Hər cür, o cümlədən də yolunda qurban kəsməklə ibadət edilməyə layiq olan Allaha həmd olsun. Məlum olduğu kimi, Allah ona yaxınlaşmaq, Ona ibadət etmək üçün cürbəcür yollar qoymuşdur. Bunlardan biri də Allah üçün bir heyvanı kəsməkdir. Allah rizası üçün, Allaha yaxınlaşmaq məqsədi ilə heyvan kəsmək dilimizdə “Qurban” olaraq bilinməkdədir. “Qurban” kəlməsi ərəb dilində “yaxınlaşmaq” mənasına gəlir. Şəriətdə isə İslam icazə verdiyi üsulla Allaha yaxınlaşmaq üçün ibadət məqsədi ilə edilən hər hansı bir ibadətdir. Bu mənada (Allaha yaxınlaşma mənasında) namaz qılmaq, oruc tutmaq, zəkat vermək, zikr etmək və s. ibadətlər hamısı Allaha yaxınlaşmadır (qurbandır). Məsələn, Rəsulullah (s) belə buyurur: “Ey Ka`b, oruc qalxandır, namazda yaxınlaşmadır (əs-salatu qurban).” (Buxari). Amma, ərəb dilində “udhiyyə” adlanan Allah üçün heyvan kəsmək digər ibadətlərdən fərqli olaraq daha çox Qurban adı ilə tanınmışdır. Bunun səbəbi bu ibadətin özünə məxsus qeyri-adiliyidir. Məsələn, bu ibadətlə insan ət əldə etmək kimi dünyalıq bir şey qazandığı halda eyni zamanda Allaha yaxınlaşmış olur. Amma namaz, oruc, həcc, zəkat, Quran oxumaq və s. kimi Allaha yaxınlaşdırıcı digər ibadətlərdə belə dünyalıq qazanc yoxdur. Quranda buna işarət edilmişdir.






