QURANİ-KƏRİMİN TARİXİ
Əziz oxucular, möhtərəm müsəlman bacı və qardaşlarımız!Məlum olduğu kimi Məhəmməd Peyğəmbər (Ona və ailəsinin üzərinə Allahın salamı və xeyir-duası olsun) cəmi altımış üç il yaşamışdır. O, qırx yaşında ikən, ona ilk vəyh gəlmişdir. Bundan sonra on üç il Məkkədə tövhid dini olan islamı təbliğ etmiş, sonra da Mədinəyə hicrət etməyə (köçməyə) məcbur olub.
On il də orada yaşamışdır. Məhəmməd Peyğəmbərə (Ona və ailəsinin üzərinə Allahın salamı və xeyir-duası olsun) Qurani-Kərim Məkkədə Hira dağında nazil olmağa başlamışdır. Qurani-Kərim rəhmət, bərəkət və şəfqət dolu mübarək bir ayda, şərəfli və kəramətli bir ölkədə nazil olub. Dövrün və ölkənin tanınmış və hörmətli adamları onun ətrafına toplaşdılar. Səhih olan rəvayətlərin birində Peyğəmbərimiz (Ona və ailəsinin üzərinə Allahın salamı və xeyir-duası olsun) belə demişdir: “Hər bir Peyğəmbər insanları imana dəvət etmək üçün vəhyi vasitəyə malikdir. Mən də o vəhy verilənlərdən biri oldum, Allah (Subhənəhu və Təalə) mənə də vəyh verir.
Mən bu Peyğəmbərlər içərisində Qiyamət gününə daha çox tabe olmaq istəyəniyəm”. (Hədisi əl-Buxari, Müslim və ən-Nəsai rəvayət etmişdir.) Hədisdən məlum olur ki, Qurani-Kərim hər hansı bir Peyğəmbərə verilən möcüzələr və kitablardan daha çox üstünlüyə malik olanıdır. Qurani-Kərim Allahın (Subhənəhu və Təalə) Qiyamət gününə qədər davam edəcək möcüzəsidir! Allah (Subhənəhu və Təalə) buyurur: “Aləmləri qorxutmaq üçün haqqı batildən ayıran Quranı öz qulu (Məhəmmədə) nazil edən Allah nə qədər Uca və nə qədər Uludur.” (Əl-Furqan 1). Həmçinin Allah (Subhənəhu və Təalə) Qurani-Kərimin digər bir ayəsində isə belə buyurur: “(Ya Peyğəmbər!) De ki: Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana oxşar bir şey yaratmaq üçün bir-birilərinə kömək etsələr də, yenə də ona bənzərini gətirə bilməzlər.” (Əl-İsra 88). Aləmlərin Rəbbi olan Uca Allah (Subhənəhu və Təalə) müşriklərə xəbərdarlıq edərək bildirir: “Yoxsa müşriklər: Quranı özündən uydurdu”-deyirlər. Onlara de ki: “Əgər doğru- dürüst deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və bu işdə Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın.” (Hud 13). Halbuki, onlar ən gözəl və ən aydın danışıq qabiliyyətinə, bəlağətə, şeriyyat və mənzum kəlama malik adamlar idilər. Lakin onlara heç bir bəşər övladının qadir olmadığı bir aydınlığa, bəlağətə, çox saylı, faydalı və səhih bilikləri, həm keçmiş, həm də gələcək barədə mə’lumatları, sabit və ədalətli hökmləri müxtəsər şəkildə əhatə edən bir kəlam bəxş edildi. Həzrəti Əli ibni Əbu Talib (Allah ondan razı olsun) demişdir: “Allahın (Subhənəhu və Təalə) kitabında keçmiş və gələcəy barədə mə’lumatlar, sizi idarə etmək üçün hökmlər vardır. O məzhəkədən uzaq ciddilikdir. Ona qarşı çıxan nəhəngləri Allah (Subhənəhu və Təalə) darmadağın etmişdir. Ondan başqası ilə hüda (doğru) yolu seçənləri Allah (Subhənəhu və Təalə) azdırmışdır. O, Allahın (Subhənəhu və Təalə) kəlamıdır, hikmətli zikrdir, doğru yoldur. Ondan göz yorulmaz, dilə pis söz gəlməz, alimlər ondan doymazlar. O, çox işlədilməkdən köhnəlmir. Onun möcüzələri bitmir. Onunla doğru danışan əcr (savab) qazanır. Onunla ədalətli hökm çıxaran haqq yoluna dəvət etmiş olur.” (Sünən ət-Tirmizi). Qurani-Şərif Məhəmməd Peyğəmbərə (Ona və ailəsinin üzərinə Allahın salamı və xeyir-duası olsun) birdəfəlik tam şəkildə deyil, ardıcıl olaraq tək-tək nazil olmuşdur ki, ən bəlağətli, ən kəramətli tərbiyə, hifz və əməl sayəsində ən dərin