“Cəmiyyətdə hər bir kəsin inamına, insanların davranış azadlıqlarına hörmətlə yanaşmaq lazımdır. Bu, fundamental insan haqları baxımından vacib olan məqamdır və bunu birmənalı şəkildə etiraf edirik”.
Bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov “Təhsil haqqında” qanun layihəsində orta və ali məktəblərə hicabla daxil olmağı qadağan edən müddəaya münasibət bildirərkən deyib.
Digər tərəfdən Azərbaycan sivil və mədəni bir ölkə olduğunu vurğulayan Ə. Əhmədov hicabın insana nə verdiyini təsəvvür edə bilmədiyini deyib: “XXI əsrdə bunu nəyin əlaməti hesab etmək olar? Bu əsrdə insanlar daha çox XXI əsrin xalqları arasında gedən yarışa qoşulmaq haqqında düşünməlidirlər, daha çox elmlərə yiyələnmək, müasirləşmək, mədəniləşmək yolunu seçməlidirlər. Bütün bunlar XXI əsrin vacib çağırışlarıdır. Bundan kənarda qalan millət inkişaf edə bilməyəcək”. Ə. Əhmədov dünyanın çox sürətlə rəqabət mübarizəsi fonunda inkişaf etdiyi bir zamanda irəliyə yox, geriyə baxmaq qədər millətə və xalqa ziyan vurmaq kimi ikinci bir addımı təsəvvür etməyin mümkün olmadığını qeyd edib. İcra katibi hesab edir ki, bütün dünya daha çox müasirləşməyə meyl edirsə, Azərbaycan da bu yolu tutmalıdır: “Mən belə hesab edirəm ki, bu məsələni müasirləşmə kontekstində həll etməyə çalışmalıyıq. Müasirləşmədən müasir cəmiyyətin layiqli üzvü olmaq mümkün deyil. Bizi keçmişə dartan qaydaları nə qədər qoruyub saxlamağa çalışsaq, inkişafımızın qarşısına o qədər problemlər çıxarmış olacağıq. Cəmiyyəti dinlə idarə etmək mümkün deyil və dindarlar cəmiyyətin aparıcı qüvvəsi ola bilməzlər. Bunu kim necə istəyir, qoy elə də başa düşsün”.
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com





