Bu il Azərbaycandan 5000-ə yaxın zəvvar müqəddəs torpaqları ziyarət edəcək
Bu il Azərbaycandan 5000-ə yaxın zəvvar müqəddəs torpaqları ziyarət edəcək. Bu barədə ANS TV-yə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Məlumata görə, QMİ onların səfəri üçün bütün hazırlıqları başa çatdırıb. Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini Hacı Salman Musayevin sözlərinə görə, zəvvarlar ziyarətə həmişəki kimi həm avtobus, həm də təyyarə ilə yola düşəcəklər. Avtobusla gedənlər ölkəni dekabrın 2-dən 5-nə, təyyarə ilə isə dekabrın 9-dan 13-nə kimi tərk edəcək. Ümumiyyətlə isə ziyarət müddəti 18 gündür.
Zəvvarlar bu müddət ərzində həm Məkkə, həm də Mədinə şəhərlərini ziyarət edəcəklər. Qeyd edək ki, avtobusla ziyarətə getmək 1460 manata başa gəlir. Təyyarə ilə ziyarət isə bundan bir qədər baha- təxminən 2280 manata başa gəlir. Bu pula əsasən yol və mehmanxana xərcləri daxildir.
Həcc ziyarətinə getmək istəyənlərin arzusunu təkcə Qafqaz Müsəlmanları İdarəsi reallaşdırmır. Bu işlə həm də idarənin məsləhət bildiyi, Mədəniyyət və Turizm Nazirliyindən lisenziya alan 9 özəl şirkət məşğul olur. Həmin şirkətlər bu il eksperiment olaraq avtobusla hərəkət edən zəvvarlara yeni marşrut təklif ediblər.
Marşrutlardakı dəyişikliklərə əsasən, avtobuslarla gedənlərin bəziləri Gürcüstan ərazisindən keçəcək. QMİ-nin avtobusları isə köhnə qaydada İran ərazisindən keçəcək./ANS TV/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