mənalı bir kitab olsun. Allah (Subhənəhu və Təalə) belə buyurur: “Kafirlik edənlər dedilər: Quran ona (Məhəmmədə), bir dəfə endirilməli idi. Sənin ürəyinə qətiyyət vermək üçün biz onu (başa düşmək və əzbərləmək üçün) ayə-ayə nazil etdik.” (Əl-Furqan:32) Qurani-Kərimin toplanmasına gəldikdə isə məşhur hədis alimlərindən olan mərhum əl-Buxari, səhabələrdən olan Zeyd ibni Sabitdən (Allah ondan razı olsun) bu rəvayəti verir: “Yəmamə əhalisi ilə müharibə zamanı Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) məni yanına çağırdı. Ömər ibni əl-Xəttab (Allah ondan razı olsun) da orada idi. Əbu Bəkr (Allah ondan razı olsun) dedi: Ömər ibni əl-Xəttab (Allah ondan razı olsun) mənə deyir ki, Quranı əzbər bilənlər aramızdan gedir. Onlarla Quranın da çox hissəsi məhv olur. Mənim fikrimcə Quranı toplamaq barədə əmr verməlisən. Mən Ömərdən (Allah ondan razı olsun) soruşdum ki, Peyğəmbərin (Ona və ailəsinin üzərinə Allahın salamı və xeyir-duası olsun) görmədiyi bir işi mən necə görə bilərəm? Ömər (Allah ondan razı olsun) dedi ki, bu xeyirxah bir işdir. Vallahi, Ömər (Allah ondan razı olsun) bu işdə çox təkid edir. Allah (Subhənəhu və Təalə) bu işi mənim də ürəyimə saldı. Mən də Ömərin (Allah ondan razı olsun) fikrinə şərik oldum. Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) daha sonra dedi: “Sən ağıllı bir gəncsən. Sənə heç bir iradım yoxdur. Rəsulullah (Ona və ailəsinin üzərinə Allahın salamı və xeyir-duası olsun) üçün vəyhləri yazardın. Quranın yazılarını axtar və bir yerə topla.” Zeyd ibni Sabit (Allah ondan razı olsun) deyir ki: “Vallahi, əgər mənə dağı yerindən tərpətməyi tapşırsaydılar, bu heç də Quranı toplmaq işindən ağır olmazdı.” Beləliklə, dəri, xurma yarpaqları, sümüklər, saf daşlar, ayrı-ayrı lövhələr üzərində yazılmış və ayrı-ayrı adamların əzbərləyib yadda saxladıqları Quranı axtarıb toplamağa başladım. (Əhməd, ət-Tirmizi və ən-Nəsai rəvayət emişdirlər). Bu Əbu Bəkr əs-Siddiqin (Allah ondan razı olsun) gördüyü ən yaxşı, ən böyük və ən xeyirxah bir iş oldu. Allah onu Peyğəmbərdən (Ona və ailəsinin üzərinə Allahın salamı və xeyir-duası olsun) sonra yalnız onun layiq olduğu bir məqama qoydu: O, zəkat yığanlara mane olanlar və dindən üz döndərənlərlə ciddi mübarizə aparmışdır və qələbəyə-zəfərə yetişmişdir. Dövlət işlərini qaydasına salmış, Quranın ayrı-ayrı hissələrini toplayıb bütövlükdə oxuculara əzbərləmək üçün təqdim etmişdir. Bu iş Allahın (Subhənəhu və Təalə): “Biz bu zikri (Quranı) nazil etmişik, biz də onu qoruyacağıq.” (əl-Hicr:9) kəlamını ifadə edir. Əbu Bəkrin (Allah ondan razı olsun) Quranı toplaması xeyrin təntənsi, şərə ağır zərbə və şərin məğlubiyyəti idi. Əmir əl-Möminin Əli ibni Əbu Talib (Allah ondan razı olsun) demişdir: “Müshəf”-lərlə, yəni Quranın vərəqləri ilə bağlı işlərdə Əbu Bəkr (Allah ondan razı olsun) ən böyük əcr (savab) sahibidir. Əbu Bəkr (Allah ondan razı olsun) Quranı ayrı-ayrı lövhələrdən toplayan ilk adam olmuşdur.” Yəmamədə yalançı peyğəmbər “Museyləmətu-l-Kəzzəb”-in dinsiz ardıcılları ilə döyüşdə Quranı əzbər bilən bir çox müsəlmanlar həlak olduqdan sonra bu məsələni Ömər ibni Xəttab da(Allah ondan razı olsun) qaldırmışdır. “Museyləmətu-l-Kəzzəb” Yəmamədə özünü Peyğəmbər kimi elan etmişdi. Onun ətrafına təqribən yüz min dinsiz toplaşmışdı. Əbu Bəkr (Allah ondan razı olsun) onlarla döyüşmək üçün Xalid ibni Valid (Allah ondan razı olsun) başda olmaqla təqriəen on üç minlik bir ordunu göndərdi. 