Uşaq və kölənin həcci:
Uşaq və dəliyə, həcc etmək vacib deyil. Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: «Üç insandan qələm qaldırılmışdır (etdiklərinin məsuliyyətindən azad olunmuşdur): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi büluğa çatana qədər»[1].
Köləyə də həcc etmək vacib deyil. Çünki o, öz ağasına xidmət etməklə məşğul olduğundan buna imkanı çatmır.
Əgər uşaq yaxud kölə həcc edərlərsə onların həcci məqbuldur. Lakin bu zaman edilən həcc, həddi büluğa yetişən uşağa və azad olunan köləyə fərz olunan həcci əvəz etmir.
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, bir qadın əlindəki uşağı qaldırıb Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) göstərdi və dedi: Bu uşağın həcci sayılırmı? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bəli. Sənin üçün də savab vardır»[2].
Digər rəvayətdə isə İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Əgər kimsə uşaq ikən həcc edərsə, həddi büluğa yetişəndən sonra yenidən həcc etməlidir. Həmçinin hər kimsə kölə ikən həcc edərsə, azad olunandan sonra yenidən həcc etməlidir»[3].






