Qeyri İslami bayramlara görə təqdim olunan hədiyyələrin qəbul edilməsi
Bu günlərdə belə bir sual olunur ki, qeyti islami bayramlara görə təqdim olunan hədiyyəni qəbul etmək olarmı?İlk olaraq demək olar ki, ümumiyyətlə kafirin təqdim etdiyi hədiyyəni qəbul etmək olar. Bu bir növ, kafiri İslama isinişdirmək xarakteri daşıyır. Necə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzi kafirlərin, məsələn, Muqavqis kimi kafir kralın və digərlərinin hədiyyəsini qəbul etmişdi.... Ardı >>>
İmam Buxari də öz səhih əsərində fəsillərdən birinin adını belə qoymuşdur: «Müşriklərin təqdim etdiyini hədiyyənin qəbul edilməsi fəsli».
Daha sonra Buxari belə bir hədis rəvayət etmişdir: Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: İbrahim (ona Allahın salamı olsun) Sara ilə hicrət etdi və zalım hökmdarı olan bir diyara daxil oldu və dedi: Ona hədiyyə verin.
Həmçinin Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zəhərləndirilmiş qoyun hədiyyə etmişdilər.
Əbu Humeyd demişdir: Əylə vilayətinin kralı Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ağ rəngli qatır və paltar hədiyyə etmişdi.
Daha sonra İmam Buxari (Allah ona rəhmət etsin) yəhudi qadının Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zəhərli qoyunu hədiyyə olaraq təqdim etməsi barədə rəvayəti qeyd etmişdir.
İkinci hal kimi onu demək olar ki, müsəlman kafir və ya müşriki İslama isinişdirmək üçün ona hədiyyə təqdim edə bilər. Ələlxüsus həmin adam yaxın qohum və ya qonşu olarsa. Belə ki, Ömər (Allah ondan razı olsun) Məkkədə yaşayan müşrik qardaşına paltar hədiyyəsi göndərmişdi. (Buxari: № 2619).
Amma kafirə onların bayramlarında hədiyyə göndərmək olmaz. Çünki bu, müsəlman üçün batil bayram sayılan bir bayrama şərik olmaq və bununla razılaşmaq anlamındadır. Əgər həmin vaxt təqdim etdiyi hədiyyə: məsələn, yemək, şam və s. kimi şeylər – onların bayramlarına daha da rəvac verirsə etdiyi əməl daha da haramdır. Hətta bəzi elm adamları bunun küfr olduğunu belə demişlər.
Zeyləi, Hənəfi məzhəbindən bəhs edən "Təbyinul Həqaiq" adlı kitabında (6/ 228) demişdir: «Növruz və ya digər bayram adı ilə hədiyyə vermək olmaz. Yəni, bu iki günün adı ilə kiməsə hədiyyə vermək haramdır, hətta küfrdür. Əbu Hafs əl-Kəbir (Allah ona rəhmət etsin) demişdir: Əgər bir nəfər əlli il Allaha ibadət edər, sonra novruz gününü əzəmətləndirmək üçün bəzi müşriklərə yumurta hədiyyə edərsə o adam artıq küfr etmişdir, əməli batil olmuşdur. Cəmi əl-Əsğər kitabının müəllifi demişdir: Əgər novruz gününü təzim etmək niyyəti olmadan, adət olaraq digər müsəlmana hədiyyə edərsə bununla küfr etməz. Amma gərək o bunu həmin gündə deyil, ya ondan əvvəl, ya da sonra etsin ki, bununla özünü həmin insanlara bənzətməsin. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Kim özünü bir tayfaya oxşadarsa, o da onlardandır». Cəmu əl-Əsğər kitabında da belə demişdir: «Kimsə novruz günü əvvəllər almadığı bir şeyi alarsa və məqsədi bu günü müşriklər kimi təzim etmək olarsa küfr edər. Yox əgər məqəsədi yemək-içmək, qidalanmaq olarsa küfr etməz». Zeyləinin sözü bitdi.
