Çağdaş Azərbaycan xəttatları
BİSMİHİ TAALA
Qur`ani-kərim yer üzünə nazil olduqdan sonra bir sıra dini elmlər ilə yanaşı sənətlər də ortaya çıxmağa başlamışdır. Bu sənətlər islam mədəniyyətinin nümünələri kimi əsrlər boyu inkişaf etmiş, rəngarəngliyini artırmış, insanlar tərəfindən sevilərək öyrənilmiş və öyrədilmişdir. Belə sənətlərdən biri ərəb yazısının gözəl bir üslubda köçürülməsi ilə məşğul olan xəttalıq sənətidir. Xəttatlıq ərəb yazısı üzərində yaranmış və inkişaf etmişdir.Ən qədim müsəlman müəlliflərindən biri olan əl-Bəlazurinin (v.892) verdiyi məlumata görə ərəb əlifbası Tay qəbiləsindən olan Muramir ibn Mürrə, Əsləm bin Sidrə və Əmr bin Cədrə adlı üç nəfər tərəfindən süryani əlifbasından edilərək hazırlanmışlar. Oxuyub-yazmaq isə Məkkəyə Dümətul-Cəndəlli Bişr bin Əbdül-Məlik bin Əbdül-Cinnə tərəfindən gətirildiyi rəvayət edilir. İslam dininin yer üzündə bərqərar olduğu dövrdə isə Məkkədə cəmi 17 nəfərin oxuyub yazdığı haqqında məlumatlar var.(1,24) Xəttatlığın yaranması ərəb dilində ilk yazılı mətn sayılan Qur`ani-kərimin köçürülməsi ilə başlamışdır. İslam ərəb yazısının zərururiliyini artırmış, onun inkişaf və istifadə sahələrinin genişləndirmişdir. Vəhyilərin, daha sonralar isə Həzrət Məhəmmədin (s.) hədislərinin yazılması müsəlmanlar tərəfindən sevilən bir işə cevrilmişdi. Həmçinin Həzrəti Peyqəmbər islam dövlətinin başçısı kimi zəkat gəlirlərini, qənimətləri, müharibələrdə iştirak etmək istəyənlərin adlarını qeyd etməyi əmr etmişdi. Qur`ani-kərimin bəyanına görə (Bəqərə sürəsi, 282 ayə ) bütün borclar yazıya köçürülərək sənədləşdirilməli idi. Həzrəti Məhəmməd (s.) müsəlmanların yazma-oxuma işinə çox diqqət edirdi. Bəzi mənbələrdə onun yazı yazma ədəbinə və “bismilləh”dəki hərflərin yazılış şəkli və tərzinə dair təvsiyələri haqqında məlumatlar vardır. Bununla yanaşı Peyqəmbər Mədinədə müsəlmanlara oxuma-yazma öyrədən əsirlərin əsrlərlikdən azad edilməsi haqqında əmr vermişdi. Beləliklə isə Mədinə xəttatlığın ilk mərkəzinə çevrildi (1,26). Həzrəti Məhəmmədin (s.) vəfatında sonra səhabələr hədislərlə yanaşı, Peyğəmbərin həyatını, onun fiqhi görüşlərini, iştirak etdiyi müharibələri qələmə alırdılar. İslam aləmində ilk əsərlərin yazıldığı tabiin dövründə isə bir çox islam alimləri onların yazdıqları məlumatlardan istifadə edərək islam tarixi, fiqh , hədis elmi haqqında dəyərli əsərlər yazmışlar. Bu əsərlərin üzünün dəfələrlə köçürülməsi ilə əlaqədar islam aləmində əlyazma kitab mədəniyyəti yaranmışdır. Əlyazma kitab mədəniyyəti sayəsində isə bir sıra yeni sənət növləri ortaya çıxmışdır. Belə ki, əlyazma əsərlərin nüsxələrini çoxaltmaq üçün katib ilə yanaşı xəttat, rəssam, müzəhib, cildçilərin də