Qurban - İslamın ən vacib ibadətlərindəndir
Qurban kəsmək İslam dininin gözəl əməllərindən, Allah-Təalaya yaxınlaşmağın vasitələrindən və Peyğəmbərimizin (s) əməllərindəndir. Allah-Təala Qurani- Kərimin Əl-Kövsər surəsində buyurur: «Rəbbinə namaz qıl və qurban kəs». Belə rəvayət edilir ki, “Rəsulullah (s)
iki kök qoçu qurban kəsib...
Həmçinin, Peyğəmbərimiz (s) müsəlmanları qurban kəsməyə həvəsləndirmişdir. Buna dair rəvayət olunan hədisdə Rəsulullah (s) belə buyurub: “Qurban Bayramı günü Allah- Təalaya, kiminsə qan tökməsindən (qurban kəsməkdən) daha sevimli əməl yoxdur. O (kəsilən qurban), Qiyamət günü buynuzları, tükləri və cüt dırnaqları ilə gələcəkdir. (Qurbanın) qanı yerə axmamışdan əvvəl Allah-Təalanın qatında başqa yerə tökülür. Nəfsiniz bunu (qurbanı) xoşluqla qəbul etsin”.
Qurban kəsməyin hökmü
İslam alimlərinin rəyinə görə qurban kəsmək, Peyğəmbərimizin (s) etdiyi əməllərdəndir.
Qurban kəsənin ədəbləri
Bütün İslam alimləri ortaq bir rəyə gəliblər ki, qurban kəsmək istəyən şəxsin Zilhiccə ayı girəndən Qurban kəsənə kimi dırnaqlarından və tüklərindən alması məkruhdur. Lakin bunu qurban kəsmək istəyən şəxs etməlidir, qurbanı öz əli ilə kəsməyəcəksə, kəsdirəcəyi şəxs bunları etməməlidir. Saçdan, saqqaldan və bədənin tükündən, dırnaqdan almamaq müstəhəbdir, amma bunu etmək haram deyildir.
Ailəyə bir qurban kifayətdir
Qurban kəsən şəxsin özünün və ailəsinin adından bir qoyun kəsməsi kifayətdir. Çünki Peyğəmbərimiz (s) özü və Əhli-Beyti adından bir qoç kəsmişdi. Əlbəttə, inək, dana və dəvə də kəsmək olar. Alimlərin rəyinə görə, 7 nəfər bir inəyin qurbanına şərik ola bilər. Fərqi yoxdur, 7 nəfər özünün və ya özü ilə ailəsinin də adından kəsirsə.
Qurbanlıq heyvana aid şərtlər
Qurban kəsiləcək qoyunun yaşı 6 aydan çox, kəsiləcək inəyin yaşı 2 ildən çox və kəsiləcək dəvənin yaşı 5 ildən çox olmalıdır. Qurbanlıq qoyunun böyük, kök və gözəl olması müstəhəbdır (arzu olunandır). Azətli, çox arıq, cılız, keyfiyyətsiz və sair kimi eyibləri olan heyvan qurban kəsilməməlidir. Peyğəmbərimiz (s.ə.s) buyurub: “4 şey (eyib) var ki, qurbanlıqda (heyvanda) olmamalıdır: açıq-aydın gözləri çəp olan, açıq-aydın xəstə olan, axsadığı açıq-aydın görünən topal heyvan və təmizlənməsi çətin olan arıq heyvan. Ola bilsin, bəzi heyvanlar yaşlaşdıqca əti yeməli olmur. Məsələn, bəzi yerlərdə inək 2 ildən çox qaldısa, ya əti bərkiyir, ya da yeməli olmur. Bu halda daha münasib və daha çox əti olan inək kəsilməlidir. Yaxud da əgər 2 yaşı tamam olmuş erkək dana yoxdursa, 2 yaşı olanların hamısı sağlam inəklərdirsə, bu zaman ziyan olmasın deyə, ən böyük erkək dana kəsilə bilər, çünki şəriətdən əsas məqsəd qurbanlıq heyvanın çoxətli və sağlam olmasıdır.