Həmçinin Maliki məzhəbindən bəhs edən, "Ət-Tac və əl-İklil" adlı əsərdə (4/319) deyilmişdir: İbn əl-Qasim kafirə, onun bayramında hədiyyə verilməsini məkruh saymışdır. Həmçinin yəhudiyə onların bayramlarına görə xurma ağacının yarpağını da vermək olmaz". Sitatın sonu.
Hənbəli məzhəbinin kitablarında sayılan "əl-İqna" adlı kitabda deyilir: «Yəhudi və xaçpərəstlərin bayramlarını qeyd etmək, bayrama görə onlara nəsə satmaq və hədiyyə etmək haramdır» Sitatın sonu.
Hətta belə bir bayrama görə müsəlmanın müsəlmana hədiyyə verməsi düzgün deyildir. Bu haqda hənəfi məzhəbinin alimlərindən sitatlar qayd etmişdik.
Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: «Kim digər vaxtlardan fərqli olaraq belə bayramlarda məsəlmana (qeyri adi) hədiyyə (səməni və s.) təqdim edərsə onun hədiyyəsi qəbul olunmaz. Ələlxüsus əgər həmin hədiyyə ilə onlara özünü bənzədirsə daha da qadağandır. Məsələn, milad bayramında şam hədiyyə etmək, yaxud onların oruclarının sonuncu cümə axşamısında yumurta, süd və qoyun hədiyyə etmək kimi. Həmçinin belə bayramlarda, bayrama görə digər müsəlmana hədiyyə vermək olmaz. Ələlxüsus əgər həmin hədiyyə ilə onlara oxşayırsa qadağandır». İqtida Sirat əl-Müstəqim: 1/ 227.
Üçüncü hal kimi isə demək olar ki, kafirlərin bayramında onların hədiyyəsini qəbul etmək olar. Bu, həmin bayramda onlara şərik olmaq, bayramı etiraf etmək sayılmır. Bu sadəcə olaraq yaxşılıq baxımından, İslama isinişdirmək və mülayimlik üçün qəbul olunan hədiyyə sayılır. Uca Allah, müsəlmanlara qarşı döyüşməyən kafirlə xoş və ədalətli davranmağa icazə vermiş və demişdir: «Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!» (əl-Mumtəhinə: 8).
Lakin bu yaxşılıq və ədalət onlara sevgi bəsləmək demək deyil. Belə ki, kafiri sevmək, əzizləmək, dost və ya sirdaş tutmaq olmaz. Uca Allah buyurur: «(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır». (əl-Mücadələ: 22).
Digər ayədə isə belə buyurur: «Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Quranı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz).» (əl-Mumtəhinə: 1).
Digər ayədə deyilir: «Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik.» (Ali İmran: 118).
Həmçinin digər ayədə deyilir: «Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə (dünyada da, axirətdə də Onun əzabından heç bir) kömək olunmaz! » (Hud: 113).
Həmçinin demişdir: «Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!» (əl-Maidə: 51).
Bu və digər ayələr kafiri dost tutmağın və onu özünə sirdaş etəyin haram olmasını göstərir.
Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: Onların bayramlarında təqdim etdikləri hədiyyələrin qəbul edilməsi məsələsinə gəldikdə, bu haqda Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət nəql etmişdik ki, ona növruz hədiyyəsi verilmiş və o da bunu qəbul etmişdir.
İbn Əbu Şeybə rəvayət edir ki, bir qadın Aişədən (Allah ondan razı olsun) soruşur ki, bizim atəşpərəst südverən bir xidmətçimiz var. Onların bayramları olanda onlar bizə hədiyyə təqdim edirlər. Aişə dedi: O gün üçün kəsilmiş heyvan ətindən yeməyin, amma onların ditkilərindən hazırlanmış qidaları isə yeyin.
