişəyə düşmə!” - Firon öz ordusu ilə onları təqib etdi, dəniz də (şahə qalxan dalğaları ilə) onları (onun əsgərlərini) çulğayıb qərq etdi, özü də necə!”[8] “52 - (Sonra) Musaya belə vəhy etdik: “Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fironun ordusu tərəfindən) təqib ediləcəksiniz!” 53 - Firon şəhərlərə (əsgər) yığanlar göndərdi. 54 - (O, belə deyirdi: ) “Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır! 55 - Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər). 56 - Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!” 57 - Nəhayət, Biz onları (Fironu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq. 58 - Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik. 59 - (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. 60 - (Firon və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər. 61 - İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!” 62 - (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” 63 - Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu. 64 - O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq). 65 - Musa və onunla birlikdə olanların hamısını xilas etdik. 66 - O biriləri (Firon tayfasını) isə suya qərq etdik. 67 - Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Firon tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi.”[9] Bu kimi ayələrə dayanaraq hicrətin bütün peyğəmbərlərin həyatında baş verdiyini demək olar. Kafirlərdən görülən əziyyət və hücumlar, haqq dini təbliğ etmə imkanının ortadan qalxmış olması onları köçmək məcburiyyətində qoymuşdur. Necə ki, İbrahim surəsində Məkkəlilərdən əvvəlkilərin, Nuh, Ad və Səmud qövmlərinin və onlardan sonrakıların qıssaları rəvayət olunarkən kafirlərin peyğəmbərlərinə hansı münasibətdə olduğunu görürük:“9 - Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, (saylarını və təfsilatını) ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini (heyrətlərindən, qəzəblərindən özlərinin, yaxud danışmağa imkan verməmək üçün peyğəmbərlərin) ağızlarına qoyub: “Biz sizinlə göndərilənlərə (möcüzələrə və peyğəmbərliyinizə) inanmırıq və bizi dəvət etdiyiniz (din) barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!” – demişdilər. 10 - Peyğəmbərləri də (onlara) belə cavab vermişdilər: “Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! (Allah) günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər (ömrünüzün sonuna kimi) möhlət vermək (sizi əzabla deyil, öz əcəlinizlə öldürmək) üçün imana dəvət edir”. Onlar demişdilər: “Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyirsiniz. (Əgər bacarırsınızsa, sizin ibadət etdiyiniz Allahın haqq, bizim tapındığımız bütlərin isə batil olmasını sübut edən) açıq-aşkar bir dəlil gətirin!” 11 - Peyğəmbərləri onlara cavab verərək demişdilər: “(Bəli) biz də sizin kimi adi bir insanıq. Lakin Allah Öz bəndələrindən dilədiyinə nemət (peyğəmbərlik) bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil (möcüzə) gətirə bilmərik (buna qüdrətimiz çatmaz). Möminlər yalnız Allaha təvəkkül etsinlər! 12 - Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını) göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik? (Sizi Allahın haqq yoluna dəvət etdiyimizə görə) bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər! 13 - Küfr edənlər peyğəmbərlərinə dedilər: “Ya sizi yurdumuzdan çıxarıb qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!” Rəbbi də onlara (peyğəmbərlərə) belə vəhy etdi: “Biz o zalımları mütləq məhv edəcəyik!”[10]Yuxarıda da işarə etdiyimiz kimi Məhəmməd peyğəmbər (s.