MTN xəvariclərin terror aksiyaları keçirməsinin qarşısını alıb
Radikal xəvariclərdən ibarət qrupun Bakıda bir sıra dövlət strukturu və beynəlxalq antiterror koalisiyasına üzv olan dövlətlərin diplomatik nümayəndəliklərinə qarşı terror aksiyaları keçirməsinin qarşısı alınıb. Bu barədə «İnterfaks-Azərbaycan» agentliyinə Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev məlumat verib.
Faktla bağlı cinayət işi başlanıb, hazırda qrupun digər üzvlərinin zərərsizləşdirilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış hərəkətləri davam etdirilir.
Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin zabiti, baş leytenant Kamran Əsədov özünün də daxil olduğu radikal xəvaric qrupunun digər üzvləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xidmət etdiyi hərbi hissədən 4 ədəd avtomat silahı, 1 ədəd «PK» əl pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və hərbi ləvazimat oğurlayaraq hərbi hissəni özbaşına tərk edib. Kamran Əsədov və qrupun digər üzvləri oğurladıqları silah-sursatı və hərbi ləvazimatların bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər. MTN tərəfindən oktyabrın 27-də saat 03.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağ massivi, ev 104 ünvanında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərdən bir qrupu yaxalanıb.
Əməliyyat zamanı qrupun bir üzvü silahlı müqavimət göstərməyə cəhd edərkən məhv edilib. Oğurlanaraq gizlədilmiş silah-sursatın bir hissəsi həmin ünvanda, bir hissəsi isə İsmayıllı rayonu ərazisində aşkarlanaraq götürülüb. Eyni zamanda cinayətkar qrupun üzvlərinin Bakıda bir sıra dövlət strukturlarına, habelə beynəlxalq antiterror koalisiyasına üzv olan dövlətlərin səfirliklərinə və nümayəndəliklərinə qarşı geniş terror-təxribat aksiyaları keçirmələrinin qarşısı da alınıb. Faktla bağlı cinayət işi başlanıb, hazırda qrupun digər üzvlərinin zərərsizləşdirilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış hərəkətləri davam etdirilir. MTN-nin yaydığı məlumata görə, əməliyyat şəraiti nəzarət altındadır. /ANS TV/




