Sabah müsəlmanlar müqəddəs Qurban bayramını qeyd edəcək. Bu münasibətlə prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib.
Müraciətdə bildirilir ki, müqəddəs Qurban bayramı İslamın bir din kimi tamamlanması və bununla da bəşər övladının mükəmməl əxlaqi dəyərlərə, əməli-saleh yaşayışa, doğru-düzgün həyat yoluna dəvət edilməsi ilə əlamətdardır: "Müsəlmanlar arasında mənəvi-ruhi birliyin, həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan qurban mərasimləri, eyni zamanda, onların Allah yolunda və xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmalarının təcəssümüdür. Məhz bu mübarək gündə inanclı insanlar uca tanrıya yaxınlığını, ilahi kəlama, mənəvi dəyərlərə bağlılığını könül xoşluğu ilə nümayiş etdirmək fürsəti əldə edirlər. Demokratik prinsiplərin, dini etiqad və vicdan azadlığının bərqərar edildiyi müstəqil Azərbaycan Respublikasında Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, respublikamızın tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur".
İlham Əliyev bütün xeyirxah dua və niyyətlərə qoşularaq, əmin olduğunu bildirib ki, bu ilki Qurban bayramı da xalqımızın milli-mənəvi həmrəyliyinin, cəmiyyətimizdə şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcək. /ANS TV/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com