əməyindən istifadə edilirdi. Xəttatlıq sənəti əsasən bir fənn kimi mədrəsələrdə tədris edilirdi. Lakin bu sənətə yiyələnmək üçün ancaq savadlı olmaq yetərli deyildir. Xəttatlıq böyük səbr, bacarıq və diqqət tələb edən bir sənətdir. Əlyazma əsərlərin nüsxələrinin çoxaldılması ilə məşğul olan bu insanlar saray kitabxanalarında, mədrəsələrdə və eləcə də evlərdə fəaliyyət göstərmişlər(3,19). Xəttatlıq bir bədii incəsənət əsəri kimi xəttatın elmi səviyyəsinin və istedadının ifadə edir. Ərəb yazısının bir-birindən fərqləndirən bədii-texniki əsasları müxtəlif xətt növlərinin ortaya çıxmasına səbəb olmuşdur. İlk xətt növü kimi kufi daha sonralar isə nəsx, nəstəliq, sülüs, reyhani, rüqə kimi xətlər yaranmışdır. İslam dini Azərbaycanın etiqadi və mənəvi dəyəri olduqdan sonra xəttalıq digər dini elmi sahələr ilə yanaşı öyrənilmiş, tədris edilmiş və özünəməxsus xəttatlıq məktəbi yaranmışdır. Azərbaycanda ta orta əsrlərdən başlayaraq bu sənətlə məşğul olmuş bir sıra insanlar yaşamışdır. Məsələn, azərbaycanlı xəttatlardan biri XVI əsrdə yaşamış altı xətt nümunəsinin mahir ustası Mübarək-şah Zərrinqələm olmuşdur. Mənbələrdə Mir Nemətulla inb Məhəmməd Bəvvab adlı azərbaycanlı xəttatın uzun müddət süls və nəsx xəttinda yazdığı haqqında məlumat vardır.(4,42) Digər bir xəttat isə XVI əsrdə yaşamış Abdulla Qazı oğlu Xoyludur. Xəttat təliq və nəsx xətti ilə yazdığı rəvayət edilir. (4,48) XIX əsr ortalarında Azərbaycanda mədrəslərdə hüsnü-xətt dərsinə xüsusilə diqqət edilməyə başlanmışdı. Belə mədrəsələrdən biri Nuxada Əbdülğəni Xalisəqarızadə Nuxəvinin (1817-1879) mədrəsəsi idi. Bu mədrəsənin xəttatlıq sənətinin inkişafında böyük rolu olmuşdur. Əbdülğəni Nuxəvi həm istedadlı mətnşünas və dilşünas alim olmaqla yanaşı həmçinin gözəl xəttə sahib idi. Alimin xəttatlığa dair “Məcməül-xoş xətt” adlı əsəri vardır (2,93) Həmin əsrdə xəttatlıq sənətinin inkişafında böyük xidmətləri olan digər bir alim isə Mirzə Şəfi Vazeh olmuşdur. Gözəl nəstəliq xəttinə sahib olan Vazeh Gəncə mədrəsəsində xəttatlıqdan dərs vermişdir (2,46). Azərbaycanın bir çox şəhərlərində olduğu kimi Bakı şəhərində də xəttatlıq xüsusilə sevilən bir sənət olmuşdur. Bakı şəhərinin ətraf kəndlərində xəttatlıq sənəti daha çox məscidlərin nəzdindəki məktəblərdə dini dərslərlə bərabər tədris edilmiş və bu sənətin mahir ustaları da yetişmişdir. XX əsrdə yaşamış Azərbaycanın bəzi mahir xəttatları haqqında mənbələrdə heç bir məlumat yoxdur. Bir çox din alimləri kimi xəttatlar da yaşadıqları əsrin qadağanları sayəsində tanınılmamış və hətta unudulmuşdur. Belə xəttatlardan Mirzə Əsədullah Abidin oğlu 1882-cü ildə Bakı şəhərinin Suraxanı kəndində dindar bir ailədə anadan