Hacı İlqar İbrahimoğlu: "VƏHHABİLİYİN ARXASINDA DAİMA MÜSƏLMAN TOPLUMLARINDA TƏFRİQƏ YARATMAQ İSTƏYƏN QÜVVƏLƏR DAYANIB"
- Ümumiyyətlə, mənim qənaətimə görə, istənilən toplumda radikallaşmanın özünəməxsus şəraiti olmalıdır ki, o, əmələ gəlsin. Əgər söhbət dini zəmində radikallaşmadan gedirsə, bunun da özünəməxsus səbəbləri var. Bu səbəblərdən ən köklü, ən fundamentalı budur ki, ölkədə islam maarifçiliyi, dini maarifçiliklə bağlı vəziyyətin lazımi dərəcədə olmamasıdır. Bu, proseslərə öz təsirini göstərir. Təəssüflər olsun ki, bu gün ölkədə öz üzərinə cavabdehlik götürən qurumlar, intellektual gerçək islam maarifçiliyi missiyasının öhdəsindən gələ bilmirlər.
Bunun üçün nə kütləvi informasiya vasitələrində, nə telekanallarda, nə qəzetlərdə hər hansı geniş, ciddi təbliğat aparılmır. Ölkənin bir neçə qəzetini çıxsaq, demək olar ki, ümumilikdə islam maarifçiliyi üçün mövcud olan imkanlar yoxdur. Üstəlik də sovet dönəmindən sonra insanlar arasında yaranmış ciddi mənəvi ehtiyac, vicdan səsinin oyanış məsələsi və bu kimi mövzulara ünvanlanmış bir ödəmə, islamın dəyərlərini çatdırılma məsələlərini biz müşahidə etmirik. Əksinə, insanlarımızın inancla rastlaşdığı məkanlar yalnız yaslar və yaxud ailə qurarkən kəbin mərasimi kimi məhdud bir dairə ilə bitir. Özü də ki, bir çoxları üçün bu mərasimlər qazanc mənbəyinə çevrilib. Yəni, dinlə üz-üzə gəlmək imkanları insanların həyatında bir neçə dəfə ilə məhdudlaşır. Bunlar sözsüz ki, bu və ya digər formada din pərdəsi altında gizlənən viruslar üçün geniş şərait yaradır. Və bəziləri bu şəraitdən istifadə edib insanları zombiləşdirirlər.
- Ümumiyyətlə, vəhhabiliyin İslam dininə aidiyyatı varmı?
- Vəhhabiliyin dinə heç bir aidiyyatı yoxdur. İslam din olaraq vəhhabilikdən tam ayrı bir şeydir. Vəhhabilik sadəcə olaraq ağ və qara rənglərdə məsələlərə yanaşmaq, İslamın mahiyyətində olan bütün alilikləri kənara qoymaqla səciyələnən bir məsələdir. Onlara görə, insanlara düşünmə, dərk etmə, fəlsəfə, məntiq haramdır. Uşaq üçün cizgi filmləri, kuklalar haramdır. Belə dəhşətli bir məfkurə gəlib çıxıb Azərbaycana. Yaranan gündən bunlar əslində Osmanlı imperiyasına qarşı çıxıblar. İslamın əsrlərdən bəri gələn mədəniyyət və sivilizasiyasına qarşı daim dağıdıcı mövqedə olublar. Neçə dəfə Kərbalaya hücum edib dağıdıblar. Özləri kimi düşünməyənləri kafir elan edirlər, onların malını, namusunu özlərinə halal bilirlər. Onların öldürülməsini özlərinə icazə verirlər.
Tarixən belə bir dağıdıcı, məhvedici mahiyyəti olan bir sistemdir vəhhabilik. Təəssüflər olsun ki, bu illərdə bunlar Azərbaycana da gəlib çıxıblar. Və yerli müsəlmanlara qarşı da daim «dindən çıxmış, dindən kənarda olan» kimi münasibət göstəriblər. Yəni, guya bütün Azərbaycanda olan müsəlmanlar yanlış dini inanclara malikdirlər. Sözsüz ki, bu, elə-belə olmayıb. Necə olur ki, şəhərin mərkəzi hissəsində yer götürərək, məscid tikirlər?! Ora toplaşmaq sözsüz ki, bəzi məmurların himayəsi ilə olub. İndi bunları anlayaraq məsələnin üzərinə getmək əzmi səsləndirilir. Amma, hələ də aydın deyil ki, nədən vaxt məhz indi seçilib. Əslində nə baş verdiyi haqqında qəti bir söz demək çətindir.
- Sizcə, bu gün vəhhabilik Azərbaycan üçün ciddi təhlükələr törədirmi?
- Bir neçə il öncədən bunun çox ciddi təhlükə olaraq yayılması müşahidə olunurdu və insanlar təbil vururdu. Niyə məhz mübarizə bu gün başlanır, və bunun kökündə vəhhabiliklə mübarizə dururmu, ya digər amil - bu haqda qəti fikir söyləmək çətindir.
- Bəs mübarizənin metodu bir din adamı olaraq sizi qane edirmi?
- Məncə, bu kimi təhlükənin qarşısına çıxmaq yolları əksər hallarda yanlışdır. Saqqal qırxmaqla, insanların saqqallarını yandırmaqla, insanlara qarşı adiminstrativ üsullardan istifadə etməklə bir şeyə nail olmaq mümkün deyil. Əksinə, belə üsullar radikallığı gücləndirmiş olur. Ağ və qara tonlarda baxan düşüncə tərzinin qarşısına İslamın gözəl mahiyyətini ortalığa qoymaqla, İslamın fələsəfəsini izah etməklə, elmli şəkildə bunu ortalığa qoymaqla çıxmaq olar. Maarifçilikdən kənar hər hansı üsul effetli olmayacaq və ziyanlıdır.
Niyə Türkiyədə yoxdur vəhhabilik? Çünki Türkiyədə oturuşmuş bir İslam maarifçiliyi var. Ona görə də vəhhabilik elə toplumlarda yaranır, inkişaf edir ki, o toplumlarda dini savadsızlıq var. Üstəlik də demokratiya, vətəndaş cəmiyyəti, insan haqları oturuşmamış toplumlarda bu və ya digər formada radikalllıq artır, o cümlədən də din sahəsində.
- Saqqal qırxmaq və ya yandırmaq kimi faktlar bizdə olub?
- Bəli. Zaqatalada bir neçə dəfə bununla bağlı faktlar olub. Bunlar əksinə, mənfi nəticələr verir. Bunlar düzgün mübarizə yolları deyil.
- Ümumiyyətlə, radikal dini cərəyanların Azərbaycanda inkişaf etməsində, hansısa dövlətlərin xüsusi kəşfiyyat orqanlarının rolu varmı?
- Bilirsiniz necədir? Ümumilikdə bu mövzularla bağlı hər hansı qəti fikir söyləmək üçün məlumat olmalıdır. Bu da sözsüz ki, müvafiq orqanların işidir. Bununla bağlı vətəndaş cəmiyyətinə aid olan insanların qəti fikir söyləməsi çox çətindir. Amma sözsüz ki, tarix onu göstərib ki, vəhhabiliyin arxasında daima islam toplumlarında, müsəlman toplumlarında təfriqə yaratmaq istəyən qüvvələr, güclər dayanıb. Daima belə olub.
- Azərbaycanda da belədir?
- Düşünürəm ki, bu - istisna deyil.
/ANS PRESS/
MƏNBƏ: İÇƏRİ ŞƏHƏR CÜMƏ MƏSCİDİ





axsaminiz xeyir
Mart 8, 2008 20:33