Din siyasət deyil...
Mən ümumiyyətlə, etik qaydaları gözləyərək, 2006-cı ilin iyul ayından bugünədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı heç bir fikir söyləməmişəm. Bu niyyətimdə də qalıram. Lakin elə ciddi hadisələr və yaxud səhvlər var ki, onlara münasibət bildirməmək həm ictimaiyyətə hörmətsizlik, həm də dövlətin din sahəsində apardığı müsbət işlərə biganəlik kimi qiymətləndirilə bilər.Odur ki, jurnalistlərin çoxsaylı təklif və təkidlərini nəzərə alaraq yalnız bir məsələ ilə bağlı öz mülahizələrimi söyləmək istəyirəm. Bu, Dövlət Komitəsinin 1000 nüsxədən ibarət nəşr etdiyi kitabla bağlıdır. Kitabın məzmununa toxunmadan ancaq onun adında özünə yer tapan «dini siyasət» söz birləşməsi ilə bağlı olacaq
Belə bir ifadə heç vaxt dövlətimizin başçıları tərəfindən işlədilməmişdir. Çünki din dövlətdən ayrı olduğu bir məmləkətdə dövlətin «dini siyasəti» ola bilməz. Bu, məsələnin görünən tərəfi. «Dini siyasət» ifadəsini işlədənlərin, görünür nə din, nə də təəssüflər ki, siyasət sahəsində elementar bilikləri yoxdur. Dövlət Komitəsinin adında da dövlətin mövqeyi öz yerini tapıb. Belə olmasaydı, onun adını «Dini İşlər üzrə Dövlət Komitəsi» qoyardılar, yaxud «Dini işlər Komitəsi» kimi səslənərdi. Deməli, hələ Komitənin adını belə tam anlamayan şəxslər «dövlətin din siyasəti» kimi heç bir konkret məzmun kəsb etməyən ifadə işlədə və bununla fəxr edə bilirlər. Dövlətin «din siyasəti» yox, cəmiyyətdə dinlərin rolu və yeri ilə bağlı baxışı, konsepsiyası ola bilər. Bu konsepsiya din-dövlət münasibətlərini tənzimləməkdə əsas istiqamətləri müəyyənləşdirir. Hazırda bu münasibətlər «Dini etiqad azadlığı haqqında qanunla» tənzimlənir. Diqqət edin, «Dinlər haqqında qanun» yox, «Dini etiqad azadlığı haqqında qanun» adlanır.Dövlətin daxili, xarici siyasəti, iqtisadi, sosial siyasətinin olması, əlbəttə, vacibdir. Bütün bunlar birbaşa dövlətin funksiyalarına aiddir.
Ölkənin adında islam sözü olan İranın, Pakistanın, Əfqanıstanın, Mavritaniyanın və ümumiyyətlə, din xadimlərinin özlərinin belə «din siyasəti» yoxdur, çünki din siyasət deyil, əqidənin, imanın strukturlaşmış formasıdır. Bu struktur və onun mahiyyəti Allah tərəfindən yaradılıb və onun insanların siyasətindən asılılığı yoxdur. İman hara, siyasət hara? İman, din ruhla, qəlblə bağlı məfhumlardır. Onları siyasiləşdirmək, yəni dəyişkən etməyə heç ehtiyac da yoxdur. Bir də ki, bu, ümumiyyətlə, mümkün deyil. Məgər dövlətin «din siyasəti» imanı, əqidənimi tənzimləyəcək və yaxud belə absurd işlərlə məşğul olmağa ehtiyac varmı? Dövlət öz siyasəti ilə insanlar, o cümlədən imanlı insanlar arasında mövcud olan müxtəlif ictimai münasibətləri tənzimləyir. İmanla bağlı münasibətlər isə bütövlükdə müqəddəs kitablarla tənzim olunur. Buraya dövlət müdaxilə etmir. Odur ki, dövlətin din siyasəti yox, dini icmaların fəaliyyətləri ilə bağlı fəaliyyət konsepsiyası olur. Hər bir fərdin, imanlı vətəndaşların əqidə məsələləri şəxsi, fərdi olaraq qalır. Bunu dövlətin Konstitusiyası və qanunları artıq təsbit edibdir.
Bəzi məmurlar isə öz eyiblərini – din sahəsində biliklərinin olmamasını ört-basdır etmək əvəzinə, eyiblərini cəmiyyətə norma kimi təqdim edirlər. Eyibli olmaq böyük nöqsan deyil. Onu aktiv şəkildə təbliğ etmək qəbahətdir. Düzdür, insan özü bilsə ki, onun eybi var, bu, artıq müsbət hal kimi qiymətləndirilə bilər. Görünür ki, bütün eyiblilər hələ bu səviyyədə deyillər. Eyibli insanlardan cəmiyyət adətən çox zərər çəkmir, «ona hakimiyyət versən ləzzətini görərsən» atalar məsəli çox vaxtında yada düşdü. Bütün bu deyilənləri ictimaiyyətə çatdırmamaq və susmaq, zənnimcə, naqisliyə, qəbahət edənlərin işinə şərik olmaq kimi qiymətləndirilə bilərdi.
Mənbə: İSLAM.COM.AZ
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




