"Qurban bayramı ərəfəsində ətin qiymətinin artırılmasına yol verilməyəcək"
Qurban bayramı ərəfəsində mal və qoyun ətinin qiymətinin süni şəkildə artırılmasına yol verilməyəcək. Kənd Təsərrüfatı Nazirliyi hesab edir ki, rayonlardan paytaxta daha çox mal və qoyun ətinin gətirilməsi bahalaşmanın qarşısını ala bilər. Odur ki, bu gün təşkil olunan yarmarkalara ötən həftəyə nisbətən 16 min ton artıq mal və qoyun əti gətirilib. Nazir İsmət Abbasovun sözlərinə görə, qiymətlərin bahalaşmasında ən çox vasitəçilərin rolu olur.
İsmət Abbasovun sözlərinə görə, qiymət artımı bəzi hallarda obyektiv səbəblərdən asılı olsa da, bəzi hallarda subyektiv səbəblərlə bağlıdır.
Qeyd edək ki, yarmarkada mal ətinin 1 kiloqramı 3 manat 60 qəpikdən, qoyun ətinin qiyməti isə 4 manata təklif olunur. Yarmarkalardan fərqli olaraq bazarlarda və müxtəlif ət dükanlarında mal və qoyun əti 60-70 qəpik baha satılır.
İqtisadi İnkişaf Nazirliyinin antiinhisar dövlət xidməti də Qurban bayramında mal və qoyun ətinin qiymətinin süni şəkildə artırılacağından narahatdır. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, bununla bağlı dövlət xidməti ət satışı ilə məşğul olanlara xəbərdarlıq edib. İş adamlarına bildirilib ki, bayram ərəfəsində qiymətləri qaldırsalar, onlar haqqında inzibati tədbirlər görüləcək. Antiinhisar xidmətinin əməkdaşları yoxlamaları davam etdirirlər. Xidmət Qurban bayramı ərəfəsində ət satılan yerlərə baxış keçirir və həmin yerlərin siyahısı hazırlanır ki, bayram günləri qiymətlərə nəzarət daha asan olsun. /ANS TV/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




