Məscidimizin imamı ilə son fitnələr barədə müsahibə
- Ümumiyyətlə, müsəlmanlar təkfir və ya cihad camaatı ilə son zamanlar çox maraqlanırlar, bunlar kimlərdir? - Bunlar bidət və zəlalət əhli olan bir firqədir. Əsasən, təkfir val hicra camaatı Misirdə əmələ gəlib, İslam pərdəsi altında gizlənmiş və “İslam qardaşları” təşkilatından ayrılmış bir siyasi xətdir. Məqsədləri isə yalnız hakimiyyətdir. Ona görə fikir vesəniz şəriətdə hər bir məsələni hakimiyyətə aid edib, ancaq bunun ətrafında təbliğatlarını edirlər. Ona görə də “lə ilahə illallah”-ın tərcüməsində deyirlər ki, hakim ancaq Allahdır. Taqut sözünü yalnız hakimə aid edirlər. Hansı ki, bu cümlə və kəlmələr daha geniş məna daşıyırlar.
- Bəs cihad camaatı bərədə nə demək olar? Onlar da təkfir camaatıdır?
- Xeyr, cihad camaatı təkfir camaatından bir az fərqlənir. Bu camaat Əfqanıstanda əmələ gəlib. O vaxt ki, Sovet hökumətinə müsəlmanlar qalib gəldilər, orda bir dəstə belə bir qərara gəldi ki, əgər biz bu boyda böyük bir ölkəyə qalib gəldiksə, deməli, bütün dünyaya qalib gələ bilərik. Ona görə də qərara alındı ki, cihad fikrini hər yanda yaymaq lazımdır, Allah kömək olacaq. Problem bundadır ki, bunlar cihad deyəndə, cihadın şəriət qoyduğu şərtləri nəzərə almırlar. Necə ki, təkfirçilər kimi. Bunlar da təkfir edəndə şəriət qoyduğu şərtlərə riayət etmirlər. Cihad camaatının əsas məqsədi cihad etmək və bu yolda şəhid olmaqdır. Baxmayaraq ki, kənardan şəhid olmaq yaxşı görsənir, çünki bu şərəfə nail olmaq hər bir müsəlmanın arzusudur. Və ya təkfirçilərin deməyi ki, “Hökm Allahındır” və s. Bəli, hökm Allahındır. Sadəcə bir çox cavanlar şəritəi bilmədiklərinə görə bu cür şüarlara aldanırlar.
- Bunların dəvətdə üslublarını deyə bilərsinizmi?
- Təbii ki, dəvətləri yuxarıda qeyd etdiyim məsələlər ətrafındadır. Düzdür, hazırda təkfirçilər cihadçılardan irəlidədirlər. Çünki o vaxt ki, bəzi yerlərdə döyüşlər alınmadı, cihadçıların çoxu təkfirçilərə tərəf döndülər. Təkfirçilərə görə isə cihad vacib deyil, əsas hakimiyyətə yiyələnməkdir. Amma cihadçılarda isə əksinədir, əsas cihad və şəhid olmaqdır. Dəvətləri isə əsasən hissiyatlar və ya emosiyalar üzərində qurulub, məsələn, başlayırlar ki, baxın filan yerdə müsəlman qadınlara nələr edirlər, və ya bu ayələrə bax – Allah Təala əmr edir ki, hökm Allahındır, cihad et və s. Lakin ən birinci bunlar alimlər və elm tələbələrinə tənə edərək, çalışırlar ki, onları gözdən salsınlar. Çünki bilirlər ki, ağıllı adam nəsə aydın olmayan məsələni gedib alim və ya elm tələbələrindən soruşacaq. Ona görə də bunlar istəyirlər ki, onlara müraciət olmasın, çünki bunlar istəyən deyilməyəcək. Ona görə də bunlar şayiələr yayırlar ki, alimlər, elm tələbələri satqınlardır, şübhələr gətirirlər və ya alimlər bu məsələləri bilmirlər, və ya gizlədirlər, qorxurlar və s. Şəkk yoxdur ki, bunlar hamısı böhtandan başqa bir şey deyil.
- Son vaxtlar onlar yeni bir üsluba əl atıblar – böyük alimlər və elm tələbələrindən yarımçıq sitatlar gətirib, başqa mənalarda göstərmək istəyirlər, buna münasibətiniz.
- Bəli, bu üslublarından biridir, bu onu göstərir ki, nə deyirlərsə, yaxşı effekt vermir. Ona görə də yeni üslublara əl atırlar.
- Məsələn, deyirlər ki, siz şəriəti istəmirsiniz...
- Bunu deyənin ya ağlı yoxdur, ya da qərəzlidir. Məgər elə bir müsəlman varmı ki, şəriəti istəməyə? Sadəcə onlar elmin dilini bilmirlər. Ona görə də bəzi cümlələri başqa cür başa düşürlər. Hətta peyğəmbər (s.a.v.) şəriəti dərhal, birdən-birə tətbiq etməyib, bu yavaş-yavaş olub, bizim dediyimiz də budur.
- Və ya deyirlər ki, siz demisiniz ki, “kim desə ki, Azərbaycan darul-küfrdür, onun özü kafir olur.”
- Bu da həmçinin, əvvəlki kimi yalan və böhtandan başqa bir şey deyil, çünki hamı bilir ki, mən təkfir etməyin əleyhinəyəm. Burda bir neçə ehtimal ola bilər, bu ya qurmadır, montajdır, və ya mənim fikrimi yarımçıq kəsiblər ki, tam nə dediyim bilinməsin. Bu üslubu hətta bəziləri Quranla edə bilərlər, məsələn, bir namaz qılmayan o ayəni gətirə bilər ki, Allah Təala deyib ki, “Vay halına o namaz qılanların...” (Məun, 4). Məlumdur ki, bu ayədən sonrakı ayə bildirir ki, hansı namaz qılanlardan söhbət gedir. Və ya belə fərz edək ki, mən xəta etmişəm. Yəni məgər mən xəta edə bilmərəm? Xüsusən də əgər hamı bilirsə ki, mən təkfir etməyin əleyhinəyəm. Lakin ola bilər ki, insan qəzəbindən, sevincindən, və ya hansısa bir halda nəsə desin. Bu halda ona heç günah yazılmır.
- Bəs bunların belə etməkdə məqsədləri nədir?
- Məqsədləri budur ki, camaatı alim və elm tələbələrindən şübhələrlə uzaqlaşdırmaq, guya ki, onlar bilmirlər, onlar qorxaqdırlar və ya nəyisə gizlədirlər, və ya yalançılardır. Sadəcə çalışmaq lazımdır ki, müsəlmanlar belə fikirlərə uymasınlar və elm öyrənsinlər və bilmədikləri məsələlərə girişməsinlər və Allah yoluna səbirlə dəvət etsinlər. Yuxarıda qeyd etdiyimiz fikirlər göz qabağında olduğu kimi ancaq islamın dəvətinin qarşısını almaq və müsəlmanalrı zəlalətə aparmaqdır. Allah bizləri sələfin yolunda sabit etsin.
MƏNBƏ: ƏBU BƏKR MƏSCİDİ
© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com