Əbu Bərzədən (Allah ondan razı olsun) rəvayət olunur ki, onun atəşpərəst sakinləri var idi. Onlar novruz və muhrəcan bayramlarında ona hədiyyə edərdilər. O isə ailəsinə deyərdi: orada olan meyvələrdən yeyin. Qalanından isə imtina edin.
Bütün bunlar göstərir ki, bayram, onların hədiyyələrinin qəbul edilməsinə təsir etmir.
Onların hədiyyələrinin təqdim edilməsində bayram və qeyri bayram gününün heç bir fərqi yoxdur. Çünki bu halda onların küfr əməllərinə heç bir köməklik yoxdur..."
Daha sonra İbn Teymiyyə (Allah ona rəhmət etsin) bəyan edir ki, kitab əhlinin kəsdikləri halal olsa da, onların bayram üçün kəsdiklərini yemək olmaz. Sitatda deyilir: "Kitab əhlinin bayramlarında, onların bayram üçün kəsmədikləri (ət) yeməklərindən yemək olar. Bunu istər alıb, istər də hədiyyə kimi əldə edib yesə olar. Atəşpərəstlərin kəsdiklərinə gəlincə əksəriyyət bunların haram olması qənaətindədirlər. Amma əhli kitabın Allahdan başqasına ibadət olaraq öz bayramları üçün kəsdikləri ətlərə gəlincə, bunlar müsəlmanların Allah üçün kəsdikləri qurban və hədiyyələr kimidir. Buna onların İsa və Zuhəra üçün kəsdikləri heyvanları misal çəkmək olar. Bu haqda İmam Əhməddən iki rəvayət vardır: Daha məşhur rəyinə görə belə ətləri yemək olmaz. Hətta əgər heyvanı kəsəndə Allahdan başqasının adını çəkməsə də yenə olmaz. Bunun qadağan olunması Aişədən və Abdullah ibn Ömərdən də nəql olunmuşdur..." İqtida Sirat əl-Müstəqim: 1/ 251.
Son olaraq demək olar ki, qeyri islami bayramlara görə verilən hədiyyəni aşağıdakı şərtlərlə qəbul etmək olar:
1. Onların kəsdikləri heyvan bayram üçün kəsilən heyvan olmasın.
2. Təqdim olunan hədiyyə ilə onlara oxşamaq olmasın. Məsələn, yumurta, şam, səməni və s. olmasın.
3. Bu hədiyyəni qəbul etməklə yanaşı öz övladlarına İslamda dost və düşmən haqqında açıqlama verəsən ki, qoy belə batil bayramlar onun qəlbində yer almasın.
4. Qəbul olunan hədiyyə onların İslama isinişdirilməsi üçün olmalıdır.
5. Əgər hədiyyə qəbul olunası hədiyyə deyilsə o zaman ondan imtina olunmalı və bunun səbəbi ona açıqlanmalıdır. Məsələn demək olar ki, bizim sənin hədiyyəndən imtina etməyimizə səbəb kəsilən heyvanın bayram üçün kəsilməsidir. Biz isə belə əti yeyə bilmərik. Çünki şəriətimiz buna yol vermir. Yaxud demək olar ki, bu kimi hədiyyələri bayram keçirən insanlar qəbul edə bilərlər. Biz isə bu bayramı qeyd etmirik. Çünki şəriətimizdə bu bayram yoxdur. Bu bayramda bizim etiqadımızla düz gəlməyən məsələlər vardır. Və s. bu kimi cavablar vermək olar ki, həmin insanlar da islama isinişsinlər.
Hər bir müsəlman öz dini ilə fəxr etməli, izzətli olmalıdır. Dininin əhkamlarını tətbiq etməlidir. Kimdənsə utanaraq, yaxud özünü göstərərək bu əhkamlardan imtina etmək olmaz. Çünki uca Allahdan utanmaq daha gərəklidir.
Daha doğrusunu Allah bilir.
© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com