olmuşdur. Onun atası Abidin qohumlarının xatırladığına görə bənna olmuşdur. Anası Hilal xanım Suraxanı kəndinin sakini idi. Xəttat ilk təhsilini Suraxanı kəndində almışdır. Mirzə Əsədullahın uşaqlıq və gənclik dövründə Suraxanıda Hacı Xasay məscidi fəaliyyət göstərirdi. Məhz bu məscidin axundu olan Cəfərqulu Hacıbaba oğlunun onun həyatında mühüm rolu olmuşdur. Cəfərqulu Hacıbaba oğlu uzun müddət İranda mükəmməl dini və dünyəvi elmlərdən təhsil aldıqdan sonra doğma kəndinə Suraxanıya geri dönmüşdür. O, burada Hacı Xasay məscidində axund vəzifəsinə təyin olunmuş və sovet dövrünə qədər orada işləmişdir. Cəfərqulu Hacıbaba oğlu axund olmaqla yanaşı ömrünün sonuna qədər tədrislə məşğul olmuşdur. Axundun nəvəsi Əzizə xanımın xatirələrinə görə babasının sevimli və xüsusi xətt bacarığına sahib olan tələbələrindən biri Mirzə Əsədullah olmuşdur. O, axunddan ərəb, fars dillərini , dini elmləri öyrənmiş və xəttatlığa yiyələnmişdir. İllər sonra Mirzə Əsədullah axundun qızı Tuğra ilə ailə qurmuşdur. Xəttat rus dilini də mükəmməl bildiyindan aydınlaşır ki, o Suraxanı kəndində və ya Bakı şəhərində XX əsrin əvvəllərində sayı get-gedə artan rus dilli məktəblərin birində oxumuşdur. O, xəttalığı axund Cəfərquludan başqa kimdən öyrəndiyi haqqında heç bir məlumat yoxdur. Ola bilsin ki, Mirzə Əsədullah öz fitri istedadı sayəsində kiçik yaşlarında axund Cəfərquludan xəttatlığı öyrənmiş və illər sonra daha təkmilləşdirmişdir. Çünki mənbələrdə o dövrdə Bakı və onun ətrafındakı kəndlərdə ona dərs verəcək hər hansı mahir xəttatın yaşadığı haqqqında heç bir məlumat yoxdur. Lakin Mirzə Əsədullahın dərs verdiyi haqqında məlumat vardır. Zirəli xəttat Əhməd Əlizadə Suraxanıda Mirzə Əsədullahdan xəttatlığı öyrənmişdir. Əlizadə xatirələrində Mirzə Əsədullahın on bir xətt nümunəsi ilə yazdığını bildirir. Həmçinin xəttatın yaxın qohumu uzun illər BDU müəllimi olmuş Ağayusif Əliyevdə xəttatlığı Mirzə Əsədullahdan öyrətmişdir. Digər tərəfdən isə əgər Bakıda, bəlkə də Azərbaycanda Mirzə Əsədullahdan daha mahir bir xəttat yaşasaydı Musa Nağıyeva məxsus olan məşhur “İsmaliyyə” binasının tikintisi zamanı binanın fasadının beş güşəsində yazılacaq hədislərin xəttatı kimi onu dəvət etməzdilər. “İsmaliyyə” binasının tikintisi 1908-ci ildə başlamış 1913-cü ildə sona çatmışdır. 