634-cü ildə müsəlman ordusu ilə döyüşdə “Museyləmətu-l-Kəzzəb” və onun tərəfdaşları darmadağın edildi. Müsəlman ordusunda çoxlu bədəvi, yəni köçəri ərəblər var idi. Onlar islamı təzə qəbul etmişdilər. Quranı əzbər bilən əshəbalər (Allah onlardan razı olsun) onlardan fərqlənmək üçün Xalid ibni Validə (Allah ondan razı olsun) müraciət etdilər və üç minlik xüsusi dəstə halında ayrılıqda vuruşdular. Onların böyük əksəriyyəti Quranın ayələrini əzbər bilən əshabələr (Allah onlardan razı olsun) idilər. Onlara “əl-Bəqərə” surəsinin “əshabələr”-i də deyirdilər. Allah onların inadını qələbə ilə mükafatlandırdı. “Museyləmətu-l-Kəzzəb”-in qoşunu məğlub oldu, özü də öldürüldü. Onun qalan adamları qaçdılar və sonradan islamı qəbul etdilər. Eyni zamanda Quranı əzbər bilənlərdən beş yüz nəfər dünyasını dəyişdilər. (Allah onlardan razı olsun). Bunu nəzərə alan Ömər ibni Xəttab (Allah ondan razı olsun) Əbu Bəkr (Allah ondan razı olsun) Quranı toplamağı təklif etdi. Bununla da Quranı əzbər bilən öldükdə, Quranın hər hansı bir hissəsinin itrilməsi təhlükəsinin qarşısı alınırdı. Quran artıq hifz olunmuş olurdu. Hafizin, yəni Quranı tam əzbər bilənin ölməsinin və ya diri qalmasının ona heç bir aidiyyatı və təsiri olmurdu!.. Bu işi görən Əbu Bəkr və Ömər (Allah onlardan razı olsun) ən böyük və əzəmətli bir dini vəzifəni yerinə yetirmiş oldular. Bu səhifələr Əbu Bəkr əs-Siddiqin (Allah ondan razı olsun) sağlığında onun əlində olmuşdur. Ondan sonra onları Ömər ibni Xəttab (Allah ondan razı olsun) qorumuşdur. Ömərin (Allah ondan razı olsun) vəfatından sonra bu səhifələr, Ömərin (Allah ondan razı olsun) qızı Allahın (Subhənəhu və Təalə) Rəsulunun xanımı Hafsada (Allah ondan razı olsun) olmuşdur və üçüncü xəlifə Osman ibni Afvan (Allah ondan razı olsun) onları sonradan Hafsadan (Allah ondan razı olsun) almışdır. O ki, qaldı Quranın səhifələrinin yazılması, yenə də bu barədə mərhum Buxari yazır: “Həzifə ibni əl-Yəmən (Allah ondan razı olsun) Ərminiyə və Azərbaycanın fəthində Şam əhalisi ilə birgə iştirak etdikdən sonra Osman ibni Afvanın (Allah ondan razı olsun) hüzuruna gəlir. Həzifəni (Allah ondan razı olsun) qəzəbləndirən qiraətdə olan ixtilaflar idi. Həzifə (Allah ondan razı olsun) Osmana (Allah ondan razı olsun) deyir: “ Ya əmir əl-Möminin, bu millət səmavi kitab verilən digər millətlər kimi kitab barədə ixtilafa varmamışdan onu başa sal!.. Osman, (Allah ondan razı olsun) Hafsanın (Allah ondan razı olsun) yanına elçi göndərib onda olan yazılı səhifələri istədi və onları yazıb çoxaltdıqdan sonra qaytarılacağını bildirdi. Hafsa (Allah ondan razı olsun) da bu istəyə əməl etdi. Osman ibni Afvan (Allah ondan razı olsun) Zeyd ibni Sabitə, Abdullah ibni əz-Zubeyrə, Səid ibn əl-Asa və Abdurrahmən ibni əl-Hariz ibni Haşimə (Allah onlardan razı olsun) onları yazıb artırmağı tapşırdı. Osman ibni Afvan “zinnureyni”, yəni iki nurun sahibi (Allah onlardan razı olsun) hər üç Qureyşliyə belə dedi: “Əgər siz və Zeyd ibni Sabit (Allah ondan razı olsun) Qurana aid bir məsələ də, yəni onun yazı qaydaların da ixtilafda olsanız, onda Qureyş dilinin nəhvini (qrammatikasını) əsas götürün. Belə ki, ər-Rahmən sözünü “MİM” hərfindən sonra “ƏLİF”-siz yazın, çünki Peyğəmbər (Ona və ailəsinin üzərinə Allahın salamı və xeyir-duası olsun) belə demişdir. Onun dili ən aydın ərəb dilidir. Cəbrayıl (ona salam olsun) ayələri Peyğəmbərə (Ona və ailəsinin üzərinə Allahın salamı və xeyir-duası olsun)) ərəblərin başqa dil və ləhcələrini də qiraət