Orucun şərtləri və əsası
Hamilə və südverən qadının orucu:Miskinlərə verilən yeməyin miqdarı:
Orucun ərkanları:
Orucu pozan amillər:
Oruc tutmağın ədəb-ərkanları:
Oructutan hansı əməlləri edə bilər?
Hamilə və südverən qadının orucu:
Hamilə və südverən qadının oruc tutmağa taqəti olmasa, yaxud övladına zərər toxunacağından qorxsa o zaman iftar edə bilər. O tutmadığı orucu qəza etmir. Əvəzində fidyə verir.
İbn Abbas demişdir: «İlk vaxtlarda, oruc tutmaq iqtidarında olan qoca kişi və qadınlara iftar etmək ixtiyarı verilmişdi. Onlar istəsələr iftar edər və hər günün əvəzində bir miskin yedizdirərdilər. Amma oruclarının qəzasını etməzdilər. Sonra deyilən hökm, bu ayə ilə nəsx (ləğv) olundu: “Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar...”[1]. Bu ayə nazil olandan sonra taqəti olmayan qoca kişi və qadın, təhlükə hiss edən hamilə və südverənlər (dayələr) iftar edib hər günün əvəzində bir miskin yedizdirməli oldular»[2].
Həmçinin İbn Abbas demişdir: «Ramazan ayında hamilə öz canına, südverən (dayə) övladına görə ehtiyatlanarsa iftar edir (orucunu açır) və hər günün əvəzində bir miskin yedizdirir, orucu qəza etmirlər»[3].
Nafi demişdir: «İbn Ömərin qızı qureyşlilərdən bir nəfərdə ərdəydi. O, hamilə idi. Ramazan ayının bir günü qadın susuzluqdan əziyyət çəkdi. İbn Ömər ona, iftar edib hər günün əvəzində bir miskin yedizdirməyi əmr etdi»[4].
Miskinlərə verilən yeməyin miqdarı:
«Ənəs ibn Malik, bir il oruc tutmağa taqəti olmadığı üçün, bir qab sərid[5] (yeməyi) hazırlayıb, otuz miskini doyuzdurduğunu deyir»[6].
Orucun ərkanları:
1. Niyyət etmək: Bu haqda uca Allah buyurur: «Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər...»[7]
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Həqiqətən əməllər niyyətlərə görədir. Hər kəs etdiyi niyyətinin qarşılığını görəcəkdir...» [8]
Niyyət, hər gecə sübhdən öncə edilməlidir[9]. Hədislərin birində Həfsə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Sübh namazından öncə oruc tutmağa niyyət etməyənin orucu məqbul sayılmır»[10].
2. Günəş doğandan, günəş batana qədər orucu pozan bütün amillərdən uzaq durmaq:
Uca Allah buyurur: «Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın...»[11]
Orucu pozan amillər:
Orucu pozan amillər altıdır və onlar aşağadakılardır:
1, 2. Qəsdən yemək və içmək. Əgər bilmədən yeyər və ya içərsə bu orucu batil etmir və kəffarəsi də yoxdur. Demək Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim oruclu olarkən unudaraq yeyər və ya içərsə orucunu davam etdirsin. Həqiqətən Allah onu yedizdirib, içizdirmişdir»[12].
3. Qəsdən qusmaq. Əgər qusmaq qəsdən olmazsa buna görə qəza və ya kəffarə yoxdur.
Demək, Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Kim ixtiyarı olmadan qusarsa orucunu qəza etmir. Kim ki, özünü qusdurarsa o orucunu qəza etməlidir (əvəzinə bir gün oruc tutmalıdır)"[13].
4, 5. Heyz (aybaşı) və nifas (doğuşdan sonra qanaxma). Alimlərin yekdil rəyinə əsasən hətta günün ən son anında bu iki haldan biri baş verərsə oruc batil sayılır.
6. Cinsi yaxınlıq. Buna görə aşağıdakı hədisdə deyilən kəffarə verilməlidir: Əbu Hureyrə deyir ki, «biz Peyğəmbərin yanında oturmuşduq. Bu zaman bir kişi gəlib dedi: Ey Allahın elçisi, mən həlak oldum!
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Nə olub?»
Kişi dedi: Mən oruclu olarkən yoldaşımla cinsi yaxınlıq etmişəm.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Sənin azad etməyə qulun varmı?»
Kişi dedi: Xeyr.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Sən iki ay ardıcıl olaraq oruc tuta bilərsənmi?»
