Müəllimlərimizin təklifi ilə dekabr ayının 22- də biz – Azərbaycan Turizm İnstitunun bir qrup tələbəsi - Bakının Ramanı qəsəbəsində yerləşən “Gənc Əlillər Evi”nə getdik. Əlillər evinə getməkdə əsas məqsədimiz orada yaşayan əlillərlə tanış olmaq və onların bayramını təbrik etmək idi. Əvvəlcə ora getmək istəmirdim və düşünürdüm ki, bu mənə pis təsir edə bilər. Lakin mənim fikirləşdiyimin əksi oldu...Müəllimlərimiz bizi orada yaşayan əlillər və onların uşaqları ilə tanış etdilər. Biz uşaqlara gətirdiyimiz hədiyyələri onlara təqdim etdik. Əlillərin fiziki cəhətdən sağlam olmamalarına baxmayaraq, onlar bizi gülərüz, mehriban və çox səmimi qarşıladılar. Elə maraqlı və ürəkdən söhbət edirdilər ki, onlardan heç ayrılmaq istəmirdik. Mənə ən çox təsir edən onların bu halları ilə namaz qılmaları və Quran oxumağı sevmələri oldu. Söhbətlərində əlillər evinin sakinləri daima Allaha şükür edir və Ondan razı olduqlarını tez-tez təkrar edirdilər.
Mən onlarla tanışlıqdan çox məmnun oldum və mənə elə gəldi ki, sanki onlarla ünsiyyətdən sonra mənəviyyatca zənginləşdim...Onlar çox istedadlıdırlar. Kimisi rəssam, kimisi xalçaçı, kimisi şair, kimisi isə Azərbaycan milli geyimləri və gəlinciklər düzəltməklə məşğul olurlar. İlk öncə biz əlillər evinin rəssam sakinləri olan Rüstəm və Seyranın əsərləri ilə tanış olduq. Seyran xanım və Rüstəm bəy rəssamlıq təhsili almamasına baxmayaraq çox gözəl rəsm əsərləri yaratmışlar. Onlar əsərlərində daxilindən gələn hisslərini və duyğularını əks etdirdiklərini söylədilər. Seyran və Rüstəm dəfələrlə əlillərin Ümümrespublika rəsm sərgisində iştirak etmişlər və mükafatlara layiq görülmüşlər.Sonra biz şairə Tinatin Əfəndiyeva ilə tanış olduq. O, bizi otağında mehribanlıqla qarşılayaraq çox mənalı dini məzmunlu şerlərini oxudu. Tinatin xanım bizi maraqlandıran suallara cavab verdi və sonda bizə dua edərək öz kitablarını hədiyyə etdi. Biz onunla vidalaşıb xalçaçı Qənirə Əbilovanın otağına üz tutduq. Gülərüz Qənirə xanım bizi dəhlizdə qarşıladı. O, saf və ürəyi təmiz olmaqla yanaşı, həm də çox maraqlı bir insandır. Vətəninə və millətinə bağlı olan Qənirə xanımın toxuduğu xalçalar bir çox sərgilərdə, son dəfə isə ABŞ Koliforniya ştatında keçirilən sərgidə onun 4 xalçası nümayiş etdirilmişdir. Qənirə xanımın dediyinə görə xalçaların birinin sujetinə əlavə olaraq Azərbaycan bayrağını toxumuşdur. “Qoy baxanlar bu xalçanın Azərbaycana məxsus olduğunu görsünlər” – deyən Qənirə xanım belə hesab edir ki, bu dünyada hər kəs insanlar naminə iz qoymalıdır. Bu izlər bizim kimliyimizi sonrakı nəsillərə bildirməlidir. Onun fikirləri məni çox düşündürdü və fikirləşdim ki, insan ancaq istedadının məhsulu olan əsərlərlə deyil, xeyir əməlləri ilə də dünyada iz qoya bilər...Qənirə xanımdan ayrıldıqdan sonra biz Əlillər evinin dəhlizində Avropa Para Olimpiya oyunlarının ağırlıq qaldırma lisenziyasını almış Sara və Mətanət xanımla da tanış olduq. Ən son görüş və tanışlıq Məhbubə xanımla oldu. Məhbubə xanım Azərbaycan milli geyimləri və gəlinciklər ustasıdır. 2 uşaq anası olan bu xanım bizə öz əl işlərini göstərdi. Bizim daha çox xoşumuza gələn onun milli geyimli gəlincikləri oldu...Bununla da Əlillər evində görüşümüz sona çatdı. Əlillər evində yaşayanlar mənəviyyatça zəngin və vətənpərvər insandırlar. Mən özümü çox vətənpərvər sayırdım, lakin onlarla tanışlıqdan sonra başa düşdüm ki, bu belə deyilmiş. Çünki əlil deməyə dilim gəlməyən bu fiziki cəhətdən sağlam olmayan insanlar daima vətənimizin adını ucaltmaq haqqında fikirləşir və bu işdə əllərindən gələni əsirgəmirlər.
Əlillərə kömək və yardımı olan bizimlə əlaqə saxlasın.
GÜLNAR ƏHƏDOVA
Azərbaycan Turizm İnstitunun tələbəsi
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com
Əlillərə kömək və yardımı olan bizimlə əlaqə saxlasın.