Qurbanın dəqiq kəsilmə vaxtı
Qurban Bayramından sonra qurban kəsilir, buna dair Peyğəmbərimizdən (s.ə.s) rəvayət olunan hədisdə Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Kim (bayram namazından) namazdan əvvəl (qurban) kəsibsə, yerinə yenidən təkrar etsin”. Başqa bir hədisdə də rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə deyib: “Bu günümüzdə (bayramda) ən birinci əda edəcəyimiz namaz, sonra (qurban) kəsməkdir. Kim namazdan əvvəl (qurban) kəsibsə, sadəcə, ailəsinə (ehsan olaraq) ət paylamışdır, bu, lazım olan (qurban) qaydalarından sayılmır.”
Qurban kəsdirənin kəsilən yerdə olması
Qurban kəsdirən şəxs özü kəsə bilmədiyindən, heç olmasa, qurban kəsilən vaxt həmin yerdə olmalıdır, bu müstəhəbdır. Rəvayətə görə, Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur: “(Qurban) kəsərkən orada olun, çünki (qurbanlıqdan) ilk damla qana (axan kimi) görə bağışlanırsınız”. Başqa bir rəvayətdə də Peyğəmbərimiz (s.ə.s) Fatimeyi- Zəhraya (r.a) deyib: “Qurbanın kəsiləndə orada ol, çünki ilk damla qan axan kimi bağışlanırsan”. Qurban kəsilən zaman qurbanın sahibi və kəsən şəxsin “Bismillahi-vəllahu-əkbər” deməsi müstəhəbdır. Qurban kəsdirən şəxsin bunu da “Allahummə-həzə-minkə va ləkə Allahummə-təqabbəl-minni” deməsi müstəhəbdır. Mənası belədir: Allahım, bu Səndəndir və Sənin üçündür, Allahım, məndən qəbul et!”. Peyğəmbərimizdən (s.ə.s) rəvayət olunduğuna görə, O (s.ə.s) qoçu kəsərkən belə demişdir: “Allahım, Məhəmmədin ailəsindən və Məhəmmədin ümmətindən qəbul et!”, sonra qurbanı kəsmişdir.
Qurban ətinin paylanması
Müstəhəb olardı ki, qurban kəsən şəxs qurbanlığın ətindən üçdəbirini öz ailəsinə, üçdəbirini yoxsul və ehtiyacı olan qonşularına, qohumlarına, yaxınlarına və üçdəbirini də ehtiyacı olub, istəyən imkansızlara versin. Allah- Təala əl-Həcc surəsinin 36-cı ayəsində buyurur: “Ondan (qurbanlıq ətdən) dilənçiyə (əl açıb istəyənə də) yedirin”. Peyğəmbərimiz (s.ə.s) buyurub: “Öz əhli-beytinə (ailəsinə) üçdəbirini, kasıb qonşularına üçdəbirini yedirsin. Sorub istəyənlərə (dilənçilərə) də üçdəbirini sədəqə etsin”. Qurban kəsdirən şəxs kəsdirdiyi adama qurbanlıqdan işinin əvəzi kimi heç nə verməli deyil.
Qurbanlıqdan iş haqqı kimi kəsən adama vermək olmaz. Lakin kəsdirən adam kəsənin yoxsul və kasıb olduğuna görə ona ətdən pay kimi verə bilər, lakin bu iş haqqı olmamalıdır. Həzrət Əlidən (s.ə.s) belə deyib: “Peyğəmbərimiz (s.ə.s) mənə əmr etdi ki, dəvəni qurban kəsərkən işin üstündə durum, ondan kəsən adama heç nə verməyim”. Qurban kəsdirən şəxs, həmçinin, qurbanlığın nə ətindən, nə də dərisindən satmalıdır, lakin dərisindən özü faydalana bilər.
Allah qurban kəsənlərimizin qurbanlarını qəbul etsin! /ANSPRESS/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