1908-ci ildə xəttatın cəmi 26 yaşı var idi. Bunu nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Mirzə Əsədullah artıq bu yaşda məşhur bir xəttat idi. O, həmin dövrdə həmçinin bir çox qazet və jurnalların başlıqlarını yazmışdır. Mirzə Əsədullah sovet dövrünə qədər Suraxanı kəndində yaşayaraq xəttalıq ilə məşgul olmuş və müxtəlif yazı sifarişləri ilə öz maddi ehtiyaclarını qarşılamışdır. Onun xətti ilə 1911-ci ildə (h.1329) yazılmış tarixi dəyəri olan Qur`ani-kərimin otuz cüzü hal-hazırda Suraxanı kəndinin bir sakinin evində saxlanılır. Xəttat Qur`an ayələrini nəsx xətti ilə yazdığı halda xətm duasını nəstəliq xətti ilə yazmışdır. Mirzə Əsədullah bu Qur`anın xəttatı olmaqla yanaşı həmçinin bədii tərtibatçısı olmuşdur. O, tərtibat işində rəngli boyalardan istifadə etmiş, Qur`an ayələrini bəzəkli çərçivəyə salmışdır. Xəttat hər bir cüzü ayrıca olaraq cildləmişdir. Bu Qur`ani-kərimi araşdırdıqdan sonra belə bir nəticəyə gəldik ki, Mirzə Əsədullah 29 yaşında gözəl bir xətt ustası və əlyazma kitabların bədii tərtibatçısı idi. Bundan başqa Suraxanı kəndində Mirzə Əsədullahın sifarişlə yazdığı Qur`an ayələrindən tərtib olunmuş xalq arasında “çərəkə” adı ilə tanınılan kitabçalar daha çoxdur. O, çərəkələrin yazılmasında bədii tərtibatdan istifadə etməmişdir. lakin buna baxmayaraq, yazılışda xəttatlığın bütün texniki qaydalarına tamamilə riayət edilmişdir. Bu çərəkələrdə xəttat Qur`an ayələrini nəsx xətti ilə yazmışdır. Tədqiqat zamanı bizə məlum oldu ki, Mirzə Əsədullah ancaq dini mətnlər yazmamamışdır. Məsələn o, xətt elmindən bəhs edən “Risaleyi-xətti” və tarixə dair “Təliqə dər hacvə Sultan Mahmud” adlı müxtəlif mövzulu kitabların katibi olmuşdur. Xəttatlıq sənətində müxtəlif növ xətt nümunələri vardır. Mirzə Əsədullahın bu günə qədər qorunub saxlanan tablo şəklində tərtib etdiyi on bir xətt nümunəsi onun mükəmməl xətt ustası olduğuna bariz bir dəlildir. O, ömrünün son illərində yəni 1940-cı ildə yazdığı on bir xətt nümunəsini gözəl bir bədii tərtibatda, çərçivəyə salmışdır. Burada xəttat kufi, nəsx, nəstəliq, reyhani, divani, şikəstə, sülüs və sairə xətt nümunələrini göstərmişdir. Bizim tədqiq etdiyimiz bütün əlyazmaların sonunda isə xəttat öz adını qeyd etmişdir: Əsədullah bin Abidin əl-Suraxani Bədkubi. Xəttat heç bir yazı nümunəsində özünü mirzə olaraq tanıtdırmamışdır. Xalq ona hörmət və sevgisini bildirmək üçün Mirzə olaraq müraciət etmişlər. Onun mirzə kimi rəsmi heç bir vəzifəsi də olmamışdır. Umumiyyətlə həyatı boyunca demək olar ki, ancaq xəttatlıqla məşğul olmuş və öz sənətinin əməyi ilə ailəsini dolandırmışdır. Mirzə Əsədullahın müəllim kimi tədris ocaqlarında az bir vaxt ərzində fəaliyyət göstərdiyi haqqında bəzi məlumatlar da vardır. Əvvəl ADR dövründə BDU-da, sovet dövrünün ilk illərində isə Ağamalıoğlu texnikumda hüsnü-xətdən dərs vermişdir. Lakin o, dinimizi xatırladan geyiminə görə texnikumdan xaric edilmişdir. Bundan sonra xəttatın həyatında uzun sürən ən agır mənəvi və maddi illəri başlanır. Artıq dinin yasaqlandığı və dindarların cəzalandırıldığı bir dövrdə