“Qurban bayramı mənəviyyatla bağlı bayram olduğu üçün satıcıların daha əxlaqlı və mərhəmətli hərəkət etməsi lazımdır”
Əbdülqadir Sezgin: “Qurban bayramı mənəviyyatla bağlı bayram olduğu üçün satıcıların daha əxlaqlı və mərhəmətli hərəkət etməsi lazımdır”
“İslam dinini Qurani-Kərimdən öyrənmək lazımdır”. Bu eksklüziv açıqlamanı APA-nın Türkiyə bürosuna bu ölkənin Azərbaycanda sabiq dini işlər attaşesi Əbdülqadir Sezgin verib.
Onun sözlərinə görə, Qurban bayramının dini ölçülərlə tanıdılması vacib məsələlərdən biridir: “SSRİ dağıldıqdan sonra müstəqillik qazanan Türk Cümhuriyyətlərində bir problem var. Qurban bayramı bütün islam dünyasında 4 gün qeyd olunduğu və Həcc ziyarəti bu vaxt həyata keçirildiyi halda, bu ölkələrdə Qurban bayramı bir gün keçirilir. Bu, müsəlmanlığın qaydalarına uyğun deyil, çünki Qurban bayramının bir gün olması islam qaydaları ilə üst-üstə düşmür. Qurbanın necə kəsiləcəyinə və ətin kimlərə paylanmalı olduğuna dair məlumatları da dini kitabdan öyrənmək lazımdır. Yəni bu məsələdə dünyəvi qanunlar işləyə bilməz”. Əbdülqadir Sezgin Qurban bayramı ilə əlaqədar diri heyvana olan tələbatın artdığını xatırladıb: “Qurban bayramında heyvana tələbat artdığı üçün qiymətlər də bir az artır. Ancaq Qurban bayramı mənəviyyatla bağlı bayram olduğundan, satıcıların daha əxlaqlı və mərhəmətli hərəkət etməsi lazımdır. Bu məsələ müsəlmanlığın doğru dərk edilib-edilməməsinə bağlıdır”. Əbdülqadir Sezgin Qurban bayramında monopoliya yaratmaq cəhdlərinin yolverilməzliyini vurğulayıb: “Monopoliya mühitində insanlar haqsızlığa məruz qalır ki, bu da dövlət qurumlarına inamı sarsıdır. Bu proses həm də cəmiyyətdə bəzi sıxıntılara səbəb olur”. /APA/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




