Hakimiyyət və ideya
Bu məqalədə söhbət əqidələri gələcəkdə əldə etmək istədikləri hakimiyyətin ideologiyasına çevrilən dini hərəkatlar haqqında olacaq. Şüura, sosial əxlaqa ümumi təsir etmək xüsusiyyətinə və hakimiyyəti ələ alıb cəmiyyəti idarə etmək bacarığına malik olan adamların hazırlanması, əlbəttə, çox mürəkkəb məsələdir. Hakimiyyətə dair məsələnin belə qoyulması ən azı iki onillikdir ki, davam edir. Bu vaxt ərzində dini intellektualların zərif süzgəcindən ciddi qərarlar qəbul etmək və hakimiyyət əldə edib uzun müddət onu öz əlində saxlamaq üçün nəzərdə tutulmuş planlarını həyata keçirməyə hazır olan bir neçə yüz, hətta min gənc keçir. Cəmiyyətin bu, demək olar ki, formalaşdırılmış təbəqəsi üçün hakimiyyət əldə etmək – məqsəd deyil. Ən əsası – elə etmək lazımdır ki, hakimiyyət özü tədricən onlara sülh yolu ilə keçsin. Güman edilir ki, yüzlərlə yaxşı hazırlanmış dini intellektual, doğrudan da, bu hakimiyyəti əldə saxlaya biləcək. Türkdilli xalqlar və dövlətlər məkanında belə hərəkatlardan birini nurçular adlananlar – keçən əsr dünyasını dəyişən Səid Nursinin tərəfdarları təmsil edirlər. O öz hərəkatının əsasını qoyub və uzun müddət Türkiyə həbsxanalarında saxlanılıb.
Hazırda onun işini Vaşinqtonda mühacir kimi yaşayan və heç də az tanınmayan Fətullah Gülən uğurla davam etdirir. Türkiyə hökuməti hələ 30 il bundan qabaq onu xoşlamayıb, indi vəziyyətin necə olduğunu isə bilmək çətindir. Bununla belə, onun «xoşbəxt cəmiyyət» naminə elm və dinin sintezinə yönəlmiş ideyaları Azərbaycanda kifayət qədər tərəfdar toplayıb – bizdə onlar 1992-ci ildən meydana çıxmağa başlayıb. Artıq 15 ildir ki, Fətullah Gülənin ideyaları yüksək səviyyəli təhsil və intellektə malik ağıllı gənclərimiz tərəfindən istifadə olunur. Onlara bütün media və maarifçilik layihələrini maliyyələşdirən F.Gülənin Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq yaradan tərəfdarları təhsil verir. Onun liseylərinin şagirdləri artıq cəmiyyətin gözə çarpan hissəsinə çevriliblər. Onları özlüyündə hakimiyyət deyil, uzun zaman fərdlər üzərində hökmranlıq etmək imkanı qazanmaq, insanları Səid Nursi ideyalarının təsiri altında saxlamaq prosesi maraqlandırır. Hökmranlığın özü ideyaların hegemonluğu olmadan, mahiyyət etirabilə, cəmiyyəti qanunların köməyi ilə idarə etmək vasitəsi kimi müvəqqəti və keçici hesab olunur. Ən əsası – insanları onlar üçün həyat normasına, vacib mövcudiyyət atributuna çevrilmiş ideyalar vasitəsilə idarə etmək lazımdır. Şərqdə bu cür idarə üsulu hər zaman cəmiyyət və hakimiyyət başında duranlar tərəfindən tələb olunub. O, bu gün də əhəmiyyətlidir, lakin ən başlıcası, belə bir məqsədin mümkünlüyüdür – İranın və bir sıra müsəlman ölkələrinin nümunəsi bizə bu haqda danışmağa tam əsas verir. Yaxud, misal üçün, məgər bugünkü Britaniyanı mütləqiyyət (monarxiya) ideyaları olmadan təsəvvür etmək mümkündürmü? Bu haqda düşünmək – öz-özlüyündə hər bir həqiqi ingilis üçün təhqiredicidir. Bu kimi dövlətlər Avropanın özündə də olduqca çoxdur. Belə hakimiyyət forması əsrlərdir ki mövcuddur və başlıcası, o özünü doğruldur. Bu ölkələrdəki cəmiyyətlərdə alternativ ideyalara tələbat minimaldır. Belə