Kişi dedi: Xeyr.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Altmış nəfər miskini yedizdirməyə imkanın varmı?»
Kişi dedi: Xeyr.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir an susdu. Bu əsnada Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir zənbil xurma gətirdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Sual soruşan kişi haradadır?
Kişi dedi: Mən buradayam.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Bu xurmanı götür kəffarəni ver.
Kişi dedi: Ey Allahın elçisi, özümdən də kasıbına vercəyəm?! Allaha and olsun ki, bu mahalda mənim ailəmdən daha ehtiyaclı olanı yoxdur.
Bunu eşidən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) güldü, hətta arxa dişləri göründü. Sonra dedi: «Yaxşı, onda (xurmanı) ailənə yedizdirərsən»[14].
Oruc tutmağın ədəb-ərkanları:
Oruc tutanın aşağadakı ədəb-ərkanlara diqqət yetirməsi müstəhəbdir (yaxşıdır):
1. Səhur etmək: Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Səhur edin, həqiqətən səhur etməkdə bərəkət vardır»[15].
Bir qurtum su içmək də səhur sayılır. Demək Abdullah ibn Amr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir. «Heç olmasa bir qurtum su ilə səhur edin»[16].
Səhuru sübh namazının azanına qədər gecikdirmək yaxşıdır. Ənəs, Zeyd ibn Sabitin belə dediyini rəvayət edir: «Biz Peyğəmbərlə birlikdə səhur etdik, sonra Peyğəmbər birbaşa namaza getdi. Mən ondan soruşdum ki, bəs azanla səhur arasında nə qədər vaxt keçdi? O dedi: Əlli ayə oxunan qədər»[17].
Azan eşidilərkən əldə olan yemək və içməyi tamamlamaq olar. Demək Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kimsə əlində yemək qabı olduğu halda azanı eşitsə, ehtiyacı olan qədər yemədikcə qabını yerə qoymasın»[18].
2. Boş-boş, əxlaqsız danışıq və s. bu kimi oruca zidd olan əməllərdən uzaq olmaq:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «...Sizlərdən kimsə oruc tutduğu gün, pis sözlər danışmasın, səsini yüksəldib qəzəblənməsin və cahil əməlləri etməsin[19]. Əgər kimsə onu söysə, yaxud onunla savaşmaq istəsə iki dəfə, “mən orucam” – desin...»[20].
Əbu Hureyrə (Allah ondan razı olsun) digər rəvayətdə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim yalan danışmağı və ona əməl etməyi, cahilliyi tərk etməzsə Allahın, onun yeməyini və içməyini tərk etməsinə, ehtiyacı yoxdur»[21].
3. Xeyirxah işlər görmək və Quran oxumağı öyrənib, öyrətmək:
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanların ən xeyirxahı idi. O, Ramazan ayında mələk Cəbrayılla qarşılaşdıqda daha çox xeyirxah olurdu. Ramazan ayı bitənə qədər mələk Cəbrayıl hər gün Peyğəmbərlə görüşürdü. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona Quranı oxuyurdu. Cəbrayıl onunla qarşılaşanda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sakit əsən faydalı küləkdən də xeyirxah olurdu»[22].
4. İftarı tezləşdirmək:
Səhl ibn Səəd (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «İnsanlar iftarı tezləşdirdikləri təqdirdə xeyir içərisində olacaqlar»[23].
5. Aşağıdakı hədisdə deyilənlərdən hər-hansı biri ilə iftar etmək:
Ənəs (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) (oruclu olarkən) namazı (məğribi) qılmadan öncə bir neçə yaş xurma ilə orucunu açardı. Əgər yaş xurma olmasaydı onda adi xurma ilə iftar edərdi. Əgər xurma da olmasaydı o zaman bir neçə qurtum su ilə iftar edərdi»[24].
6. İftar edərkən aşağıdakı hədisdə deyilən duanı oxumaq:
İbn Ömər (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) iftar edərkən belə deyərdi:
»ذهب الظمأ و ابتلت العروق و ثبت الأجر انشاء الله«
«Susuzluq getdi, damarlar islandı və inşallah savab da tam oldu»[25].
Oructutan hansı əməlləri edə bilər?
1. Sərinləmək üçün çimmək:
Əbu Bəkr ibn Əbdürrəhman, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzi səhabələrinin belə dediyini rəvayət edir: «Peyğəmbər əl-Ərac[26] adlı yerdə idi. O, oruclu olduğu halda susuzluqdan və ya isti havadan dolayı başına su tökürdü»[27].
