Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının iclası keçirilmişdir
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, iyulun 17-də Baş nazir Artur Rasizadənin sədrliyi ilə Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının iclası keçirilmişdir.
İclasda Azərbaycan elmində islahatların aparılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 aprel tarixli sərəncamından irəli gələn vəzifələr müzakirə olunmuşdur. 2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiyanın və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı layihəsinin hazırlanması işinin gedişinə dair komissiya sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimovun məlumatı dinlənilmişdir.
Müzakirələrdə çıxış edən komissiya üzvləri hazırlanan sənədlərin əsas istiqamətlərini məqbul sayaraq, onların daha da təkmilləşdirilməsinə dair bir sıra təkliflər irəli sürmüşlər.
Sonda komissiyanın işçi qrupuna tapşırılmışdır ki, elmin inkişafına dair Milli Strategiyanın və onun həyata keçirilməsi üzrə Dövlət Proqramının layihəsi üzərində işləri bir ay müddətində başa çatdıraraq Dövlət Komissiyasına təqdim etsin.
Xalq qəzeti, 19 iyul 2008-ci il
© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