dini mətnlərin yazılması və köçürülməsi ilə məşğul olan xəttat işsiz qalır . İnsanlığı bir addım belə irəli aparmayan qanunlar görə Mirzə Əsədullah bağışlanmaz insafsızlıqlara düçar olur. Ona maddi yardım etmək üçün kəndin ziyalı gəncləri xəttatın dərs verməsi üçün kurslar açmışlar. O, bu kurslarda xəttatlıq ilə yanaşı, sümükdən müxtəlif bəzək əşyaları, çərçivələrin hazırlanmasını öyrədirdi. Xəttatın sovet dövründə həyat şəraitinin ağırlaşmasının digər bir səbəbi isə onun dininə bağlı qalması olmuşdur. Yeni dövlətin azadlığı təhlükəyə salan yeni qanunları Mirzə Əsədullahın da həyatına da təsir edir. O, sovet dövrünün qanunlarına görə səsvermə hüququndan məhrum edilir. 1931-ci ildə xəttat Suraxanı kəndini tərk edir və ömrünün sonuna qədər bir daha o kənddə geri dönmür. 1934-cü ilədək Mirzə Əsədullah Əmircan kəndində dostu molla Ağaqulunun evində yaşayır. Onun bu illərdə necə yaşadığı haqqında heç bir məlumat yoxdur. Mirzə Əsədullah sümükdən, taxtadan gözəl fiqurlar, büstlər düzəldirdi. Xattat özünə lazım olan bütün xəttatlıq alətlərini də özü hazırlayardı. Onun sümükdən hazırladığı şəkil üçün çərçivələrədən biri xəttatın yeganə şəkli ilə bərabər qorunub saxlanılır. Bu çərçivə üstündə quşlar oturmuş bir budaq halında hazırlanmışdır. Mirzə Əsədullah sənətlə bərabər şeirədə bağlı bir insan idi. O, Füzulini, Hüseyn Cavidi çox sevərmiş, hətta taxtadan Füzulinin büstünu yonub hazırlamışdı. Mirzə Əsədullah ərəb dilini mükəmməl bildiyi üçün xəttatlıqla yanaşı Qur`anın tərcüməsi ilə də məşğul olmuşdur. Qohumları onun Şüvələndə bağda Qur`an tərcümə etdiyini görmüşlər. Lakin onun bu tərcümə işi qalmamışdır. 1934-cü ildə Firdosinin 1000 illik yübileyi ərəfəsində xəttat şairə həsr olunmuş albomun hazırlanması işinə cəlb edilir. O, “Şahnamə” əsərindən hər kəsi heyrətdə qoyan şeir nümunələri yazmış və onun bu işini yüksək qiymətlədirən sovet dövləti Mirzə Əsədullaha səsvermə huququnu yenidən bərpa edir. Onun xətti yenidən böyük macəralardan sonra zəfər qazandı. Lakin artıq əlli iki yaşına çatmış Mirzə Əsədullah məhz həmin ildə ilk müəllimi və qaynatası olan axund Cəfərqulunun Şüvələn kəndində öz bağı ilə yanaşı onun üçün abadlaşdırdığı evə köçür. Övladı olmayan xəttat ancaq xanımından ibarət olan ailəsi ilə ömrünün sonuna qədər bu bağda yaşayır. Daima yeni xəyallarla yaşayan xəttat bu bağda da cürbəcür bəzək əşyaları, taxtadan büstlər hazırlamaqla məşğul olur və o dövrdə insanlara çox az lazım olan çərəkələr yazırdı. Xəttatın belə həyat tərzi ömrünün sonuna qədər davam etmişdir. 