2. Ağızı və burunu mübaliğə etmədən yaxalamaq:
Ləqit ibn Səburə (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Oruclu olmadığın vaxtlar, burnunu dərindən təmizlə»[28].
3. Qan aldırmaq (hicam etdirmək):
İbn Abbas deyir ki, «Peyğəmbər oruclu olduğu halda qan aldırdı»[29].
Bədən zəifliyinin baş verməsi ehtimal edildikdə qan aldırma bəyənilmir (məkruhdur). Sabit əl-Bunani deyir ki, Ənəs ibn Malikdən (Allah ondan razı olsun) soruşurlar: «Siz oruclu insanın qan aldırmasını bəyənilməyən hal (məkruh) sayırdınızmı? O deyir: Xeyr. Yalnız zəifləməkdən ehtiyat edirdik»[30].
4. Öz nəfsinə hakim olan kimsə həyat yoldaşını öpə və ya (cinsi yaxınlıq yox, adi) yaxınlıq edə bilər.
Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) oruclu olarkən qadınlarını öpür və adi yaxınlıq edirdi. Amma o sizin aranızda öz nəfsinə ən çox hakim olan idi»[31].
5. Sübh namazının vaxtı girəndə cənabətli olmaq:
Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) deyirlər ki, «Səhər açılanda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ailəsi ilə yaxınlıq etdiyi üçün cənabətli olur, sonra çimib orucunu tuturdu»[32].
6. Orucu açmadan, axşamdan səhərə qədər davam etdirmək:
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun), Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə eşitdiyini deyir: «Orucunuzu (iftar etmədən bir neçə günün orucunu) birləşdirməyin. Kim orucunu birləşdirmək istəsə onda səhərə qədər birləşdirsin. Səhbabələr dedilər: Ey Allahın elçisi, bəs sən oruclarını birləşdirirsən axı? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Mən sizin kimi deyiləm. Mən yatarkən məni yedizdirən və içizdirən var»[33].
7. Misvak, ətir, krem, sürmə, damcı dərman və iynədən istifadə etmək:
Oructutana bu şeylərdən istifadə etməyin icazəli olması bu haqda bir qadağa gəlməməsidir. Əgər oructutana bu kimi şeylərdən istifadə etmək haram olsaydı Allah və rəsulu bunu bəyan edərdi. «...Rəbbin unudan deyildir»[34].
[1] əl-Bəqərə: 185.
[2] Hədisin sənədi möhkəmdir. Beyhəqi: 4/ 230.
[3] Hədis səhihdir. Albani əl-İrva kitabında (4/ 19) hədisi Təbərinin (№ 2785) rəvayət etdiyini demiş və hədisin sənədinin Müslimin şərti əsasında səhih olduğunu qeyd etmişdir.
[4] Hədisin sənədi səhihdir. əl-İrva: 4/ 20. Darəqutni: 2/ 207/ 15.
[5] Ərəblərin milli yeməyidir. Bu yeməyin hazırlanmasında, ətdən, ət suyundan və çörəkdən istifadə olunur. (tərc.)
[6] Hədisin sənədi səhihdir. əl-İrva: 4/ 21. Darəqutni: 2/ 207/ 16.
[7] əl-Bəyyinə: 5.
[8] Buxari: 1/ 9/ № 1. Müslim: 3/ 1515/ № 1907. Əbu Davud: 6/ 284/ № 2186. Tirmizi: 3/ 100/ № 1698.İbn Macə: 2/ 1413/ № 4227. Nəsai: 1/ № 59.
[9] Bu məsələ haqda elm adamları fikir ayrılığındadırlar. Bəziləri hər gecə niyyət etməyin zəruriliyini demişlər. Digərləri isə Ramazan ayının əvvəlində bir dəfə bütün ayın orucuna niyyət etməyin kifayət etdiyini demişlər. Lakin hər halda ehtiyat üçün hər gün niyyət edilsə daha yaxşı olar. Onu da deyək ki, oruc tutanın hər səhər səhur etməsi onun niyyətinin əlamətidir. (tərc.)
[10] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6538. Əbu Davud: 7/ 122/ № 2437. Tirmizi: 2/ 116/ № 726. Nəsai: 4/ 196.
[11] əl-Bəqərə: 187.