ə.s) və ona inananlar da daha əvvəlki peyğəmbərlər və ümmətlərinin aqibətinə məruz qaldılar. Məkkə müşrikləri Allah rəsuluna qarşı islam dinini təbliğ etməyə başladığı gündən etibarən mənfi münasibət bəslədilər. Bu münasibət sadəcə islamı rədd etməkdən ibarət olmadı; Məhəmməd peyğəmbər ələ salındı, ona inananlara təzyiqlər edildi. Bu təzyiqlər islam dininin Məkkədə yayılmağa başlamasından sonra əziyyət və işgəncəyə çevrildi. Hətta Əmmar ibn Yasirin atası Yasir və anası Sümeyyə işgəncə ilə öldürüldü. Əmisi Əbu Talib tərəfindən himayə edildiyi üçün bu cür əziyyətlərə uğramasa da səhabələrinin başına gələnlərə son dərəcədə üzülən və işgəncələri də əngəlləməyə gücü çatmayan peyğəmbər (s.ə.s) aralarında Osman (r.a) və həyat yoldaşı Ruqiyyə (Məhəmməd peyğəmbərin (s.ə.s) qızı), Cəfər ibn əbu Talib və xanımı Ümeysin qızı Əsma, Osman ibn Məzun, Zubeyr ibn Avvam, Xalid ibn Said və xanımı Xalidin qızı Ümeymə, Abdullah ibn Çahş, Abdullah ibn Məsud, Abdurrahman ibn Avf, Əbu Ubeyda b Cərrah, Musab ibn Umeyr kimi məşhur insanların da olduğu bir qrup müsəlmanın Həbəşistana getməsinə icazə verdi. Həbəşistan Nəcaşisi Əshamənin səmavi dinə mənsub ədalətli bir hökmdar olması və ərəb dilini bilməsi hicrət üçün Həbəşistanın seçilməsində əsas səbəb təşkil edirdi. On bir kişi və dörd qadından təşəkkül tapan müsəlman birliyi 615-ci ildə Məkkədən Şueybə limanına, oradan da Həbəşistana getdilər. Bu hicrət Məhəmməd peyğəmbərin (s.ə.s) hələ təbliğinin ilk illərində Afrika ilə təmasa keçməsini təmin etdi. İlk mühacirlərin yaxşı qarşılanmasından sonra ikinci hicrətə (616-cı ildə) yetmişdən çox müsəlman qatıldı. Beləliklə Həbəşistana hicrət edənlərin sayı ibn İshaqın qeydinə görə qadın və uşaqlar xaric səksəni keçir və cəmi 108 nəfərə çatır. Balazurinin tərtib etdiyi cədvələ görə mühacirlərin sayı 109-a çatır. Mühacirlərin sayının artmağından əndişəyə görə qureyşlilər Əshamə ən-Nəcaşiyə bir heyət göndərib müsəlamanların geri qayıtmağını istədilər. Tərəfləri dinləyən Nəcaşi müşriklərin təklifini rədd etdi. Müşriklər heç bir nəticə əldə etmədikdə bunun intiqamını Məkkədə qalan müsəlmanlardan aldılar. Onlar Bədr döyüşündə məğlub olduqdan sonra Əshamə ən-Nəcaşiyə ikinci dəfə elçi göndərdilər, amma yenə də heç bir nəticə əldə etmədilər. Həbəşistanda qalan sonuncu müsəlman birliyi daha sonra yenə öz arzularıyla və Nəcaşinin hazırladığı gəmilərlə əvvəl Car limanına gəldilər, oradan da Mədinəyə hərəkət etdilər. Allahın rəsulu (s.ə.s) Xeybərin fəthi zamanı hüzuruna çıxan mühacirlər arasında Cəfər ibn Əbu Talibi gördükdə çox sevinmişdi.[11] Ədəbiyyat siyahısı1. Qurani Kərim (Tərcümə Vasif Məmmədəliyev və Ziya Bünyadovundur), Bakı-2005, Abu Bakr məscidi.2. İslam Ansiklopedisi, TDV, İstanbul ,1998.3. Mekke ve Medineden hutbeler, Şeyh Abdulmuhsin bin Muhammed el-Kasım, Mescidi Nebevi imam ve hatibi, Çeviren İsmail Yaşa, E-Mail için (((—@ Dayıoğlu @—))) www.salaf.de, www.khutab.org, www.medineokulu.org, www.ikraislam.com, www.musluman.biz, www.islah.de
[1] İslam Ansiklopedisi, TDV, İstanbul ,1998, cilt 17, Hicret, səh 458-466[2] Qurani Kərim, ət-Tovbə (Tövbə) surəsi, 40-cı ayə[3] Qurani Kərim, əl-Ənkəbut (Hörümçək) surəsi, 26-cı ayə.[4] Qurani Kərim, Hud surəsi, 80-81-ci ayələr.[5] Qurani Kərim, əl-Hicr (Daşlı sahə) surəsi, 65-ci ayə.[6] Qurani Kərim, əl-Əraf (Sədd) surəsi, 88-ci ayə.[7] Qurani Kərim, Yunus (Yunis) surəsi, 90-cı ayə.[8] Qurani Kərim, Taha surəsi, 77-78-ci ayələr.[9] Qurani Kərim, əş-Şuəra (Şairlər) surəsi, 52-67-ci ayələr.[10] Qurani Kərim, İbrahim surəsi, 9-13-cü ayələr.[11] İslam Ansiklopedisi, TDV, İstanbul 1996