bir fikrə yalnız ingilislər, hollandlar və isveçlilər kimi ruh və imana dair ideyalara ehtiyacı olan immiqrantlar yol verə bilərlər. Belələrinin olmaması bu gün Fransa, İngiltərə və digər Avropa dövlətlərində müşahidə etdiyimiz kimi, kütləvi və öz mahiyyətinə görə nizamsız aksiya və dağıdıcı hərəkətlərə gətirib çıxarır. Aydın olduğu kimi, bu insanlar öz sosial və iqtisadi vəziyyətlərindən daha çox bu cəmiyyətlərdə ideya oriyentirlərinin olmamasından narazıdırlar. Buna görə də hakimiyyət onların qəlbinə yol tapa bilmir və çox güman ki, tapa da bilməyəcək – onlar öz zədələnmiş şüurlarını dəyişmək iqtidarında deyillər. Hansısa bir fransızın yanında onlardan heç biri özünü ona bərabər tutmur və ola bilsin ki, artıq bu anadangəlmə ideya çatışmazlığı və tam dəyərə malik olmama kompleksi sosial-məişət xarakterli heç bir qərar ilə aradan qaldırıla bilməz. Təəssüf ki, nəyə görəsə hamı səbəbləri məhz bu cür insanların ictimai-iqtisadi problemlərinin həllində axtarır, lakin mənə elə gəlir ki, bu amil yalnız ikinci dərəcəlidir. Səbəb – onların sosial davranışında əsas ola biləcək ideyaların olmamasındadır. Əgər Fransa hökuməti onlar üçün ən müasir yaşayış kompleksləri tiksə və həmçinin bütün miqrantları iş və müavinətlərlə təmin etsə belə, yenə də sakitlik yalnız müvəqqəti xarakter daşıyacaq – bu şəxsləri birləşdirən ideyaların olmaması tez ya da gec özünü göstərəcək. Vandalizm, talanlar və yanğınlar üçün çoxlu sayda digər səbəblər də tapmaq mümkündür. Ona görə də ideya hər birimizin həyatında həlledici rol oynayır – onlar bizim şüurumuzu qərar qəbul etməyin bu və ya digər istiqamətinə yönəldir.
Bütün bunlar bir daha təsdiqləyir ki, insanların şüuru üzərində hakimiyyət qeyri-məhdud hüquq və səlahiyyətlərə malik olan dünyəvi hakimiyyətdən daha güclü və vacibdir. Hakimiyyətin bu iki forması müqayisəedilməzdir, lakin onlar bir əldə cəmlənəndiyi zaman belə hakimiyyət möhkəm və uzunömürlü olur. Düşünürəm ki, bunu əmlaka deyil, şüura sahiblənməni üstün tutan kəslər daha yaxşı başa düşər. Hər cür əmlak – şüurun bəhrəsidir, şüura malik olaraq əmlaka da yiyələnmək mümkündür. Bu, hakimiyyətə aparan uzun yoldur, ancaq göründüyü kimi, ən doğrusu və bəşər tarixi yaranandan bəri sınaqlardan keçmiş olanıdır. Hətta Qüdrətli Allah öz istədiklərini həyata keçirəndə belə birinci növbədə təfəkkür tərzini dəyişə bilən şüur amilini nəzərdə saxlayır. Çünki Onun özünün yaratdığı insanın – yüzillik tarixin göstərdiyi kimi, şüuru bəzən Allah tərəfindən müəyyən olunmuş sərhədlər çərçivəsindən kənara çıxır. Uca yaradan bu vacib amili nəzərə alaraq insanlarla münasibətlərini tənzimləyir. Allah tərəfindən nazil olmuş Müqəddəs Kitabların bizə öyrətdiyi kimi, bəzən insanın müəyyən olunmuş sərhədlər daxilinə qayıtma yolu cəhənnəmdən, günahını təmizləmədən və Allah tərəfindən düşünülmüş və kitablarda öz əksini tapmış digər cəza formasından keçir.
Güman edirəm ki, sonuncu abzası bu kiçik məqalədə deyilənlərdən çıxarılan nəticələr hesab etmək olar.
Rafiq Əliyev,
professor, fəlsəfə
elmləri doktoru
professor, fəlsəfə
elmləri doktoru
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com