etmişdir ki, onların avazla oxunuşunu (tərtilini) asanlaşdırmaq və bu işi rahat icra etmək üçün mümkün olsun. Katiblər xəlifənin dediyi kimi də etdilər. Səhifələr Müshəfə (Qurana) köçürüldükdən sonra Osman (Allah ondan razı olsun) onları Həfsaya (Allah ondan razı olsun) qaytardı. Hər vilayətə bir nüsxə Müshəf göndərdi, bundan başqa hər hansı bir Quran nüsxəsini və ya səhifəsini yandırmağı əmr etdi. Bu dörd nəfər Quranı vahid bir nüsxədə yazıb çoxaltmaqla məşğul oldular. Onlar hər hansı bir yazı və ya dil məsələsində fikir müxtəlifliyi ilə qarşılaşdıq da Osmana (Allah ondan razı olsun) müraciət edirdilər. Məsələn, əl-Bəqərə surəsinin 248-ci və Taha surəsinin 39-cu ayələrində onlar “təbut” sözünün yazılışında müxtəlif fikirlər irəli sürdülər. Bu sözü TƏ, yaxud HƏ hərfi ilə yazsınlar!? Zeyd ibni Sabit (Allah ondan razı olsun) HƏ hərfini təklif etdi. Qalan üç Qureyşli isə Tə hərfini təklif etmişlər. Onlar öz fikirlərini Qureyş dilinin tələbləri ilə əsaslandırırdılar. Belə ki, Quran bu dildə nazil olmuşdur. İş qurtardıqdan sonra Osman (Allah ondan razı olsun) bütün vərəqləri Həfsaya (Allah ondan razı olsun) göndərdi. O bunları ölənə kimi saxladı. Ondan sonra qardaşı Əmir Mərvan bin əl-Hükmün (Allah ona rəhmət eləsin) əmri ilə onları yandırdı ki, bundan sonra bir adam bu vərəqlərin müshəfə uyğun gəlmədiyini iddia edə bilməsin. Bu vərəqlər pərakəndə şəkildə idi. Görünür həm də forma və həcmcə fərqlənmişlər. Ümumiyyətlə bu vərəqlər vahid bir Müshəf olmağa yararlı olmamışlar. Bu vahid ümumi bir müshəf isə toplandı, yazıldı və çoxaldılıb Məkkəyə, Bəsrəyə, Kufəyə, Şama, Yəmənə və Bəhreynə hərəsinə bir nüsxə olmaqla göndərildi. Biri də Mədinədə saxlandı. Osmanın (Allah ondan razı olsun) əmri ilə əllərdə olan bütün nüsxələr yandırıldı ki, yerlərdə adamlar öz qiraətlərində bir-birindən seçilməsinlər. Həmin vaxt əshabələr (Allah onlardan razı olsun) hamısı bu qərarla razılaşdılar və onu tam icma ilə qəbul etdilər. İbni Kəsir (Allah ona rəhmət eləsin) yazır: “İlk Osman Quranlarından ən məşhuru indi Şamda (Suriyada) Dəməşq Universitetinin şərq Məqsurə hissəsində saxlanılır.” Keçmışdə bu nüsxə 1948-ci ildə yəhudilərin işğal etdiyi Fələstin Təbəriyyə şəhərində olmuşdur. Oradan Hicri 518-ci ildə Dəməşqə köçürülmüşdü. Cildi də çox güman ki, dəvə dərisindəndir. Həqiqəti Uca Allah bilir. Müsəb bin Səd bin Əbu Vüqas demişdir ki, Osmanın (Allah ondan razı olsun) əmrini adamlar razılıqla qarşıladılar və artıq nüsxələri məmnuniyyətlə yandırdılar. Bu səhih istinadlı hədisi Əbu Davud verir. Şafii alimlərindən biri professor Abdurrahmən bin Mehdi (Allah ona rəhmət eləsin) demişdir: “Osmanı (Allah ondan razı olsun) nə Əbu Bəkrdə (Allah ondan razı olsun), nə də Ömərdə (Allah ondan razı olsun) olan iki xislət fərqləndirirdi: “Məzlum, ölənə qədər səbirli olması və insanları vahid bir Müshəf ətrafında birlşdirməsi”. Əl-Buxari və Müslimin (Allah onlara rəhmət eləsin) verdikləri hədisdə deyilir: “Abdullah bin Abbas (Allah ondan razı olsun) demişdir: Rəsulullah (Ona və ailəsinin üzərinə Allahın salamı və salavatı olsun) mənə deyib ki, Cəbrail (Ona salam olsun) mənə bir hərfdə (yəni ləhcədə) oxudu, mən ona müraciət etdim. Hər dəfə o oxuduqca mən sual verirdim. Bu yolla O mənə yeddi hərfdə oxudu. “Əbu Ubeyd Əl-Qasim bin Səlləm (Allah ona rəhmət eləsin) yazır ki, bu yeddi hərfin mənası heç də yeddi şəkildə oxunan bir hərf demək deyildir. Çünki bu mümkün deyildir. Bu o deməkdir ki, vəhylər ərəb qəbilələrinin