1943-cü ilin may ayının 5-də Mirzə Əsədullah Abidin oğlu Şüvələn kəndində, bağ evində dünyasını dəyişir. O, Şüvələn kəndinin Cullar məzarlığında dəfn edilmişdir. XX əsrdə yaşamış digər bir xəttat isə Əhməd Murad oğlu Əlizadə olmuşdur. Bu xəttatın həyat və yaradıcılığı haqqında məlumat toplamaq üçün onun şəxsi arxivini tədqiq etdik. Xəttat “Hacı Pir-Verdi” məscidinin doğum qeydiyyatı kitabından yazılmış şəhadətnaməyə görə 1900-cu ilin dekabr ayının iyirmi ikisində Bakı şəhərində, keçmiş Karqanov küçəsi ev № 32 dindar bir ailədə anadan olmuşdur. Onun atası Hacı Murad Əli Qənbər oğlu Əlizadə Bakı şəhərində məscidlərin birinin axundu olmuşdur. Anası Zibeydə Hacı Kərəm qızı Bakının Zirə kəndindən idi. Həyatının iyirmi ili ərzində yəni inkar dövrü sayılan sovet dövrünə qədər xəttat həm dini və həm də dünyəvi elmlərdən mükəmməl təhsil almışdır. Ə.Əlizadənin yazdığı tərcümeyi-haldan məlum olur ki, o ilk təhsilini Bakı şəhərində yerləşən məktəblərdən birində almışdır. Tərcümeyi-hal rus dilində yazıldığı üçün xəttatın rus dilini də yaxşı bildiyi aydın olur. XX əsrin əvvəllərində Azərbaycanın bir çox şəhərlərində olduğu kimi Bakıda da rusdilli məktəblər fəaliyyət göstərirdi. Ə.Əlizadə məhz bu məktəblərin birində dörd il ibtidai təhsil almışdır. Lakin o, məktəbə getməmişdən əvvəl Bakı şəhərində məscidlərin birinin nəzdindəki məktəbdə Qur`an oxumağı öyrənmiş və dini bilgilər almışdı. Məhz bu illərdə Ə.Əlizadə hüsnü-xətt ilə məşğul olmağa başlamışdır. O, xəttatlıq sənətinin sirlərinə daha da dərindən yiyələnmək üçün bir neçə il Mirzə Əsədullah Abdin oğlundan dərs almışdır. İbtidai təhsilini bitirdikdən sonra xəttat Bakı şəhərində “Nur” məktəbində on beş yaşına qədər, yəni dörd il oxumuşdur. Onun bu təhsil ocağını bitirdiyi haqqında sənəddən məlum olur ki, Ə.Əlizadə bütün fənlərdən “beş” alaraq məktəbi qurtarmışdır. Bu illər ərzində Ə.Əlizadə yay tətili zamanı atasının təkidi ilə Zirə kəndinə getmiş və orada dini biliklərini artırmaq üçün məsciddə oxumuşdur. “Nur” məktəbində təhsili sona çatdıqdan sonra xəttat 1914-1919-cü illərdə Bakı şəhərində “Səadət” adlı mədrəsədə təhsil almışdır. Ə.Əlizadə bu illərdəki təhsilini sovet dövrünün dini təhsilə qarşı olan qəddar qanunlarından gizlətmək üçün tərcümeyi-halında “on beş yaşından üç il fars dilini öyrənmişəm” sözləri ilə əvəz etmişdir. Ə.Əlizadənin dini təhsili bununla sona çatmışdır. Xəttatın sonrakı həyatı alışdığı dəyər hökmlərinin yeni dəyər hökmləri ilə əvəz olunduğu bir dövrə təsadüf edir. 1920-ci ildə xəttat təhsilini Pedoqoji İnstitutda davam etmək istəmişdir. 1921-ci ildə Ə.Əlizadə fəhlə fakultəsi adlı sistem üzrə Pedoqoji İnstitutda oxumağa başlamışdır. Lakin onun təhsili yarımçıq qalmışdır. Məlumatlara görə Ə.