Qurban kəsmək
Hər cür, o cümlədən də yolunda qurban kəsməklə ibadət edilməyə layiq olan Allaha həmd olsun. Məlum olduğu kimi, Allah ona yaxınlaşmaq, Ona ibadət etmək üçün cürbəcür yollar qoymuşdur. Bunlardan biri də Allah üçün bir heyvanı kəsməkdir. Allah rizası üçün, Allaha yaxınlaşmaq məqsədi ilə heyvan kəsmək dilimizdə “Qurban” olaraq bilinməkdədir. “Qurban” kəlməsi ərəb dilində “yaxınlaşmaq” mənasına gəlir. Şəriətdə isə İslam icazə verdiyi üsulla Allaha yaxınlaşmaq üçün ibadət məqsədi ilə edilən hər hansı bir ibadətdir. Bu mənada (Allaha yaxınlaşma mənasında) namaz qılmaq, oruc tutmaq, zəkat vermək, zikr etmək və s. ibadətlər hamısı Allaha yaxınlaşmadır (qurbandır). Məsələn, Rəsulullah (s) belə buyurur: “Ey Ka`b, oruc qalxandır, namazda yaxınlaşmadır (əs-salatu qurban).” (Buxari). Amma, ərəb dilində “udhiyyə” adlanan Allah üçün heyvan kəsmək digər ibadətlərdən fərqli olaraq daha çox Qurban adı ilə tanınmışdır. Bunun səbəbi bu ibadətin özünə məxsus qeyri-adiliyidir. Məsələn, bu ibadətlə insan ət əldə etmək kimi dünyalıq bir şey qazandığı halda eyni zamanda Allaha yaxınlaşmış olur. Amma namaz, oruc, həcc, zəkat, Quran oxumaq və s. kimi Allaha yaxınlaşdırıcı digər ibadətlərdə belə dünyalıq qazanc yoxdur. Quranda buna işarət edilmişdir.
“Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. Ehsan (yaxşı əməl) edənlərə müjdə ver!” (əl-Həcc 37)
Allahın heç bir şeyə ehtiyacı olmadığı üçün bu heyvanların ətinə də ehtiyacı yoxdur. Həmçinin son nəticədə axıdılan qana möhtac olan da Rəbb deyil, quldur. Çünki bu qanın axıdılması ilə qurban kəsənlərin günahı bağışlanır ki, bu da insanın ən çox möhtac olduğu bir şeydir. Rəsulullah (s) belə buyurmuşdur: “Qalx qurbanının yanında hazır dur! Çünki onun axıdılacaq ilk damla qanı ilə birlikdə bütün günahların bağışlanacaqdır.” (Hakim, Bəzzar)
Allaha çatan isə insanların təqvasıdır. Yəni, insanların Allahın əmr etdiyi şeyləri yerinə yetirməklə və qadağan etdiyi şeylərdən çəkinməklə Allaha qarşı çıxmaqdan özünü qoruma halıdır.
“Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!” (əl-Maidə 27)
Bu işin başı və əsası isə bu ibadətin yalnız Allaha xas qılınmasıdır. Yəni, kəsilən qurbanların yalnız Allaha olması.
“De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur.Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (Əl-Ənam 162, 163)
Bu Allah üçün heyvan kəsmə işi əslində bizdən əvvəlki müsəlmanlarda da bir ibadət idi. Məsələn ilk insanlar hz. Adəm və onun oğlanlarına da qurban kəsmə əmri gəlmişdir.
“Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!” (əl-Maidə 27)
Bu ayə Allahın ibadətdə layiq tək məbud olmasını (Allahın ilahlığı) məsələsini bildirmək məqsədi ilə Onun üçün qurban kəsməyin ilk insanlıqla başlamasını bildirir.Lakin sonralar insanlar haqq olan tövhid (Allahın ibadətdə təkliyi) dinindən uzaqlaşdıqca həyatlarındakı yaşantıda da insanlıqdan (İslamdan) sapmalar oldu. Bu sapmalar həmçinin qurbanda da özünü iki yöndən göstərdi. Bu sapmalardan biri Allahdan qeyrisinə və ya Allahla bərabər başqasına (həm Allaha, həm də başqasına) qurban kəsməklə oldu. Digəri isə insanların qurban edilməsi oldu. Məsələn, insanları bütlərə və ya fironlara, hətta həya etmədən Allaha qurban edirdilər. Allah təala bu vəhşiliyi İbrahim peyğəmbərə göndərdiyi vəhylə ortadan qaldırdı.
“*O (hz. İsmayıl), yüyürüb qaçmaq çağına çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” *Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman, *Biz ona belə xitab etdik: “Ya İbrahim! *Artıq sən röyanın düzgünlüyünü təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. *Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. *Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. *Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.” (əs-Saff 102-108)
Bu gün bu qurban kəsmə mərasimi həcc günlərinə rast gələn bayram günləri keçirilməkdədir. Həcc ibadəti hər nə qədər hz. Adəmin dövründən gəlirsə də, amma onun dirildilib (ihyası) qaydalarının formalaşmasının əsası hz. İbrahim tərəfindən qoyulmuşdur. Quran isə bunu kamillik zirvəsinə çatdırmışdır. Beləliklə Allaha yaxınlıq üçün olan qurban kəsmə mərasimi hz. İbrahim və onun mübarək oğlu hz. İsmayılın yaşadıqları bu böyük hadisənin xatirəsini yaşatmış oldu. İnsanlara İslamı göndərməklə onları sevindirən Allaha sonsuz həmdü-sənalar, şükürlər olsun!