ayrı-ayrı yeddi dilində (ləhcəsində) nazil olmuşlar.” Ərəb dilinin xüsusiyyətlərinə görə eyni bir sözlərlə çox müxtəlif mənalar ifadə etmək olar, yaxud bir sözdə hərəkələrin (qısa saitləri və.s bildirən işarələrin) dəyişməsi ilə o müxtəlif mənalar kəsb edə bilər. Məsələn; “əqbil”, “təal” və “həlummə” sözləri bir-birinə yaxın, “gəlmək”, “yaxınlaşmaq” və “tələsmək” mənalarını bildirir. Həmçinin Səbə surəsində işlənən “bəid” sözü dua və riza, “bəad” sözü isə keçmiş zaman feli olub, uzaqlaşmaq bildirir. Əl-Bəqərə surəsinin 259-cu ayəsində işlənən “nunşizuhə” (onları bir-biri ilə birləşdirin) və ilə “nunşiruhə” (onları dirildirik) sözləri arasında zahiri fərq yeganə bir nöqtə ilədir. Fatihə surəsində “Məlik” (yəni uzunluq bildirən əlifsiz) kimi yazılır. Burada zahiri dəyişiklik baş bersə də məna eyni qalır və i.a. Əmirəlmöminin Osman bin Əfvan (Allah ondan razı olsun) adamalrın qiraətdə bir-birindən fəqlənməmələri üçün və məna müxtəlifliyinə yol verməmək üçün hamını vahid bir qiraət qaydalarına tabe tutdu. Bu qaydaları əlimizdə olan ilk Qurani-Kərim Müshəfi (səhifələri) əhatə edir. Bunu bilməyən adam soruşa bilər: “Necə ola bilər ki, əshabələr Rəsulullahın (Ona və ailəsinin üzərinə Allahın salamı və salavatı olsun) özünün də oxuduğu və onlara da əmr etdiyi bir qiraətdən əl çəksinlər?” Bu cavab olaraq deyilir: “ Onun bu əmri vacib və zəruri deyildi. Bu qadağan və həm də icazə idi. Əgər, bu qiraət onlar üçün vacib və zəruri olsaydı onlara bütün oxu formalarına mültəzim olmaq da vacib edilərdi. “Əl-Buxari yazır” “Cəbrail (Ona salam olsun) Quranı Peyğəmbərə (Ona və ailəsinin üzərinə Allahın salamı və salavatı olsun) təqdim edərdi. Məsruq Fatimə və Aişəyə (Allah onlardan razı olsun) istinadən bu hədisi verir: “Peyğəmbər (Ona və ailəsinin üzərinə Allahın salamı və salavatı olsun) mənə məxfi şəkildə bildirdi ki, O (Cəbrail) Quranı mənə hər il əzbərləməklə, eşitdirməklə və qiraətlə təqdim edərdi. Bu il o, iki dəfə mənə Quranı təqdim etdi. Ömrümün sonuna kimi bir də Onu göndərəcəyəm.” Peyğəmbər (Ona və ailəsinin üzərinə Allahın salamı və salavatı olsun) hər il Ramazanın son on günündə xüsusi bir səylə oruc tutardı, ibadət edərdi. Vəfat etdiyi ilin Ramazan ayının 20-si gününü Cəbraillə birlikdə keçirtdi. Bunu Əbu Davud, Ən-Nəsai və İbni Macəh rəvayət edırlər. Bu görüşlər nəticəsində o, Allahın (Subhənəhu və Təala) göndərdiyi vəhyləri əzbərləmişdi ki, yadda qalsın və gələcəkdə inanmaqla, sübut etməklə və yadda saxlamaqla qələmə alınsın. Osman (Allah ondan razı olsun) ilk Quranı məhz bu sonuncu görüşün vəhyləri əsasında toplamışdır. Rəsulullahın (Ona və ailəsinin üzərinə Allahın salamı və salavatı olsun) sağlığında ən tanınmış əshabələr Quranı əzbərləmişdirlər və onlara Qarilər deyilirdi. Rəsulullah (Ona və ailəsinin üzərinə Allahın salamı və salavatı olsun) demişdir: “Quranı dörd nəfərdən soruşun: Abdullah bin Məsud, Əbu Hureyrənin mövlası (yəni ona sığınmış qeyri ərəb müsəlman) Salim, Muaz bin Cəbəl və Əbu bin Kəbədən (Allah onlardan razı olsun) Abdullahbin Məsud (Allah ondan razı olsun deyərdi: “Mən Rəsulullahın (Ona və ailəsinin üzərinə Allahın salamı və salavatı olsun) ağzından 70-dən çox surə eşitmişəm. Qalanları isə əshabələrdən (Allah onlardan razı olsun) əxz etmişəm. (Səhih əl-Buxari). Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) Peyğəmbər (Ona və ailəsinin üzərinə Allahın salamı və salavatı olsun) xəstələndikdə onun göstərişi ilə imamlıq etmək üçün Quranı əzbərləmişdi. İmamlığı yalnız Quranı əzbər bilən edə bilərdi. Quranı həmçinin Osman bin Afvan, Ali ibni Əbu Talib, Abdullah bin Abbas (Allah onlardan razı olsun) əzbər bilirdilər. Abdullah bin Amr bin əl-As da (Allah onlardan razı olsun) onu əzbərləmiş və ən çoxu üç gün ərzində oxuyub bitirərmiş. Bunu eşidən Peyğəmbər (Ona və ailsənin üzərinə Allahın salamı və salavatı olsun) demişdir: “Onu bir ay ərzində oxuyun...”) Allah bilən haqdır. Müsəlman bacı və qardaşlarımız, siz həmçinin bilməlisiniz ki, Müshəfdə sabitləşmiş surə və ayələrin tərtibatı Allahın (Subhənəhu və Təala) buyruğudur, Onun Rəsulunun (Ona və ailəsin üzərinə Allahın salamı və salavatı olsun) əmridir. O öz əshabələrinə (Allah onlardan razı olsun) vəhy nazil olandan sonra deyərmiş: “Bunu filan surədə filan ayədən sonra qoyun”. Əlavə qeydlər: *Quran* – Qurani-Kərim, (Ərəbcə: “Əl-Quran”). İslam dinin müqəddəs və ən əsas kitabı. İslam dinində “Quran” Allahın (s.t) buyurduğu sözlərdir. Belə ki, vəhy mələyi olan Hz.Cəbrayılın vasitəsi ilə onları Hz. Məhəmmədə (s.a.v) nazil edib. Qurani-Kərimin 114 surəsi və 6236 ayəsi vardır. Hər surənin özünə məxsus adı vardır. Quran-Kərimin ən uzun surəsi Əl-Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quran-Kərimi digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman kəsiyində- yəni 23 il müddətində hissə-hissə vəhy olunmasıdır. Qurani-Kərim Allah (s.t) tərəfindən birbaşa deyil mələk-Cəbrayıl vasitəsi ilə nəql olunmuşdur. Yalnız Əl-Bəqərə surəsinin sonuncu 2 ayəsi Allah (s.t) tərəfindən birbaşa Peyğəmbərə (s.a.v) vəhy edilmişdir. Onu da qeyd edə ki, Qurani-Kərim qadının cəmiyyətdəki mövqeyini müəyyən edir. Qadına kişi ilə yanaşı ailədə xüsusi mövqeyə sahib olduğunu göstərir. Uşaqların tərbiyəsində ananın ata ilə eyni məsuliyyətli olduğu vurğulanır. Kişilərin qadınlarla rəftarında onların fiziki zəifliyini nəzərə almalarını və onlarla hörmətlə rəftar etmələrini, mal-mülk məsələlərində onlara güzəştə getməyi təbliğ edir. Qurani-Kərim həmçinin qadından ailə yükünün kişinin üzərinə düşdüyü üçün kişiyə itaət etməyi buyurur. Qurani-Kərimdə övladdan valideyinə itaət tələb edilir. *Quran yalnız dirilər üçün nazil olmuşdur. (Dəlillər*) 1. «Bu, heç bir şəkk-şübhə olmayan və müttəqilərə (Allahdan qorxanlara) doğru yol göstərən Kitabdır» «əl-Bəqərə surəsi, 2-ci ayə» 2. «Ey Rəbbimiz! Onların içərisində özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin!» «əl-Bəqərə surəsi, 129-cu ayə» 3. «Sizin əlinizdəkini təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və ancaq Məndən qorxun!» «əl-Bəqərə surəsi, 41-ci ayə» 4. «Allahın nazil etdiyi kitabda olanların qizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dölnəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!» «Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbirlidirlər! Bu əzab ondan ötrüdür ki, Allah kitabı haqq olaraq göndərmiş. Lakin kitab barəsində müxtəlif rəydə olanlar, şübhəsiz ki, uzaq bir nifaq içərisindədirlər» «əl-Bəqərə surəsi, 174 və 176-cı ayə» 5. «İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir» «əl-Bəqərə surəsi, 185-ci ayə» 6. «Bu (Quran) isə aləmlərə yalnız bir öyüd nəsihətdir!» «Sad surəsi, 87-ci ayə» 7. «İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz Quranda müxtəlif dəlillər gətirdik» «İsra surəsi, 41-ci ayə» 8. «Biz bu Quranda insanlar üçün hər cür misal çəkib onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı» «İsra surəsi, 89-cu ayə» 9. «Şübhəsiz