Maştağada polis müsəlmanlara qarşı əməliyyat keçirib
Bakının Maştağa qəsəbəsində polislərlə silahlı qruplaşma arasında atışma baş verib. Atışma nəticəsində bir nəfər ölüb.
"Novosti-Azerbaycan" agentliyinin məlumatına görə, polisə qəsəbədəki bağ evlərindən birində silahlı qruplaşma yaşaması haqqında operativ məlumat daxil olub. Hüquq mühafizə orqanlarının əməkdaşları əməliyyat keçiriblər. Əməliyat zamanı şübhəli şəxslər polisə atəş açmağa başlayıblar. Evdəki kişilərdən biri isə polislərə qumbara mərmisi atmaq istəyərkən vurulub. Daha iki nəfər isə həbs edilib.
Ərazidə axtarışlar nəticəsində xeyli miqdarda silah sursat və vəhhabi təriqətinə aid ədəbiyyat tapılıb.
Faktla əlaqədar cinayət işi açılıb. İlkin ehtimala görə, axtarışlar nəticəsində tapılan silahlardan biri Xanlar rayonundakı hərbi hissədən oğurlanmış avtomatdır. /ANS PRESS/