Qurbanlar və onlara dair hökmlər
Qurbanlar bir neçə növ olur:
1.Əqiqə qurbanı. (Uşağın doğulması münasibəti ilə kəsilən qurbandır.
Qız uşağı üçün bir qoyun, oğlan uşağı üçün iki qoyun olmaqla uşağın doğulduğu 7-ci, olmazsa 14-cü, olmazsa 21-cigünü, və yaxud həddi-buluğa çatana qədər kəsilə bilər.
2.Kəffarət qurbanı. (Həcc vaxtı hansısa bir günahdan dolayı cərimə olaraq kəsilən qurban.)
a) Həcc vaxtı ihram qaydalarının birini pozduqda, məsələn, tikili paltar geyinmək, saç, saqqal və ya dırnaqları kəsmək və s. günahlardan dolayı bir qoyun və ya bir keçi qurban edilir.
b) Vacib olan bəzi qaydaları tərk etdikdə. Məsələn, bayramın birinci gününün gecəsini Müzdəlifədə keçirmək, Minada şeytanı daşlamaq, təşriq günlərində Minada gecələmək, Vida təvafı etmək kimi həccin fərz olmayan bəzi qaydalarını tərk etməyin cəzası bir qoyun və ya bir keçi qurban kəsməklə ödənir.
3.Nəzir (Adaq) qurbanı. (Bir işdən dolayı kəsməyə niyyət edilən qurban.)
Allahla əhd bağlandığı üçün kəsilməsi vacibdir.Niyyətdə hansı cins heyvanı və neçə dənə tutulursa o sayda və o cins heyvanları kəsmək vacib olur. Münasib vaxtda kəsilə bilər.
4. Udhiyyə qurbanı.
Bu qurbanların ən məhşur və ən kütləvi, ən möhtəşəm növüdür. Xalqımız arasında buna İsmayıl qurbanı da deyirlər. Bu qurbanın kəsilməsi alimlərin əksəriyyətinə görə vacib olmasa da, gərəklidir. Çünki bunu etməyənlər Peyğəmbər (s) tərəfindən qınanmışdır: “İmkanı olub qurban kəsməyənlər bizim namaz qıldığımız yerə yaxınlaşmasınlar.” (Əhməd, İbni Macə)
Kimlər kəsməlidir?
Azad, səfərdə olmayan varlı müsəlmanlar qurban kəsərlər.
Varlı, yəni ev və təməl əşyaları, yay və qış paltarları, kitabları, minik vasitəsi və ya bunların qiyməti qədər pula sahib olanlardır. Qoyun və keçini 1 nəfər, dəvə və inəyi 7 nəfər şərikli kəsə bilər. Qurban sahibi, onun ailəsi
qohumları bu ətdən yeyə bilər, bir şərtlə ki, ətin bir qismi ehtiyacı olanlara paylansın. Qurban kəsmək qərarına gələnlər, Zilhiccənin 1-dən etibarən, qurban kəsənə qədər saç və dırnaqlarını kəsməməlidirlər. “Zil-Hicənin hilalını (başlanğıcını bildirən ay) görüb sizdən hər kim qurban kəsmək istəsə saçlarını və dırnaqlarını kəsməsin” (Müslim)
Qurbanlıq heyvanlar
Heyvanlar dişi və ya erkək ola bilər. Dəvə ən az 5 illik və yuxarı, inək cinsindən olanlar-ən azı 2 illik və yuxarı, qoyun və keçi 1 illik və ya bir illik kimi görsənən 7-8 aylıq olmalıdır. Dəvə və inəyi 7 nəfər şərikli kəsə bilər. Qoyun və keçini isə yalnız bir nəfər kəsər.
Heyvanların keyfiyyəti
Nöqsansız olmalı, 1 və ya 2 gözü kor, axsaq, qulağının yarısından çoxu kəsik, həddindən artıq cansız, xəstə və sair nöqsanları olmamalı. Oğurluq, əmanət götürülən heyvanlardan da qurban olmaz. Amma burulmuş heyvanı da kəsmək olar.
Bölüşdürülməsi
Kəsilən heyvanların ətindən bir miqdar ehtiyacı olanlara paylamalıdır. Kəsən və onun ailəsi, qohum və tanışlar ətdən yeyə bilərlər. Əti, dərisi və s. hissələri paylana bilər, amma satıla bilməz, Başqa bir şey ilə dəyişdirilə bilməz. Qəssaba zəhmət haqqı kimi verilə də bilməz. Amma, qəssaba hədiyyə edilə bilər.
Vaxtı
Qurban kəsmə vaxtı Qurban bayramının birinci günü bayram namazının sonundan etibarən, bayramın dördüncü günü əsr vaxtına qədər davam edir. (Zil-Hiccənin 10-cu günündən 13-cü gününə qədər.)
Kəsilməsi
“Bismilləhi, Allahu əkbər” deməklə nəfəs borusu, yemək borusu və onların arasındakı iki damar kəsilir. Kəsərkən bunu gözəl şəkildə etmək gərəkdir. Heyvana əziyyət verməmək üçün bıçağı ona göstərməmək, rahat kəssin deyə itiləmək lazımdır. Əgər kəsməyin mümkün olmadığı bir zərurət olarsa, iti bir aləti heyvana batırıb, qanını çıxarmaq da olar.
İ. Rüstəmov
Mənbə: AZERİMUSLİMS
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com