ki, sən çağrışı nə ölülərə bildirə bilərsən , nə də dönüb gedən karlar eşitdirə bilərsən!» «Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmanlardırlar!» «Rum surəsi, 52 və 53-cü ayə» 10. «Biz bu Quranda insanlar üçün hər cür misal çəkdik» «Rum surəsi, 58-ci ayə» 11. «Biz ona şer öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və açıq-aşkar Qurandır ki, onunla diri olanları qorxutsun və deyilən söz kafirlər barəsində gerçək olsun» «Ya sin surəsi, 69 ve 70-ci ayə» 12. «Biz bu Quranda insanlar üçün hər cür misal çəkdik ki, bəlkə öyüd-nəsihət qəbul etsinlər» «Biz nöqsansız qüsursuz ərəbcə Quranı nazil etdik ki, bəlkə Allahdan qorxub pis əməllərdən çəkinsinlər» «Zümər surəsi, 27 ve 28-ci ayə» 13. «Xeyir, bu (Quran) bir öyüd-nəsihətdir!» «İstəyənlər ondan öyüd alar» «Müddəsir surəsi, 54 ve 55-ci ayə» 14. «Bu (Quran) ərəb dilində təsdiq edən, zalımları (Allahın əzabıyla) qorxutmaq və yaxşı əməl sahiblərinə (cənnətlə) müjdə vermək üçün olan bir kitabdır!» «Əhqaf surəsi, 12-ci ayə» 15. «Biz kitabı (Quranı) sənə yalnız ixtilaflarda olduqları məsələləri izah etmək və möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!» «Nəhl surəsi, 64-cü ayə» 16. «Biz kitabı Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət (doğru yol), mərhəmət və müjdə olaraq nazil etdik» «Nəhl surəsi, 89-cu ayə» 17. «Allah sizə kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən ondan başqasınımı özümə hakim istəməliyəm?» «Ənam surəsi, 114-cü ayə» 18. «Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe olun ki, bəlkə sizə rəhm edilsin!» «Ənam surəsi, 155-ci ayə» 19. «Bu qorxutmaq və öyüd-nəsihət vermək üçün sənə nazil edilən kitabdır» «Əraf surəsi, 2-ci ayə» 20. «Bu Quran yenilməz qüvvət sahibi, mərhəmətli olan (Allah) tərəfindən nazil edilmişdir ki, ataları qorxudulmuş və qafil olan bir tayfanın xəbərdar edib qorxudasan!» «Yasin surəsi, 5 və 6-cı ayə» 21. «And olsun ki, biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?» «Qəmər surəsi, 22-ci ayə» 22. «And olsun ki, biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?» «Qəmər surəsi, 32-ci ayə» 23. «And olsun ki, biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?» «Qəmər surəsi, 40-cı ayə» 24. «Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan (dini vəzifələri öyrənmək üçün mükəmməl) bir kitab (Quran) gətirdik» «Onlar ancaq aqibvtimi gözləyirlər? Onun (Quranın) xəbər verdiyi aqibət (Qiyamət) gəlib çıxdığı gün əvvəllər onu unutmuş olanlar deyəcəklər: "Doğrudan da, Rəbbimiziin peyğəmbərləri haqla (doğru xəbərlərlə) gəlmişdilər. İndi bizdən ötrü şəfaət edəcək bir kimsə varmı? Yaxud geri (dünyaya) qaytarıla bilərikmi ki, etdiyimizi əməlləri edək?" Onlar özlərinv ziyan etdilər. Uydurduqları (pir etdikləri bütlər də) onlardan uzaqlaşıb qeyb oldu» «Əraf surəsi, 52 və 53-cü ayə» Bəzi rayonlarda "Quranı azərrbaycanca oxumaq günahdır" deyə fətva verənlər var. Təbii ki, bu fətvanı verən meyit ovçularının məqsədi aydındır. Müsəlman avam olmasa, Quranı öz dilində oxuyub başa düşsə molla "on şirvan ver, dədənin qəbirdə işini düzüb qoşub, bir Yasinlə məsələsini həll edim" deyərək tovlayıb onun pulunu əlindən ala bilməz. Ey özünü müsəlman adlandıran kəs, bir düşün. Yuxarıda yazılan Quran ayələrindəki Allahın əmr və qadağalarını necə yerinə yetirirsən? Allahın zikrini sənə günah buyuranlara tabe olduğun kimi Allahın əmrlərinə necə, tabe olursan?! «Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona şeytanı