“Allah qatında Arafa günündən daha fəzilətli gün yoxdur. Allah təala dünya səmasına enər və yer əhli ilə göy əhlinə qarşı fəxr edərək deyər:
“Qullarıma baxın! Pərişan bir vəziyyətdə, toz və tər içində uzaq yoldan Mənə gəldilər.
Rəhmətimi umurlar, halbuki əzabımı görmədilər” Zamanlar içindən zamanları, məkanlar içindən məkanları seçib yüksəldən sonsuz mərhəmət sahibi Allaha həmd olsun! Allah yeri və göyləri yaratdığı andan zamanlar içində Zil-Hiccə ayını, məkanlar içində də Məkkə və onun ətrafını haram elan etmişdir.
Haram — qadağan olunmuş, qorunmuş, toxunulmaz dərəcəyə malik olmaq mənalarını daşıyır. Yəni, bu aylara və məkanlara sayğısızlıq, hörmətsizlik göstərməklə bunların məhrəmiyyət sərhədini aşmaq, haram pərdəsini yırtmaq yol verilməz dərəcədə qadağandır. Bu aylar və məkanlar xüsusi ehtiram, sayğı, təzim göstərilməsi gərəkən möhtərəm zaman və məkanlardır.