Əlizadə dindar ailədən olduğu üçün institutdan çıxartmışdılar. Lakin tərcümeyi-halında xəttat institutdan ailəsinə işləyib kömək etmək məqsədi ilə çıxdığını qeyd edir. Bu isə əlbətdəki o dövrün məlum səbəblərindən yaranan etiraf idi. Ali dini təhsili olan Ə.Əlizadə institutundan çıxdıqdan sonra Bakının bir çox kitabxanalarında müxtəlif vəzifələrdə işləməyə başlamışdır. Ə.Əlizadə 1922-ci ildə Bakı şəhərindəki M.Əzizbəyov adına kitabxana işləməyə başlamışdır. Onun arxivindəki sənədlərdən məlum olur ki, xəttat 1923-cü ildən isə artıq Bakı şəhərindəki M.Ə. Sabir adına kitabxanada işləmişdir. Həmin ildə Ə.Əlizadə Pedoqoji Texnikuma daxil olmuşdur. Bu texnikomu xəttatın 1928-ci ildə bitirdiyi haqqında şəxsi arxivində Xalq Maarif Komissarlığının verdiyi şəhadətnamə vardır. Lakin onun kitabxanalardakı iş fəaliyyəti davam etdiyi xəttatın qiyabi təhsil aldığı aydındır. 1924-cü ildə Ə.Əlizadə həmçinin “Yeni Fikir” qazetində katib vəzifəsində işləmişdir. 1929-cu ildə isə o, Məktəbəqədər Pedoqoji Məktəbdə mühasib köməkçisi işləməyə başlamışdır. Xəttatın şəxsi arxivində o dövrə xas olan bir sənədlə qarşılaşdıq. Bu sənəd Ə.Əlizadənin 1930-1932-ci illər ərzində, üç il müddətində azadlıqdan məhrum olduğunu və bu illərini Orta Asiyada Əmək İslah Düşərgəsində keçirtdiyinə dəlalət edirdi. Həbsdən geri dönən kimi Ə.Əlizadə 1933-cü ildə Artem (Pir Allahı) adasının kitabxanasında müdir işləməyə başlamışdı. Bu kitabxanada işlədiyi müddət ərzində o, həmçinin adanın savadsız əhalisinə dərsdə vermişdir. 1935-ci ildə Ə.Əlizadə Məlikova Məsmə adlı bir xanımla ailə qurur. Xəttatın beş övladı olmuşdur . Ailə qurduqdan sonra xəttat artıq şəhərə geri dönür və 1935-ci ildən 1940-cı ilədək Luçarski adına kitabxanada müdir işləyir. Böyük Vətən Müharibəsi ərəfəsində Ə.Əlizadə Mülki Müdafiə Komissarlığının “Havaya Qarşı Kimya Müdafiəsi” adlı kurslarda oxumuş və əla qiymətlərlə bu kursları bitirmişdir. Bu onun aldığı sonuncu rəsmi təhsil idi. Bakı şəhərində Ə.Əlizadə son iş yeri 1940-1941-ci illərdə M.Ə.Sabir adına pedoqoji məktəb olmuşdur. O, bu məktəbdə mühasib olaraq işləmişdir. 1942-ci ildə xəttat atası və ailəsi ilə birlikdə Bakıdan 50 km uzaqlıqda yerləşən Zirə kəndinə köçür. O, ömrünün sonuna qədər burada yaşamışdır. Ə.Əlizadənin bir xəttat kimi fəaliyyəti məhz bu illərdə genişlənmişdir. Onun bu kənddə köçüb məskən salmasına səbəbi isə daha çox dindarların təqib olunduğu şəhərdən uzaqlaşmaq idi. Ə.Əlizadə bu kənddə həm dini həyatını, həm də öz sevdiyi sənətlə şəhərə nisbətən daha çox məşğul ola bilirdi. Xəttat anasının doğulduğu bu kənddə yay tətillərində uşaqlıq illərini keçirtmişdir. Onun Zirə kəndindəki iş həyatı şəhəryanı təsərrüfat idarəsində mühasib olaraq işləməklə başlamışdır. 1943-1944-cü Böyük Vətən Müharibəsi illərində isə Azərbaycandan uzaqlarda Ə.