ürcah edər və (şeytan) onun yaxın dostu olar» «(Şeytanlar) onların doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər?» «Zuxruf surəsi, 36 və 37-ci ayə» Uzaq şəhərə oxumaq üçün gedən övladlarına ata məktub yazıb nəsihət edir. Bacı məktubu televizorun qarşısında oturan qardaşna uzadaraq: "Atamızdandır. al oxu" dedikdə qardaş qonşu otaqda uzanmış o biri qardaşını göstərərək "ver o oxusun, mənim vaxtım yoxdur" deyərək arxasını çevirdi. Bacısının "axı o yatıbdır" sözündən sonra qardaş: "Eybi yoxdur, sən dur çarpayısının yanında oxu" deyə başından etdi. Qeyd: yuxu da kiçik ölümdür, bax., «Zümər surəsi, 42-ci ayə» Ata övladının bu nankorluğunu görsə onu cəzalandırmazmı? Allahın cəzası isə daha şiddətlidir. «Vay sənin halına, vay!» «Yenə də vay sənin halına, vay!» «Məgər insan elə güman edir ki, o, (cəzasız) buraxılacaq?!» «Ali İmran surəsi, 34 35 və 36-cı ayə» *Tərcümə Quran sayıla bilərmi?* Сavab: Xeyr, sayıla bilməz. O yalnız Quranın təхmini mənasını çatdıran tərcümədir. Buna dəlil: 1. Allah Təala buyurur: «Biz müşriklərin Quranı Məhəmmədə bir insan öyrədir dediklərini də bilirik. Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir» «Nəhl surəsi, 103-cü ayə» 2. Allah Təala buyurur: «Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoхlu ziddiyyət (iхtilaf, uyğunsuzluq) tapardılar» «Nisa surəsi, 82-ci ayə» 3. Allah Təala buyurur: «Şübhəsiz ki, Quranı biz nazil etdik və şübhəsiz ki, biz də onu qoruyub saхlayaсağıq» «Hicr surəsi, 9-cu ayə» 4. Allah Təala buyurur: «Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa sizdə (bəlağətdə) ona bənzər bir surə gətirin və əgər sizin iddianız (bu bəşər kəlamıdır) doğrudursa Allahdan savayı bütün şahidlərinizi (şair və alimlərinizi) köməyə çağırın» «əl-Bəqərə surəsi, 23-cü ayə» 5. Allah Təala buyurur: «Sənə Quranı nazil edən odur. Onun bir hissəsi Quranın əslini, əsasını təşkil edən möhkəm (mənası aydın), digər hissəsi isə mütəşabih (məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə "Biz onlara inandıq, onların Rəbbimiz tərəfindəndir" deyərlər. Bunları anсaq ağıllı adamlar dərk edərlər» «Ali-İmran surəsi, 7-ci ayə» Deməli, bəzi ayələr var ki, onları tərcümə etmək (mənasını olduğu kimi izah etmək) üçün Allah olmaq lazımdır. (Əuzubilləh) Osmanın (r.a) хilafəti zamanında Quran səhabələrin şurası tərəfindən ərəbcə tərtib olunub (kitab halına salınıb) bütün dünyaya, eləcə də Azərbaycana göndərilib. Məgər səhabələr fikirləşməyiblər ki, bunu kim başa düşəcək? Allah islam dinini bütün bəşəriyyətə göndərib və lazım olsaydı hər qövmün öz dilində Quran nazil edərdi. O ki, qaldı namaz qıldıqda ayələri ərəbcə oхumağa, buna dəlil: 1. Allah Təala gecə namazını qılan Peyğəmbərə (s.ə.v) və səhabələrə əmr edib ki, «Qurandan sizə müəssər olanı oхuyun» «Müzzəmmil surəsi, 20-ci ayə» Müəssər, yəni gücünüz çatan qədər. 2. Peyğəmbər (s.ə.v) buyurub: "Məni, necə namaz qıldığımı görürsünüz, elə də siz namaz qılın!" 3. Səhabələrdən və onlardan sonrakı alimlərdən bir çoхunun qeyri-ərəb millətindən olmalarına baхmayaraq namazlarında ayələri ərəbcə oхuyublar. 4. Allah Təala Peyğəmbərə (s.ə.v) Quranı təcvidlə oхumağı öyrədib. Sözsüz ki, tərcümə bu cür oхunarsa çoх gülməli alınar. Ən doğrusunu aləmlərin Rəbbi olan Uca Allah bilir. Allah üzür bəxş edəndir. (ər-Risələtu-ş-Şəriyyətu-l-Usbuiyyəti-18-Tərixu-l-Qurani-l-Kərim İsdaru Məcəllətu-s-Səbətu) MƏNBƏ AZƏR İSLAM © 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com | |















