EVLİLİK MƏSƏLƏLƏRİ
EVLƏNMƏKLƏ ƏLAQƏDAR MÜXTƏLİF SUALLARA VERİLMİŞ CAVABLAR
Müsəlman bir kişi kitab əhlindən olan, başqa sözlə, yəhudi və xristian bir qadınla evlənə bilər. Allah Təala Maidə surəsinin 5-ci ayəsində belə buyurur:Mehrlərini verməyiniz, namuslu olmağınız, zinadan uzaq durmağınız və gizli dost (aşna) tutmamağınız şərtilə inanan namuslu qadınlardan və sizdən əvvəl kitab verilənlərin namuslu qadınlarından özünüzə arvad almaq sizə halaldır. Sual: Mənim bir rəfiqəm var və onunla çox xoşbəxtik. O, mənə bir gün bəzi şeylərdən danışdı. Belə məlum oldu ki, əvvəllər 5 il müddətinə dostluq etdiyi bir nəfərlə cinsi əlaqəyə girib. Sonra səhv etdiyini başa düşüb və peşman olub. Dini qayda-qanuna əsasən belə bir insanla evlənmək olar?Cavab: İnsan təbiəti baxımından günah etməyə meylli yaradılıb və dünya imtahan dünyasıdır. İnsan həyatda onu günaha batmağa sövq edən və yoldan çıxardan müxtəlif şeylərlə qarşı-qarşıya gəlir. Bütün bunların başında şeytan durur. Şeytan insanları Qiyamət gününə qədər başdan çıxartmaq üçün Allahdan icazə alıb. Qurani-Kərimdə bu barədə belə deyilir:İblis (Allaha): “Mənə insanların yenidən diriləcəkləri günə qədər möhlət ver”, - dedi. Allah ona: “Sən möhlət verilənlərdənsən!”, - deyə buyurdu. İblis: “Elə isə sənin məni yoldan çıxartmağının müqabilində and içirəm ki, mən də onları yoldan çıxartmaq üçün sənin doğru yolunun üstündə oturacağam. Sonra onların qabaq, arxa, sağ və sollarından dürtüləcəyəm və sən görəcəksən ki, onların çoxu şükr etmir”, - dedi (Əraf, 7/14-17).Ayələrdən də məlum olduğu kimi şeytan həmişə insanlara “hücum edəcək”; onlara qabaq və arxa tərəflərindən, sağ və sol yanlarından təsir göstərəcək. Beləliklə, insanlar harama – günaha batacaqlar. Bəs sonra nə olacaq? Gördükləri işlərdən utanıb peşman olanlar nə edəcəklər? Allah məhz bu yerdə “tövbə qapısı” “qoymuşdur”. Gördükləri işlərdən peşman olanlar o işləri bir də görməmək üzrə tövbə edəcək, Allahın əfv və məğfirətinə sığınacaq və Allah onları bağışlayacaqdır:Pis əməllər etdikdən sonra tövbə edənlərlə iman gətirənlərə (imanlarında sabit olanlara) gəldikdə isə, Rəbbin ondan (tövbədən) sonra çox bağışlayandır, çox mərhəmət edəndir (Əraf, 7/153).Sonra şübhəsiz ki, Rəbbin cahillik (bilməməzlik) ucbatından pis iş görən, sonra tövbə edib özünü islah edənlərə (düzəldənlərə) tərəfdardır. Şübhəsiz ki, Rəbbin bundan sonra da çox bağışlayandır, çox rəhm edəndir (Nəhl, 16/119).Allah yanında (məqbul) tövbə ancaq bilmədən günah edib sonra çox keçməmiş tövbə edənlərin tövbəsidir. Budur, Allah bunların tövbələrini qəbul edir. Allah biləndir, hökm və hikmət sahibidir (Nisa, 4/17).De: “Ey öz əleyhinə ifrata varan bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin! Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. Çünki O, çox bağışlayandır, çox mərhəmət edəndir (Zumər, 39/53).