Bayram günündə İraqda partlayışlar törədilib
Alış-veriş edən sakinlərdən 7-i ölüb, 50 nəfər isə yaralanıb
Ramazan bayramı ərəfəsində İraqda yenə də partlayışlar törədilib.
İraqın Kərkük şəhərində alış-veriş mərkəzi qarşısında içərisində kamikadzenin olduğu avtomobilin partladılması nəticəsində 7 iraqlı ölüb 50 nəfər yaralanıb. Ölən və xəsarət alanların əksəriyyəti müqəddəs Ramazan bayramı münasibətilə alış-verişə gələn dinc sakinlər olub.
Rəsmilərin verdiyi məlumata əsasən, partlayışın əsas hədəfi ərazidə növbə çəkən polis dəstəsi olub. Ölənlər arasında 3 polis nəfərinin də olduğu bildirilir. İnsidentdən sonra başlayan yanğın nəticəsində bir neçə dükan və iaşə obyekti də yanaraq sıradan çıxıb. Hadisə nəticəsində yaralananlar xəstəxanaya çatdırılıblar. Həkimlər ölü sayının aratacağını itsisna etməyib.
Qeyd edək ki, Kərkük hazırda İraqın daxilində qızğın münaqişə ocaqlarından biri hesab edilir. Belə ki kürdlər türkman, kürd və ərəb mənşəli insanların yaşadığı vilayəti özününküləşdirərək İraqdakı 3 kürd vilyətinə birləşdirmək istəyirlər. Vilayətin yerli sakinləri türkmanlar və ərəblər isə Şimalı İraq kürd rəhbərliyinin bu addımını ədalətsizlik kimi qiymətləndirir və vilayətin gələcək statusu ilə bağlı bu ilin sonuna planlaşdırılan referendumun ləğv edilməsini tələb edirlər.
Gərginliyin müşahidə edildiyi regionda Diyala vilayətində Əl Qaidə qruplaşmasına qarşı keçirilən hərbi əməliyyatdan sonra qarşıdurmalar daha da intensivləşib. Kürdlərin əraziyə iddia etməsinin əsas səbəbi Kərkükdə zəngin neft yataqlarının olmasıdır.
Bayram ərəfiəsində daha bir partlayış paytaxt Bağdadda törədilib. Çayxanalardan birinə kamikadzenin daxil olaraq özünü partlatması nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb. İraq Müdafiə və Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən çayxanada əsasən dinc sakinlər olub.
Yeni Bağdad məhəlləsində baş verən partlayışın hansı radikal qruplaşma tərəfindən təşkil edildiyi məlum deyil./ANS TV/















