II İohan Pavel, dua edən dindarların gözünə görünüb
Dindarlar ocağın ətrafında dua edərkən alovlar formasını dəyişərək xalqı salamlayan papa siluetinə dönüb
Vatikan, II İohan Pavelin yanan ocaqda görünərək xalqı salamladığı iddia edilən foto şəklini Katoliklərə təqdim edib. Foto şəkil 6 ay əvvəl çəkilsə də, Vatikan bu barədə indiyə qədər susub. İddiaya görə bir qrup polşalı dindar II İohan Pavelin ölüm ildönümü tədbirində ocağın ətrafında dua edərkən, alovlar formasını dəyişərək xalqı salamlayan papa siluetinə dönüb. Bunu görən dindarlar daha da bərkdən dua etməyə başlayıblar.
Polşalı Qriqor Lukasik hadisənin fotoşəklini çəkib və bunu kəndin keşişinə verib. Daha sonra şəkil əldən ələ keçərək Vatikanın əlinə düşüb. Vatikan mətbuat mərkəzindən bir vəzifəli şəklin montaj olub olmadığını araşdırıb. Araşdırmaların sonunda şəklin montaj olmadığı məlum olub.
İndi katolik dünyasında şəklin təsadüf yoxsa möcüzə olduğu müzakirə edilir. II İohan Pavelin “Müqəddəs” elan olunması üçün 3 möcüzəyə ehtiyacı var. Vatikan isə uzun müddətdir bu möcüzələri araşdırır. Bu foto şəklin möcüzə olduğu qəbul edilərsə II Pavel, müqəddəs ola bilməyin qarşısındakı maneələrdən birini keçmiş olacaq.
Xatırladaq ki, katolik dünyası, öldükdən sonra üç möcüzəsi zühur etdiyinə inandığı din xadimlərinə “Müqəddəs” titulu verir./ANS PRESS/