Şübhəsiz ki, Mən tövbə edib inanan və saleh əməllər edən, sonra da doğru yolda olmağa davam edən kəs üçün olduqca bağışlayanam (Taha, 20/82).Yuxarıdakı ayələrdən də açıq-aşkar məlum olduğu kimi Allah öz günahından tövbə edən və yaxşı işlər görən şəxsi bağışlayır. Sizin haqqında danışdığınız hərəkət və davranış Allahın qadağan etdiyi böyük günahlardan biridir. O işi nəinki görmək, hətta ona yaxınlaşmaq belə haram edilib:Zinaya yaxınlaşmayın. Çünki o, olduqca pis bir işdir və çox pis bir yoldur. Lakin belə bir iş baş verdiyinə görə peşmanlıq yaranıb və tövbə edilibsə, inşallah bu günah bağışlanacaq. Əsas odur ki, insan özünü düzəldib yaxşı işlər görsün. Sizin bəhs etdiyiniz şəxs kimi bir insanla evlənməyinizdə dinimiz baxımından bir problem yoxdur. Sual: Aybaşı dövrü zifaf gecəsinə (toy gecəsi, evliliyin birinci gecəsi) təsadüf edən bir qadının molla kəbini məqbuldur? Yoxsa təmizlənəndən sonra bir də kəbin kəsdirmək lazımdır? Bu barədə məlumat verərsinizmi?Cavab: Allah Təala Qurani-Kərimdə belə buyurur:Səndən qadınların heyzini (aybaşı halını) soruşurlar. De ki, o, bir əziyyətdir. Onları heyzli ikən rahat buraxın; təmizlənənə qədər onlara yaxınlaşmayın. Təmizləndikdən sonra onlara Allahın əmr etdiyi yerdən yaxınlaşın. Allah tövbə edənləri də, tərtəmiz olanları da sevər (Bəqərə, 2/222).Bu ayədən belə məlum olur ki, qadınlar aybaşı dövründə ikən təmiz olmurlar. Yəni, qadınlar bu dövrdə şərtlərindən biri də təmizlik olan namaz ibadətini yerinə yetirməklə məsul deyillər. Ayəyə əsasən aybaşı halında olan bir qadına qadağan olan digər bir şey də əri ilə cinsi əlaqəyə girməkdir. Aybaşı halında olan bir qadına bundan başqa qadağan olan bir şey yoxdur.Bir nikah əqdinin (kəbinin) mötəbər olması üçün qadının aybaşı halında olmamağı kimi bir şərt yoxdur. Qadının aybaşı dövründə kəsilən kəbin mötəbərdir (qüvvədədir), odur ki, qadın təmizlənəndən sonra bir də kəbin kəsdirmək lazım deyil. Sual: Qaraçı bir qızla evlənmək olar? Bu məsələnin İslam hüququnda yeri nədir?Cavab: Əgər qız müsəlmandırsa, evlənmək olar. Qaraçı olmaq evlənməyə mane olan faktorlardan deyil. Sual: Qızla oğlan nişanlanırlar. Hələ kəbin kəsilməyib. Müxtəlif hədiyyələr və qızıl alınır; elə olur ki, qızla oğlan xəlvətdə də qalırlar. Sonra qız tərəfi onların evlənmək məsələsindən vaz keçir. Belə olan halda, alınan hədiyyə və qızıllar qaytarılmalıdır?Cavab: Nişan vaxtı verilən hədiyyələr evlənmək məqsədilə verilən hədiyyələrdir. Nişan qaytarılıb evlənmək məqsədi aradan qalxanda verilən hədiyyələr və qızıllar qaytarılır. Amma əgər hədiyyələrdən bəziləri xərclənibsə, başqa sözlə, istehlak və istifadə edilibsə, bunların əvəzini qız tərəfindən istəmək olmaz; artıq xərclənən xərclənib. Nişandan sonra kəbinsiz olaraq xəlvəti yerdə qalmaq isə günahdır. Hər iki tərəf bundan ötrü tövbə-istiğfar etməlidir. Sual: Bir şəxs başqa birinə ata deyə bilər? Ya da bir kişinin öz arvadının atasına (qayınatasına) ata deməyi dinimiz baxımından nə dərəcədə düzgündür?Cavab: Bu məsələdə bir problem yoxdur. Çünki ata sözü insanın öz atasına deyildiyi kimi hörmət edilən böyüklərə də deyilə bilər. Yəni, adət-ənənəyə əsasən bir şəxsin öz atası yaşda olanlara ata deməyi bu mənim doğma atamdır mənasında deyil, əksinə, onlara hörmət üçün deyilmiş bir sözdür. Başqa sözlə, ər-arvadın bir-birinin ata-anasına yaxud ata-anası haqqında “atam” və “anam” deməyində bir problem yoxdur. Peyğəmbərimizin (ə. s.) qadağan etdiyi şey odur ki, bir insan öz atasını inkar edib başqa bir şəxsin övladı olduğunu iddia etsin. Sual: Bir kişi bir qadını sevə bilər? Onunla şəriətə uyğun qaydada danışa bilər?Cavab: Bir kişinin bir qadını, yaxud da bir qadının bir kişini sevməyi günah deyil. Günah olan dini cəhətdən bir-birinə yad olan iki qarşı cinsin aralarında kəbin olmadan təkbaşına qalmağı, əl-ələ tutmağı, qucaqlaşmağı və bunlara oxşar şeylərdir. Qızla oğlanın xəlvəti yerdə qalmamaq şərtilə evlilik məqsədi güdərək tanış olmağı və danışmağı caizdir. Bundan başqa insanı günah etməyə aparan hər növ münasibət haramdır. Sual: Dayı oğlu ilə xala qızının evlənməyində dini cəhətdən bir problem var? Belə bir evlilik caizdir?Cavab: Əgər sizin sualınızda haqlarında danışdığınız dayı oğlu ilə xala qızı bir-birlərilə süd bacı-qardaşı deyillərsə, onların evlənməyi caizdir. Yaxın qohumlardan evlənmək qadağan olanlar isə bunlardır:Atalarınızın evləndiyi qadınlarla evlənməyin, keçmişdə olanlar artıq keçib. Çünki bu, çox iyrənc və çirkin bir şeydir, nə pis yoldur!Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın yanınızda qalan ögey qızlarınız (onlarla yaxınlıq etməmişsinizsə, sizə bir maneə yoxdur) ilə evlənmək haram edildi. Öz oğullarınızın arvadları evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Keçmişdə olanlar artıq keçib. Həqiqətən, Allah bağışlayan və mərhəmət edəndir (Nisa, 4/22-23).Ayədə sadalananların xaricindəki qohumlarla evlənmək halaldır. Sual: İnsanların kiminlə evlənəcəkləri məsələsi onlar hələ ana bətnində olanda müəyyənləşdirilib? Dostlarımdan biri mənə dedi ki, insan hələ dünyaya gəlməmiş onun kiminlə evlənəcəyi məsələsi müəyyən olur və bunu dua etməklə də dəyişdirmək olmaz. Deyir ki, ona bu sözü bir müəllim deyib. Amma mən bu qədər araşdırma aparmağıma baxmayaraq belə bir məlumata rast gəlmədim. Sizcə həqiqətən də, belə bir şey olar? Cavab: Əgər bir insanın evlənəcəyi qız yaxud oğlan əvvəlcədən müəyyən və yazılmış olsaydı, onda Qurani-Kərimdə evləndirmək əmri olmazdı və evlənmək haram olan qadınlar məsələsinə heç yer də verilməzdi. Sizə bu barədə deyilənlər sadəcə olaraq bəzi insanların heç bir dəlil-sübuta əsaslanmadan irəli sürdükləri bir fikir və iddiadır. | ||||||
96 | ||||||
|
Materiallardan istifadə zamanı www.islam.azeriblog.com saytı mənbə kimi qeyd olunmalıdır. Əks halda halallıq verilmir.






