Təxminən bir ay sonra müqəddəs Həcc yolçuluğu başlayır

Müsəlmanların müqəddəs Ramazan ayı başa çatıb, təxminən bir ay sonra isə müqəddəs Həcc ziyarəti başlayır. Hər il olduğu kimi bu il də azərbaycanlılar müsəlmanların müqəddəs yerlərini ziyarət edəcək.
Qafqaz Müsəlmanları idarəsi onların səfəri üçün bütün hazırlıqları başa çatdırıb. Bu dəfə də zəvvarlar Səudiyyə Ərəbistanına avtobus və təyyarələrlə gedəcək.
Dünya müsəlmanları, o cümlədən də azərbaycanlı möminlər müqəddəs sayılan Həcc ziyarətinə hazırlaşır. Qafqaz Müsəlmanları idarəsindən (QMİ) ANS-ə verilən məlumata görə, bu il Səudiyyə Ərəbistanı höküməti ölkəmizdən 6 min möminin ora getməsinə və müqəddəs yerləri, o cümlədən Mədinə şəhərini ziyarət etməsinə icazə verib.
Avtobusla gedənlər ölkəni dekabrin 2-dən 5-nə, təyyarə ilə isə dekabrin 9-dan 13-nə kimi tərk edəcək. Ümümiyyətlə isə ziyarət müddəti 18 gündür.
QMİ-dən bildirirlər ki, avtobusla ziyarət üçün nəzərdə tutulmuş 3 min nəfərlik plan artıq dolub. Təyyarə ilə ziyarətə getməsi planlaşdırılan eyni sayda vətəndaşdan isə 1300-ü qeydiyyatdan keçib. Qeyd edək ki, avtobusla ziyarətə getmək 1460 manata başa gəlir. Təyyarə ilə ziyarət isə bundan bir qədər bahadir. Belə ki, zəvvarlar həc ziyarətində neçə nəfərlik otaqda qalacaqlarından asılı olaraq 2280 manatdan 4380 manata qədər pul ödəyir. Bu pula əsasən, yol və mehmanxana xərcləri daxildir.
Zəvvarlar ziyarət müddətində 10 gün Məkkə, 3 gün isə Mədinə şəhərindəki mehmanxanada qalacaq. Bundan başqa, onlar həm də Səudiyyə Ərəbistanı ərazisinə daxil olduqlarina görə, bu ölkənin hökümətinə xüsusi vergi, yəni torpaqbasdı ödəyəcəklər. QMİ-dən bildirirlər ki, bu vergi 120 dollardan 240 dollara qədər ola bilər. Onun konkret məbləği sonradan məlum olur. Ona görə də əvvəlcədən dəqiq məbləğ demək bir qədər çətindir.
Zəvvarların Qafqaz müsəlmanları idarəsinə ödədiyi vəsaitə isə yemək xərcləri və ziyarət müddətində kəsiləcək qurbanın pulu daxil deyil. Bu pulu onlar özləri ziyarət vaxtı öz cibindən verməlidir. Amma həcc ziyarətinə getmək istəyənlərin arzusunu təkcə QMİ reallaşdırmır. Bu işlə həm də idarənin məsləhət bildiyi, Mədəniyyət və Turizm nazirliyindən lisenziya alan 9 özəl şirkət məşğul olur. /ANS TV/




