Allahın gözəl adları
ƏL-HASİB- Ya Hasib! Əməllərim hesaba gəlməz, arzularımın sayı-hesabı olmaz, dəftərimdən xətalarımı çıxart ki, hesabım asan olsun! Ehtiyaclarımın ən kiçiyinə, xəyallarımın heç birinə əlim yetişməz, qəlbimin sızıntılarını topla ki, hesaba gələn bir duam olsun!
Hesablaşan mənasını verir.
“Biri sizinlə salamlaşdığı zaman, siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir” (Ən-Nisa surəsi, 86).
Allah insanı var edir və onu bütün ömrüboyu qoruyur. İnsan isə etdiklərini tez unudur. Tanrı isə heç nəyi unutmur və hər kəsi öz əməllərinə görə qiymətləndirir.
ƏL-CƏLİL- Ya Cəlil! Sənin cəlalın zatındandır, başqasına möhtac deyil! Sənin ucalığın kamalındandır, səbəb möhtac deyil! Sənin kamalın da Səndəndir, görülməyə möhtac deyil!
“Allah onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə Ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır” (əl-Əraf surəsi, 190).
Ali, uca, mükəmməl olmaq deməkdir. Bütün bu kainatın tək yaradanı olan Allah hər şeydən ucadır, alidir və mükəmməldir.
ƏL-KƏRİM- Ya Kərim! Kərəminlə gözəl et hər halımı! Kərəminlə sevindir qəlbimi! Sən ki ən çox zəiflərə və acizlərə ikram edənsən! Sən ki səbəbsiz və hesabsız kərəm edənsən! Sən ki bir ovuc toxumda bir bağçanın ağacını saxlarsan! Cənnətinə al və heç bitməyən ikramına yetişdir məni, kərəm et bu acizə, az savabı çox et!
Səxavətli deməkdir. “Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!" (ən-Nəml surəsi, 40) .
Tanrı ən böyük kərəm sahibidir, səxavətlidir. Allahın insanlara verdiklərinə görə insanın etməli olduğu yalnız şükür etməkdir.
ƏR-RAQİB- Ya Raqib! Ömrümün hər anında Səni anmağı dilərəm, lakin halım imkan vermir, unuduram. Qəlbimə zikrini yerləşdir, oyandır məni! Ölüm anımı səni anaraq yaşamaq istərəm, lakin vəziyyətim macal verməz, susaram. Dualarımı qatına yetişdir! Hesab günü Səni razı etməyi arzu edirəm, lakin savabım yetməz, qorxuram. Əməllərimi xeyirli et, yaxşı insanlarla xatıra məni!
Bütün varlıqlara və işlərə nəzarət edən deməkdir.
“Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır" (əl-Cinn surəsi, 28).
Allah yoxdan ver etdiyi bütün varlıqları qoruyur və onlara daim nəzarət edir. Qalaktikadakı ulduzlardan, atmosferdəki hadisələrdən, yer üzündəki bitki örtüyündən, insan bədənindəki dəyişikliklərdən tutmuş, mikro və makroaləmədək hər şeyi qoruyur və nəzarət edir.
ƏL-MUCİB- Ya Mucib! Elan etməyə və göstərməyə ehtiyac yoxdur, halım Sənə əyandır. Söz deməyə gərək yoxdur, səssizliyim Sənə bəyandır.
Ona yalvaranlara, dua edənlərə istədiklərini verəndir.
“Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy, onlar da Mənim çağırışımı qəbul edib, Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər” (Bəqərə surəsi, 186).
Dua Allahın bəndəsi ilə özəl və yaxın bir əlaqədir. Bəndə bütün sıxıntı və çətinliklərini Allaha deyər, Ona yalvarar. Allah bəndəsinin istəyini eşidər və ona ən xeyirlisini qismət edər. /İSTİOT/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




