Rafiq Əliyev pedofil missioneri islam alimləri ilə eyniləşdirdi
Dini cərəyanlarla bağlı yazı yazanlar siyahısına Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sadiq sədri, professor Rafiq Əliyev də qoşuldu. Ancaq bir az fərqli ampulada... Belə ki, Rafiq Əliyev «İdeya ölməzdır, onu yalnız dıgərı ılə əvəzləmək olar» sərlöhvəli yazısında son zamanlar adət halını alan din, onun cəmiyyətdə və siyasətdə yeri və rolu mövzusunda dairəvi masaların, seminarların və hətta konfransların keçirilməsinə toxunub.Professor hesab edir ki, «Onların əsasında hazırki dini vəziyyətin yaxşılaşdırılması istəyinin durmasını normal hadisə hesab etmək olardı. Lakin bütün təhlillər onu göstərir ki, bu tədbirlərdə din sahəsindəki tədqiqatları ilə fərqlənməyən insanlar iştirak edir, mühazirələr söyləyir və mübahisələr aparırlar. Seminarların mövzusuna yanlış münasibət isə razılıq və dialoqa çağırışdan daha çox dini qruplaşmaların radikallaşmasına xidmət edə bilər. Necə deyərlər: “Aldın qrantı, xərcləməlisən manatı”. Elə buna görə də bu məsələlərlə bağlı öz şəxsi fikrimi də bildirmək istərdim. Əsas – yalnız qüsurları görüb-göstərmək deyil, həmçinin vəziyyətin yaxşılaşdırılması və ölkəmizdə müxtəlif dini qruplaşmaların radikallaşması təhlükəsinin azaldılması mexanizmlərini işləyib hazırlamaqdır. Əvvəlcə bilmək gərəkli olardı ki, bizim qrant alan vətəndaşlarımızı narahat edən fikirlər hansılardır».
Rafiq Əliyev daha sonra qeyd edir ki, «Dini araşdırmalar sahəsində azsavadlı insanlar cəmiyyətimiz üçün qəbuledilməz olan fikir və ideologiyalar haqqında düşünüb-danışaraq, əsassız yerə vahiməyə düşür və tez-tez belə bir fikir söyləyirlər ki, guya “işlər belə getsə”, tezliklə yüzillik adət və ənənələrə son qoyulacaq və ölkəmizin əksər əhalisi üçün qəbuledilməz olan ideyaları təbliğ edən missionerlər elə edəcəklər ki, bizim fərdi xüsusiyyətlərimiz, milli keyfiyyətlərimiz çox tez bir zamanda öz yerini yad ideyalara verəcəkdir. Guya amerikalı Corc Soros, Koreya vətəndaşı Sen Mun(?), ərəb əsilli Məhəmməd Əbdülvəhhab kimiləri və müxtəlif xristian missionerləri bizim cəmiyyətimizi tolerantlığa, dözümlülüyə yol verilməz bir cəmiyyətə çevirəcəklər. Mən belə fikir və rəylərin konkret əsasları və tutarlı maddi dəlilləri olmayan fikirlər hesab olunmasının tərəfdarıyam». Doğrudur, bu fikirlərdə həqiqət payı böyükdür. Biz də Rafiq Əliyevdən öncə dəfələrlə qeyd etmişik ki, Azərbaycanda bir xurafatçılığı başqa bir xurafatçılıqla əvəzləməyin və ya «filan məzhəbin qarşısın sərt şəkildə kəsilməsə, dözümsüz olacağıq» kimi sərsəm bəyanatlar əslində, bir qrup insanın maddi maraqlarının tapdalanmasının nəticəsidir. Onlar qarşı tərəfə qarşı tutarlı arqumentlərlə çıxış edə bilmədiklərindən və ən başlıcası, yeni ideologiyalar qarşısında maddi qazanc mənbəyi kimi baxdıqları insan bazası əridiyindən, bazar insanlarının metodundan istifadə edirlər. Ancaq Rafiq Əliyev tamamilə məntiqli fikirlərinin içində, nəzərə çarpmadan zərərli olduğu dünyanın çox önəmli din adamları tərəfindən qəbul edilən, eyni zamanda kirli reputasiyaya malik bir şəxsi də ustalıqla reklam etməsi, bu haqlı mövqeyinə kölgə salır.
Belə ki, onun «Koreya vətəndaşı Sen Mun» deyə, təqdim etdiyi şəxs San Myön Mundan başqası deyil. «Birlik» kilsəsinin yaradıcısı olan və Koreyada uşaqbazlıq üstündə cinayətə məhkum edilən San Myön Mun CİA-nın Uzaq Şərq din siyasətini həyata keçirən, həmin ərazilərdə həftəbecər xristianlığın yayılmasına çalışan və özünü «Məsih» elan edən şəxsdir ki, onunla Rafiq Əliyevin əlaqələri 1990-cı ilin ortalarına qədər gedib, çıxır. Elə Rafiq Əliyevin işdən çıxarılmasında da San Myön Mun faktorunun əsas rol oynadığını da ötənilki mətbuatı izləyərkən, görmək olar. Doğrudur, komitə sədri olduğu vaxt «Şərq» qezetinə verdiyi müsahibədə Munun kitablarını tərcümə etdiyini inkar edərək, əslində bu şəbəkəyə qarşı mübarizə apardığını deyən komitə sədri bu yazısı ilə elə bil, Mun qarşısında günahlarını əhv etdirmək istəyir. Bu hər halda bir ehtimaldır... Görünən odur ki, San Myön Munun adını xristian missionerlərdən ayrıca qeyd etməklə, Rafiq Əliyev cəmiyyətə munçuların xristian missionerləri olmadığı mesajını çatdırmaq istəyir.