[12] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6573. Buxari: 4/ 155/ № 1923.Müslim: 2/ 809/ № 1155. Hədis onun rəvayətinə əsasən verilmişdir. İbn Macə: 1/ 535/ № 1673. Tirmizi: 2/ 112/ № 717.
[13] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6243. Tirmizi: 2/ 111/ № 716. Əbu Davud: 7/ 6/ № 2363. İbn Macə: 1/ 536/ № 1676.
[14] Buxari: 4/ 163/ № 1936. Müslim: 2/ 781/ № 1111. Əbu Davud: 7/ 20/ № 2373.Tirmizi: 2/ 113/ № 720. İbn Macə: 1/ 534/ № 1671.
[15] Buxari: 4/ 139/ № 1923. Müslim: 2/ 770/ № 1095. Tirmizi: 2/ 106/ № 703. Nəsai: 4/ 141. İbn Macə: 1/ 540/ № 1692.
[16] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2945. İbn Hibban: 8/ 253/ № 3476.
[17] Buxari: 4/ 138/ № 1921. Müslim: 2/ 771/ № 1097. Tirmizi: 2/ 104/ № 699. Nəsai: 4/ 143. İbn Macə: 1/ 540/ № 1694.
[18] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 607. Əbu Davud: 6/ 475/ № 2333. Hakim: 1/ 426.
[19]Kitabın müəllifi hədisin tərkibində, و لا يصخب و لا يجهل (səsini yüksəldib qəzəblənməsin, cahil əməlləri etməsin) sözlərini bir hədisin sözü kimi qeyd etmişdir. Amma əslində (səsini yüksəldib qəzəblənməsin) sözləri bir, (cahil əməlləri etməsin) sözləri isə digər hədisdə qeyd olunmalıdır. (tərc.)
[20] Bu hədisdən bir hissədir. Hədisin tam variantını əvvəldə qeyd etmişdik. Buxari: 4/ 118/ № 1904. Müslim: 2/ 807/ № 1151, № 1163. Nəsai: 4/ 163.
[21] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: № 921. Buxari: 4/ 116/ № 1903. Əbu Davud: 6/ 488/ № 2345. Tirmizi: 2/ 105/ № 702.
[22] Buxari: 1/ 30/ № 6. Müslim: 4/ 1803/ 2307.
[23] Buxari: 4/ 198/ № 1957. Müslim: 2/ 771/ № 1098. Tirmizi: 2/ 103/ № 695.
[24] Həsənun Səhih. əs-Silsilətus Səhihə: № 2065. Əbu Davud: 6/ 481/ 2339. Tirmizi: 2/ 102/ № 692.
[25] Duanın ərəbcəsi belədir: «Zəhəbə -z- əmau, vəbtəllətil uruq, və səbətəl əcru inşəllah». Hədis həsəndir. Səhih Sünən Əbu Davud: № 2066. Əbu Davud: 6/ 482/ 2340.
[26] Mədinə şəhərinin yaxınlığında yerləşən kənd adıdır.
[27] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 2072. Əbu Davud: 6/ 492/ № 2348.
[28] Hədis səhihdir: Səhih Sünən Əbu Davud: № 129. Əbu Davud: 1/ 236/ № 142.
[29] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 2079. Buxari: 4/ 174/ № 1939. Əbu Davud: 6/ 498/ № 2355. Tirmizi: 2/ 137/ № 772. Amma onun rəvayətində bu sözlər əlavə olunur: «...ehramda olarkən...»
[30] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: № 947. Buxari: 4/ 174/ № 1940. Qan vermək də, qan aldırmaq hökmündədir. Əgər qanverən şəxs bədəninin zəifləyəcəyindən ehtiyatlanarsa bunu gündüz vaxtı etməsin. Yalnız qaçılmaz hallarda bunu edə bilər.
[31] Buxari: 4/ 149/ № 1927. Müslim: 2/ 777/ № 1106. Əbu Davud: 7/ 9/ № 2365. Tirmizi: 2/ 116/ № 725.
[32] Buxari: 4/ 143/ № 1926. Müslim: 4/ 779/ № 1109. Əbu Davud: 7/ 14/ № 2371. Tirmizi: 2/ 139/ № 776.
[33] Hədis səhihdir: əs-Silsilətus Səhihə: № 269. Buxari: 4/ 208/ № 1967. Əbu Davud: 6/ 487/ № 2344.
[34] Məryəm: 64.
Mənbə: Əbubəkr Məscidi
© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com















