Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun Beynəlxalq dini azadlıqla bağlı hesabatının Azərbaycana aid hissəsinə dair rəy hazırlayıb.
Dövlət Komitəsindən APA-ya daxil olan rəydə bildirilir ki, hesabatda kifayət qədər dəqiqləşdirilməmiş məlumatlar yer alıb. Komitə sözügedən qurumun hesabatlarının Azərbaycana aid hissəsi kifayət qədər etibarlı olmayan mənbələrdən götürdüyünü və müvafiq qaydada yoxlanılmayan məlumatlar əsasında hazırlandığını qeyd edir: “Hesabatda Azərbaycanda dini durumun obyektiv təhlilinə kifayət qədər yer verilməyib. Hesabatda yalnız təhlilə oxşayan ümumi sözlər və qiymətləndirmələr öz əksini tapıb, bundan əvvəlki köhnə məlumatlardan istifadə edilib. Hesabatdakı bəzi bölmələrində onun məhz hansı konkret dövrü əhatə etdiyi məlum olmur. Belə ki, hesabatda əsasən 2006-2007-ci illərdən söhbət getsə də, bir neçə yerdə 2004-2005-ci illərə aid olan və artıq həllini tapmış məsələlərdən bəhs edilir”. Həmçinin, dövlət komitəsi hesab edir ki, hesabatda bəzi dini icmaların, o cümlədən də Əliabad və Neftçala dini icmalarının qeydə alınmasından imtina edilməsinin göstərilməsində yanlışlığa yol verilib: “Əgər hansısa bir dini qurum qeydiyyatdan keçməyibsə, bunun qanuni əsasları olub. Belə problemlər dövlət komitəsi ilə deyil, dini qurumların özləri ilə bağlıdır”. Dövlət Komitəsi tərəfindən açıqlanan rəydə xristianlığı qəbul etmiş valideynlərin doğulmuş uşaqlarına xristian mənşəli adlar qoyulduğu üçün guya həmin uşaqlara doğum haqqında şəhadətnamələrin verilməməsi ilə bağlı məsələyə də toxunulub. Komitədən hesab edirlər ki, indiyə kimi belə bir hadisənin baş verməsi barədə nə məhkəmə instansiyalarına, nə də başqa müvafiq dövlət orqanlarına rəsmi şikayətlər daxil olmayıb: “Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, bəzi hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdikləri şəxslər arasında dini baxışlarına görə məhkum edilənlər yoxdur”. /APA/