Yazıya davam: «Mən oxuculara C.Soros, Sen Men Mun, Səid Nursi, Fətullah Gülən, Süleyman Əfəndi (sonuncu üçü sevgi ideyası – sufizmin tərəfdarları hesab olunurlar), V.İ.Lenin, K.Marks, F.Engels, A.Hitler, Napoleon, Y.Sezar, və başqa bu kimi insanların fikirlərini müqayisə etmək imkanı vermək istərdim. Bu insanlar zənn edirdilər ki, onların hər biri üçün absolyuta çevrilən ideya ilə dünyanı idarə etmək mümkündür.
Məsələn, C.Sorosa görə, "Açıq Cəmiyyət" kimi tanınan ideyanın həyata keçirilməsi cəmiyyətin özünün keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına gətirib çıxaracaq. S.M.Mun isə bütün dünyəvi dinlərin əsasında yeganə birləşmiş Kilsənin yaradılması fikrini irəli sürmüşdür. Daha sonra o, tədricən sevgi, sülh və razılıq cəmiyyətinin prototipi olacaq ideal ailənin formalaşdırılması (öz ailəsinin nümunəsində) ideyasını fəal şəkildə həyata keçirməyə başladı və bu da onun fikrincə, bir Allahın «övladları» olan bütün insanları qarşılıqlı münasibətlərin tam harmoniyasına gətirib çıxara bilərdi.
Səid Nursi (Nurçular hərəkatının yaradıcısı) düşünürdü ki, gələcək nəslin elm və dinin vəhdətini əsas tutaraq düzgün tərbiyə olunması bütün dünya insanlarının həyatının yaxşılaşdırılması üçün ideal, sosial-iqtisadi və əxlaqi şərait yaradacaq. O, keyfiyyətcə yeni həyatın əsasını əxlaqi tərbiyə sistemləri üzrə gənclərin ağıl istiqamətlərinin dəyişdirilməsində görürdü.
V.Lenin, K.Marks, F.Engels hesab edirdilər ki, cəmiyyətin bütün qüsurlarının və bəlalarının əsasında kapitalist münasibətlərin yırtıcı mahiyyəti durur (bu fikir qismən də olsa doğrudur). Onların qənaətinə görə, sərvətin ədalətli şəkildə bölüşdürülməsi dünyanı məhvdən xilas edə bilər və etməlidir.
Hitler inanırdı ki, bütün dünyanı Allah tərəfindən seçilmiş millət – almanlar idarə etməlidir (müqəddəs kitablarda göstərildiyi kimi yəhudilər deyil, məhz alman-arilər).
Sufilər inadla təsdiq edirdilər və bu gün də təsdiq etməyə çalışırlar ki, yalnız bir-birinə və Allaha sevgi insanları xilas edəcək və onları düzgün həyat tərzinə, dünyada mövcud olan hər şeyin Yaradıcısı – Allaha yenidən qovuşma yoluna yönəldəcəkdir.
Tarixdə belə fikir və ideologiyalar çox olmuşdur və təəssüf ki, onlar bu gün də mövcuddur. Dünya heç vaxt cəmiyyətin əsasını təyin edən fikir və ideologiyalarsız mövcud olmamış və bu günümüzdə də buna bənzər ideyalarla birgə olmağa məhkumdur. Cəmiyyətin də ideologizasiyası da belə, qismən də olsa mənasız ideyalara aiddir».
Görürsünüzmü, Rafiq Əliyev xüsusilə Azərbaycanda son zamanlar diqqət mərkəzində olan cərəyanlarla bağlı məsələni gündəmə gətirərkən də, Mun ideyalarının gizli təbliğindən çəkinmir. San Myön Munu Səid Nursi, Məhəmməd ibn Abdulvahab kimi müsəlman fikir adamları ilə tərəzinin eyni gözünə qoyan Rafiq Əliyev bütün cərəyanlara qarşı obyektiv mövqe sərgiləmək bəhanəsi ilə əslində munçuluğa «yaşıl işıq» yandırılmasına xidmət edəcək ifadələrdən istifadə etməyi unutmur. Munçuğulun birləşmiş kilsə və ideal ailə prinsiplərinin açıq təbliği görünən bu yazı dərindən təhlil edildikdə, məqsədin bu günlərdə çıxan yazıların yaratdığı rezonansdan bəhrələnərək, mun ideyalarının təbliğinin aparıldığı müşahidə olunmaqdadır.