Əlizadə hərbi səhra poçtasında işləməklə vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirmişdir. Müharibədən geri dönən xəttat yenidən mühasib vəzifəsində əvvəlki işində çalışmağa başlamışdır. Ə.Əlizadənin şəxsi arxivində onun iş fəaliyyəri haqqında başqa bir sənəd yox idi.Ə.Əlizadə təqayidə çıxdıqdan sonra ömrünün sonuna qədər xəttatlıqla yanaşı dini nigahların bağlanması, ərəb və fars dilində olan mətnlərin bərpası ilə məşgul olmuşdur. O, xususilə Qur`ani-kərim mətninin bərpası ilə məşğul olmuşdur. Ə.Əlizadənin yanına bu iş üçün Azərbaycanın müxtəlif bölgələrindən hətta Dağıstandan gələnlərin çox olmuşdur. Bu isə öz növbəsində onun bir xəttat kimi məşhurluğunu və ustalığını subut edir. Ə.Əlizadənin xəttatlıq sənətini öyrənən BDU –nun tələbələri də olmuşdur. Lakin bu tələbələrin kimliyi haqqında heç bir məlumat yoxdur. Ə.Əlizadə Azərbaycanın Mikail Rzaquluzadə, Yusif Məmmədəliyev kimi məşhur ziyalıları ilə dost olmuşdur. Ə.Əlizadə rüqə, nəsx və nəstəliq xəttinin mahir ustası idi. Xəttatın əsərlərindən bəzi nümunələr Gəncə İmamzadə məscidində, Zirə kənd məscidində, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılmışdır. Ə.Əlizadənin ailəsi onun əlyazmalarından mərsiyələrdən ibarət iki kitabını, Ramazan ayında oxunulacaq dualar kitabını, Qur`an surələrinin yazıldığı dəftərləri hifz etmişdir. Xəttat bütün əlyazmalarının sonunu da “Tamam oldu, Əhməd, Zirə qəsəbəsi “ sözlərini qeyd etmişdir. Azərbaycanlı xəttat Əhməd Murad Əli oğlu Əlizadə 1985-ci ildə Bakı şəhərinin Zirə kəndində vəfat edir. Mirzə Əsədullah Abidin oğlu və Əhməd Əlizadə Murad Əli oğlu inkarın inkar edildiyi və tariximizə yenidən baxıldığı dövrü görə bilmədilər.Lakin belə şəxsiyyətlərin istər elmi, istərsə də ictimai həyatlarının dəyəri və zəfər abidələri onlardan bizə yadigar qalan xatirələridir. Bu xəttatların bizə yadigar qalan xatirəsi illər boyu mənəvi dəyərlərimizi qoruyan və dinin yük olduğu bir vaxtda üsyan edən xəttləridir. Hər bir insan sənətkar olmadığı kimi, yalnız başına ifadə məhərətlərini istifadə edərək də sənətkar ola bilməz. Sənətdə sənətkar gözəllik həyacanını yaşamalı və yaşatmalıdır. Onların xəttinin ifadə etdiyi dəyərlər insanı tam mənasi ilə gözəllik həyacanına məhkim edir. 1 Hamidullah M.Hz.Peygamberin altı orijinal diplomatik mektubu.İstanbul:Beyan, 1998.2. Nurəliyeva T. Azərbaycan ədəbiyyatının tədqidində əlyama kolleksiyalarının əhəmiyyəti. Bakı: Şərq-Qərb, 1998.3.Şərifli K. Mətnşünaslıq. Bakı: Tural-Ə, 2001.
4. Tərbiyət M. Danışməndi Azərbaycan. Bakı: Elm, 1997.
NAİLƏ SÜLEYMANOVA İlahiyyatçı, Alim.
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com