«Məşhur ideoloqlar dərk edirlər ki, ideyanı nə qılıncla, nə güllə ilə, hətta atom bombası ilə də öldürmək olmaz, o, maddi deyil. Onun, Allah ideyasında və yaxud da Allahın özündə olduğu kimi fiziki xüsusiyyətləri yoxdur. Elə buna görə də belə ideyalar çox mühüm keyfiyyətə - ölməzlik keyfiyyətinə malikdirlər. İdeyanı yalnız daha tutarlı, zamanın və bu zaman daxilində yaşayan insanların yaşam tərzini və təfəkkür incəliklərini nəzərə alan daha əsaslı ideya ilə əvəz etmək olar» kimi növbəti haqlı mövqenin ardından Səid Nursi, Məhəmməd ibn Əbdülvahab və Sorosun adlarının fonunda növbəti dəfə San Myön Munun adının hallandırılması və verilən sual guya yeni cərəyanlarlara bağlı obyektiv mövqe ortaya qoymaq adı altında Mun ideyalarının bir azərbaycanlı professorun tərəfindən təbliğatından başqa bir şey deyil: «Kim təsdiq edə bilər ki, Sezar, Napoleon və Hitlerin əsas məqsədi müharibələr, C.Sorosun – rəngli inqilablar, S.M.Mun, S.Nursi və Əbdülvəhhabın – insanların sosial davranışının və beyinlərin bütöv şəkildə dəyişdirilməsi olan ideyalarının bu gün tərəfdarları yoxdur»!
Və yazının sonunda Rafiq Əliyev çox peşəkarcasına üstüörtülü şəkildə müdafiə etdiyi cərəyanlara incə mesaj da göndərməyi yaddan çıxarmayıb. Yazının başlanğıcından sonuna qədər Munun adını fikirləri nə olursa olsun, müsəlman alimləri sayılan şəxslərlə bərabər zikr edərək, əslində onu cəmyyətə növbəti dəfə təqdim edən Rafiq Əliyev «Tarix bizi öyrədir ki, hər bir ideyanı elə təqdim etmək mümkündür ki, o, çox cəlbedici, hətta, bütün cəmiyyət və ayrılıqda hər bir insan, potensial obyekt üçün həyati əhəmiyyət kəsb edə bilər. Bu ideyaya çoxlu vəsait sərf etmək və ona sadiq insanlar tapmaq vacibdir. Yəni, yenidən əvvələ - kobudcasına desək, ayrıca bir qrupun, onun vasitəsilə isə cəmiyyətin böyük bir hissəsinin beyinlərinin süzgəcdən keçirilməsi mexanizminə qayıdırıq. İnsanlar səni əliboş qəbul etməyəcəklər. Bu, danılmaz faktdır. Əgər qəbul etsələr də, başa düşməyəcəklər və Sizdən uzaqlaşmağa cəhd göstərəcəklər. Onlara ən azından iki şey lazımdır: a) konkret maddi nemətlər; b) sosial-maddi rifahın daha da yaxşılaşdırılmasını əsaslandıran ümid. Əlbəttə, hər iki arqumentə malik olmaq daha yaxşıdır. Onda, çox ehtimal ki, müvəffəqiyyət təmin ediləcəkdir» yazaraq, nəinki Azərbaycanda, dünyanın hər yerində ideyanı yalnız ideya ilə əvəz etmək olduğundan bəhs edir: «Digərləri, o cümlədən güc arqumentləri adətən yaxşılığa gətirib çıxarmır, əksinə onlar əks təsir göstərə bilər, yəni yasaq edilən ideya daha güclü və ona son qoymaq vəzifəsi isə daha da çətin ola bilər. Buna görə də insan cəmiyyətinin inkişafının bu tarixi təcrübəsini bizdə də nəzərə almaq faydalı olardı. Xüsusən də ona görə ki, onun çox real konturları və məntiqi izahı vardır. Bu, bizim geopolitik mövqeyimiz və beynəlxalq nüfuzumuz, müstəqillik və suverenliyimizdən irəli gəlir».
Son olaraq qeyd edək ki, Rafiq Əliyev bu yazısı ilə əslində neçə ildən bəri israrla rədd etdiyi bir həqiqəti-San Myön Munun ideylarını təbliğ etməsi iddiasını təsdiqlədi. Doğrudur, o, bunu çox peşəkar şəkildə görüb və diqqətsiz və məlumatsız oxucunun sezməyəcəyi şəkildə Munun ideyalarını təbliğ edib. Yəni, bir vaxtlar özü barəsində mətbuatda səslənən iddiaları inkar edərək, bunun düşmənlərinin qarayaxması olduğunu iddia edən keçmiş komitə sədri bu gün faktiki olaraq, Mun məsələsini gündəmə gətirməklə, son vaxtlar başlanan dinlə bağlı diskussiyalardan «Birlik» kilsəsinin qazanclı çıxmasına çalışır.
«Azərbaycan Naminə» Ekspert Qrupu




